Məhkəmə qərarları › İş №2-1(114)-2262/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2262/2025

19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2262/2025 19.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi və müddətsiz əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “qərarın ləğvi və müddətsiz əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Tibb Komissiyasının xx.xx.1995-ci il qərarına əsasən, İddiaçı barəsində “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınıb” səbəbli əlaqəsi göstərilmişdir.

2. İddiaçı cavadbeh Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixədən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə” əlaqədar təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya əlillik dərəcəsi müddətsiz verilmişdir. İddiaçı qeyd edir ki, xəstəliyi sağalan xəstəlik deyil, ona döş qəfəsinin sol yarısınn odlu dəlib keçən güllə yarasının nəticələri açıq hemonnevmotaraks, sol ağ ciyərin yuxarı payının zədələnməsi, 5-ci qabırğanın paravertebral xətt üzrə sınması, yaranın birincili cərrahi işlənməsi, açıq pnevtaraksın tikilməsi, hər iki plevra boşluqlarının drenajlanması, tənəffüs funksiyasınn İ-İİ dərəcəli pozulması diaqnozu təyin edilmişdir. Bu barədə 17 mart 1995-ci il tarixli şəhadətləndirmə sənədi mövcuddur və həmin sənəddə iddiaçı müharibə dövründə hərbi xidmətə yararsız olmağı qeyd edilmişdir. İddiaçı bildirir ki, bu tarixdən etibarən ona əlillik təyin edilmiş, bu tarixdən sonra 10 il ərzində hər il komissiyadan keçmiş, 2005-ci ildən etibarən ona ömürlük olaraq əlillik təyin edilmişdir. İddiaçı hesab edir ki, onun əlilliyi qanunsuz olaraq dayandırmış, halbuki əlilliyi davam edir. O, Birinci Qarabağ müharibəsində iştirak etmiş, Ağdərə, Ağdam istiqamətində gedən qızğın döyüşlərdə olmuş və düşmənin snayper gülləsi ilə döş qəfəsimdən ağır yaralanmışdır. Bununla əlaqədar ona “Müharibə Veteranı” adı verilmiş və Müharibə əlili dərəcəsi təyin edilmişdir. İddiaçı qeyd edir ki, hazırda vəziyyəti çox ağırdır. O, cavabdeh orqana müraciət etsə də, ona imtina cavabı verilmişdir.

4. Cavadbeh tərəfindən xx.xx.2025-ci il tarixdə “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron kabinetə yüklənmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı barəsində “tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2- 871/2025 nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktuba əsasən, İddiaçı əlillik vəziyyəti xx.xx.2004-cü il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X2 tərəfindən İddiaçı əlillik təyinatının saxta olması ilə əlaqədar Agentliyə xx.xx.2022-ci il tarixli, **********8 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan araşdırmadan sonra vətəndaşa dair mövcud əlilliyin əsassız ola biləcəyinə dair müəyyən şübhələr yaranmışdır. Bundan irəli gələrək, İddiaçı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli bildiriş məktubu əsasında xx.xx.2022-ci il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Vətəndaşın əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində məktubu xx.xx.2024-cü il tarixində Agentliyə daxil olmuş və cavablandırılmışdır. Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - 14.10.2024-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində müddətsiz ikinci dərəcə əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə təyinat aparılmış, əmək zəmanət “yüngül işlərdə işləyə bilər”, xəstəliklərin beynəlxalq təsnifatı “XX sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.4 – Hərbi Əməliyyatlar nəticəsində odlu...”, diaqnoz “Döş qəfəsinin sol yarısını dəlib keçən odlu silah yarasının nəticələri. Açıq hemopnevmotoraks. Sağ ağ ciyərin yuxarı payının zədələnməsi, V qabırğanın sınığı. Hər iki plevra boşluğunun drenajlanması. TÇ İİ”, meyar “2.2 İkinci dərəcə əlillik => DİGƏR. Döş qəfəsinin sol yarısını dəlib keçən odlu silah yarasının nəticələri. Açıq hemopnevmotoraks. Sağ ağ ciyərin yuxarı payının zədələnməsi, V qabırğanın sınığı. Hər...” qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində xəstəliklərin beynəlxalq təsnifatı “XX sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu...”, diaqnozun mətni “Döş qəfəsinin sol yarısını dəlib keçən odlu silah yarasının nəticələri. Açıq hemopnevmotoraks. Sağ ağ ciyərin yuxarı payının zədələnməsi, V qabırğanın sınığı. Hər iki plevra boşluğunun drenajlanması. TÇ İİ”, mərkəzə göndərilmənin/ imtina edilmənin səbəbi “Tam reabilitasiya olması – Səbəb: Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir” qəbul edilmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2- 22958/2025 nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktuba əsasən, İddiaçı dair xx.xx.2024-cü il tarixində Agentliyə müraciət ərizəsi daxil olmuş və Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli yekun qərarı barədə xx.xx.2024-cü il tarixli, 3-17-4/2-B-30251/2024 nömrəli məktubla vətəndaş məlumatlandırılmışdır. Məktuba qoşma şəklində əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1687/2023 nömrəli qərarına əsasən, 23. Gəncə şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2004-cü il tarixdə 8 saylı Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (TSEK arayışının nömrəsi: 887334). Vətəndaşın məktub əsasında əyani komissiyaya dəvət olunmuş, əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 17 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Döş qəfəsinin sol yarısına nüfuz edən, dəlibkeçən odlu silah güllə yaralanması, açıq hemopnevmotoraksla, sol ağciyərin yuxarı payının zədələnməsi, paravertebral xətt boyu V qabırğanın sınığı bronxoplevral fistula ilə fəsadlaşması. Yaraların fistula ilə fəsadlaşması. Yaraların birincili cərrahi işlənməsi, açıq hemopnevmotoraksın tikilməsi, hər iki plevral boşluqların drenə olunması, tənəffüs funksiyasının mülayim dərəcədə pozulması (xx.xx.1995)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslik, öskürəkdən şikayətlənmişdir. Müayinə zamanı sol döş qəfəsin ön və arxa səthində çapıq toxumalar, ikitərəfli keçirilmiş əməliyyata (torakosintez) müvafiq yumşaq toxuma izlənilmişdir. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiyası (Sp02) 97-98%, nəbzi 75 vurğu müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. X5 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 15939 nömrəli Tibbi rəydə diaqnoz “Döş qəfəsinin sol yarısını dəlib keçən odlu silah yaralanması, açıq hemopnevmotoraksdan sonrakı hərəkət. Sağ ağ ciyərin yuxarı payının zədələnməsindən sonrakı vəziyyət” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X5 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 10645 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur. FVC 67%, FEV 1 69%” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

7. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, Gəncə şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2004-cü il tarixdə 8 saylı Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (TSEK arayışının nömrəsi: 887334). Vətəndaşın məktub əsasında əyani komissiyaya dəvət olunmuş, əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli, 17 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Döş qəfəsinin sol yarısına nüfuz edən, dəlibkeçən odlu silah güllə yaralanması, açıq hemopnevmotoraksla, sol ağciyərin yuxarı payının zədələnməsi, paravertebral xətt boyu V qabırğanın sınığı bronxoplevral fistula ilə fəsadlaşması. Yaraların fistula ilə fəsadlaşması. Yaraların birincili cərrahi işlənməsi, açıq hemopnevmotoraksın tikilməsi, hər iki plevral boşluqların drenə olunması, tənəffüs funksiyasının mülayim dərəcədə pozulması (xx.xx.1995)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslik, öskürəkdən şikayətlənmişdir. Müayinə zamanı sol döş qəfəsin ön və arxa səthində çapıq toxumalar, ikitərəfli keçirilmiş əməliyyata (torakosintez) müvafiq yumşaq toxuma izlənilmişdir. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiyası (Sp02) 97-98%, nəbzi 75 vurğu müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. X5 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 15939 nömrəli Tibbi rəydə diaqnoz “Döş qəfəsinin sol yarısını dəlib keçən odlu silah yaralanması, açıq hemopnevmotoraksdan sonrakı hərəkət. Sağ ağ ciyərin yuxarı payının zədələnməsindən sonrakı vəziyyət” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X5 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 10645 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur. FVC 67%, FEV 1 69%” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. İş üzrə ekspertizasının keçirilməsini və eyni zamanda iddiaçının əlill olmamasının nəzərə alınaraq, iddanın rədd edilməsi xahiş edilmişdir.

8. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlara oxşar izahat verərək, cavabdeh orqanın imtinasının əsassız olduğunu, maddi vəziyyət cəhətdən əziyyət çəkdiyini və sağlamlığında ciddi problemlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəfindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verilməmişdir.

10. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

11. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-871/2025 nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-22958/2025 nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər;

Əsaslandırma hissəsi:

12. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

14. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmədən məhkəməyə müraciət etmişdir.

15. Belə ki, hazırda cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilsə də, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-4/2-22958 saylı məktubada qəbul edilmiş qərar barədə xx.xx.2024-cü il tarixli, 3-17-4/2-B-30251/2024 nöməli məktubla məlumat verdiliyini bildirmişdir (qeyd edilən məktubun iddiaçıya təqdim edilməsi barədə heç bir sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir). Cavabdehin iddiaçını məlumatlandırıdığını qeyd etdiyi xx.xx.2024-cü il tarixdən müddətinin axımının başlanmasını məhkəmə əsalı hesab edir. Belə olan halda isə məhkəmə iddiaçının iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına qəbul edilməsini nəzərə alaraq onun qanunla müəyyən edilmiş 30 gün şikayət müddətinin ötürmədiyini müəyyən edir

16. İddia mümkün iddia olmaqla, həm də əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. - 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

19. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur.

20. Başqa sözlə, qanunvericilik cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

21. Hazırkı işdə isə, hər iki hal öz təsdiqin tapmır. Belə ki, cavabdeh məhkəməyə təqdim etdiyi sənədlərdə xx.xx.2023-cü il tarixdə iddiaçının əyani müayinəyə cəlb olunduğunu bildirsə də, iddiaçı izahatında sadəcə güllənin giriş və hissələrinə baxıldığı bildirmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icraat materiallarında da, iddiaçının müayinəyə cəlb edilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Qeyd edilən hal özü də onu sübut edir ki, iddiaçı barəsində mövcud olan inzibati akt dəyişdirilərkən, inzibati orqan iddiaçını əyani müayinəyə cəlb etməmişdir.

22. Bundan əlavə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.

23. Cavabdehin mövqeyinə görə xx.xx.2022-ci il tarixdə müddətsiz ikinci dərəcə əlilliyi təyin edilmiş iddiaçının əlilliyinə şübhə yaradan hal X1 xx.xx.2022-ci il tarixli, **********8 nömrəli ərizəsində iddiaçının əlilliyinin əsassız olması barədə müraciətinin olmasıdır. Məhkəmə hər hansı üçüncü şəxsin iddiaçının əlilliyinin olmaması barədə müraciətini “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut” kimi qəbul etmir.

24. Göründüyü kimi, araşdırmanın nəticəsindən asılı olaraq cavabdeh qurumun şəxsə təyin etdiyi əlilliyin onun tam reabilitasiya olması ilə əlaqədar imtinası ilə bağlı icraatın lazımi qaydada aparıldığı müəyyən olunmur.

25. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tam reabilitasiya olunması da təkcə cavabdehin mövqeyi ilə sübut edilməyə çalışılmış, bunu təsdiq edən tibbi sənədlər mövcud olmamışdır. Həmin halın mövcudluğu da, yəni iddiaçının sağalması da cavabdehin qərarlarının və faktiki xarakterli hərəkətlərinin qanunsuzluğu halının dəyişməcəyi qənaətinə gəldiyindən bu istiqamətdə əlavə araşdırma aparmamış, tibbi ekspertizasının təyininə zərurət müəyyən edilməmişdir. 26.Həmçinin məhkəmə hesab edir ki, cavabdeh iddiaçının dövlət orqanı tərəfindən qəbul edilmiş xx.xx.2004-cü il tarixli qərara münasibətdə etimad hüququ qorunmamışdır.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

28. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun tam reabilitasiya olunmasına dair cavabdehin xx.xx.2023-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarının ləğv edilməsinə və ona xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsinə nail olmaqdan ibarətdir.

29. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya xx.xx.2004-cü il tarixdən etibarən Azərbaycan Respublikası ərazi bötövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar – Y35-Y36-45-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar=>y36.4-Hərbi əməliyyatlar nəticəsində odlu... Döş qəfəsinin sol yarısını dəlib keçən odlu silah yarasının nəticələri. Açıq hemopnevmotoraks. Sağ aç ciyərin yuxarı payının zədələnməsi V qabırğanın sınığı. Hər iki plevra boşluğunun drenajlanması. TÇ İİ diaqnozu əsasında müddətsiz əlillik təyin edilmişdir. Daha sonra cavabdeh xx.xx.2022-ci il tarixli, **********8 nömrəli ərizənin İddiaçı barəsində olması ilə əlaqdar olaraq iddiaçının əlillik təyinatı barədə əsaslı şübhələr yarandığını əsas gətirərək onu xx.xx.2022-ci il tarixdə təkrar müayinəyə dəvət etmiş və müayinənin nəticəsi olaraq xx.xx.2023-cü il tarixindən etibaren "Tam reabilitasiya olunması" barədə qərar qəbul etmişdir.

30. Nəzərə almaq lazımdır ki, müddətsiz əlilliyin təyin olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın mümkün olmadığının qəbul edilməsidir. Belə yanaşma, bir tərəfdən, şəxsin mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlillik təyin olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz təyin olunması həm dövlət orqanlarının və həm də şəxsin əlavə inzibati yükdən azad olunması məqsədlərinə xidmət edir.

31. 23. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dairƏsasnamə” 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

32. Yuxarıda istinad edilən normalara əsasən, qanunvericilik şəxsə ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlilliyin isə fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda, ona müddətsiz əlilliyin təyin olunması imkanını təsbit etmişdir. Yəni qanunvericilik müəyyən müddət ərzində fasiləsiz olaraq ikinci və ya üçüncü dərəcə əlillik təyin edilmiş şəxslərin reabilitasiya imkanlarının tükəndiyini və onların təkrar müayinəyə cəlb edilməsi zərurətinin aradan qalxması imkanını nəzərə alır. Bununla da qanunverici, bir tərəfdən şəxsi təkrar müayinələrlə bağlı yükdən və stresdən (xüsusən də onların səhhəti ilə bağlı həssas vəziyyəti nəzərə alındıqda), digər tərəfdən isə, dövləti reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edir.

33. Bu baxımdan, müddətsiz əlilliyin təyini üçün əsasların mövcudluğunun hər bir halda yenidən yoxlanılması bu qərarın 32-ci bəndində qeyd olunmuş hüquqi mövqeyə, həmin institutun mahiyyətinə, şəxsin hüquqi təhlükəsizliyinin və etimad hüququnun qorunması ilə bağlı prinsiplərin tələblərinə zidd olardı.

34. Məhkəmə, eyni zamanda, qəbul edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə etimadın qorunması hüququna istisna edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 67.6-cı maddəsində qeyd edilən hallarla bağlı heçbir sübut məhkəməyə təqdim edilməmişdir.

35. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

36. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tərəfindən məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya əlilliyin təyin edilməsi barədə cavabdehin xx.xx.2004-cü il tarixli qərarı qüvvədə və etibarlıdır.

37. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

38. Təyin olunmuş əlilliyin ləğvini və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunmasını şərtləndirən qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan bu qərarın 34-cü bəndində qeyd olunmuş qaydada davranmağa borcludur. Fərqli yanaşma, eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

39. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

40. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)-341/2025 nömrəli qərarında da əks etdirilmişdir.

41. AR İPM-nin 52-ci maddəsinin tələbindən də göründüyü kimi məhkəmə iddianın ifadə tərzi ilə bağlı deyildir. Bu zaman iddianın məzmununa və iddiaçının hüquqi marağına uyğun olaraq xx.xx.2023-cü il tarixli cavabdehin tam reabilitasiya olunmaya dair qərar kimi qeyd etdiyi elektron sistem üzərindən aparılmış faktiki xarakterli hərəkətinə də münasibət bildirilə bilər. Məhkəmə də hesab edir ki, tam reabilitasiya olunmaya dair istər qərar olsun, istər hərəkət qanunsuz və əsassız olmuşdur.

42. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə” əlaqədar təyin edilmiş ikinci dərəcəli müddətsiz əlillik xx.xx.2023-cü il tarixədən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

42. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarı ləğv edilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə” əlaqədar təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixədən bərpa edilməsi öhdəliyi cavabdeh "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar