Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-227/2022 23.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı X1 və etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 iştirakı ilə Cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial tabeliyində Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinə) qarşı sosial müavinatın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə 03.06.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 23.06.2015-ci il tarixli 2(005)-1776/2015 saylı qətnaməsi əsasında 05.08.2015-ci il tarixdə övladlığa verilmiş 20.05.2009-cu il təvəllüdlü X14 barədə 160 manat sosial müavinətin təyin edilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidenti 24.11.2020-ci il tarixli “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanının onlara şamil olunmasına bair qərar qəbul edilməsini və bu qərarın icrasının cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 21.06.2021-ci il tarixli 2-1(114)-1326/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı sosial müavinatın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial tabeliyində Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 21.06.2021-ci il tarixli 2-1(114)-1326/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial tabeliyində Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinə) qarşı sosial müavinatın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş baxılması üşün aidiyyatı üzrə Baki İnzibati Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin 21.06.2021-ci il tarixli 2-1(114)-1326/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 01.09.2021-ci il tarixli 2-1(104)-640/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin 21.06.2021-ci il tarixli 2-1(114)-1326/2021 nömrəli qərardadı ləğv edilməsi və iş materialının birinci istansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 23.06.2015-ci il tarixli 2(005)-1776/2015 saylı qətnaməsi əsasında 20.05.2009-cu il təvəllüdlü X14 iddiaçı və həyat yoldaşı X6 tərəfindən 05.08.2015-ci il tarixdə övladlığa götürülmüşdür. İndiyə qədər uşağı saxlamağa gücləri çatsa da, lakin indi həm əri gözdən əlildir, həm də özü işləmir, uşağın da ehtiyacları var və ailənin maddi çətinlikləri ilə bağlı Elşənin tələbatını təmin edə bilmirlər. Ailə ərinin 110 manat pensiyası ilə güclə dolanırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 23 fevral 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı X3 və etibarnamə üzrə nümayəndəsi (vəkil) X7 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, sosial müavinatın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial tabeliyində Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinə) nümayəndəsi X8 iddia tələbinə etiraz edərək tələbin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial tabeliyində Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin iddiaçıya ünvanladığı 13.04.2021-ci il tarixli **********5 nömrəli imtina məktubu; Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 23.06.2015-ci il tarixli 2(005)- 1776/2015 saylı qətnaməsinin surəti; 05.08.2015-ci il tarixli AZ-İİİ № 588082 doğum haqqında şəhadətnamənin surəti; İddiaçının əri X4 məxsus AZE 16276530 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; İddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; 05.08.2015-ci il tarixli AZ-İ № 010014 övladlığa götürmə haqqında şəhadətnamənin surəti. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, işin hallarından müəyyən olunduğu kimi iddiaçı Azərbaycan Respublikasının Prezidentinin 24 noyabr 2020-ci il tarixli “Sosial müavinətlərin məbləğinin artısılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərmanının 1-ci bəndinə əsasən övladlığa götürülən uşağa görə- 160 manat müavinətin təyin edilməsini rəhbət tutaraq Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 23.06.2015-ci il tarixli 2(005)-1776/2015 saylı qətnaməsi ilə övladlığa götürülmüş X15 üçün sosial müavinətin təyin edilməsini tələb etmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Bu Qanunun 4.0.1.14-cü maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət təyin edilir. Bu Qanunun 7.0.10-4-cii maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunur. Həmçinin bu Qanunun 9.1.11 -ci maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət - 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, İddiaçı 20.05.2009-cu il təvəllüdlü X11 Nərimanov rayon məhkəməsinin 23.06.2015-ci il tarixli 2(005)-1776/2105 nömrəli qətnaməsi ilə övladlığa götürdüyü üçün övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin iddiaçının övladlığa götürdüyü Əliyev Elşənə sağlamlıq imkanları məhdud uşaq, o cümlədən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaq, kateqoriyasına aid olmadığından, Qanunun 7.0.10-4-cü maddəsinin ona tətbiq edilməsi mümkün deyil. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinə əsasən: - valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni: - məlum olmayan; - valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; - uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; - uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ dərəcə əlilliyi olan şəxs olan 18 yaşınadək şəxslərdə valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Göründüyü kimi, qanunvericilik bu məsələ üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit etdiyindən (valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürmüş şəxs, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürmüş şəxs) iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından, ona bu müavinətin təyin edilməsi və ödənilməsi mümkün deyildir. Buna görə də İddiaçı “övladlığa götürülən uşağa görə müavinət təyin edilməsi" barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq” və “hüquqi müəyyənlik" prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial tabeliyində Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinə qarşı övladlığa götürülən uşağa görə müavinatın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial tabeliyində Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinə) qarşı sosial müavinatın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-227/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-227/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver