Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2265/2021 13.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi və yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.09.1975-ci il tarixdən – 03.02.1976-cı il tarixədək Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının Bərdə rayon filialının Bərdə rayon Nəcəfqulubəyli kəndində qarışıq mallar mağazasında müdir-satıcı vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X2 DSMF-un X4 sistemindən çıxarışı məhkəməyə təqdim edərək bildirmişdir ki, 23.11.2021-ci il tarixli qərarla iddiaçıya 259.78 manat pensiya təyin olumuşdur. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş DSMF-un X4 sistemindən çıxarışı nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi DSMF-un X4 sistemindən çıxarışdan görünür ki, hazırkı mübahisə ilə bağlı cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. İşə əlavə olunmuş X4 Sistemindən çıxarışdan görünür ki, İddiaçı 23.11.2021-ci il tarixdən yaşa görə müddətsiz pensiya təyin edilərək hər ay 259.78 manat ödənilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Hazırkı mübahisədə də cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15, 55, 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi və yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2265/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2265/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver