Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2272/2024 01.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 186 nömrəli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin və N nömrəli hərbi hissənin təşkilat ştat quruluşunda dəyişikliklərinin aparılması ilə əlaqədar olaraq yeməkxananın aşpazı X2 N nömrəli hərbi hissədən gəlmiş hesab edilməsi və müvafiq vəzifələrə təyin edilməsi (vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq) və 01 iyul 2018-ci il tarixdən vəzifələrinin icrasına başlaması əmr edilmişdir.
2. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1090 nömrəli arayışında göstərilmişdir ki, mülki işçi X3 həqiqətən xx.xx.2018-ci il tarixdən N nömrəli hərbi hissənin maddi-texniki təminat taqımının yeməkxanasında aşpaz vəzifəsində xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə N nömrəli hərbi hissənin madditexniki təminat taqımının tərkibində xidməti vəzifə borclarını yerinə yetirərək iştirak etmişdir.
3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 212 nömrəli əmrindən çıxarışa əsasən X1, maddi-texniki təminat taqımının yeməkxanasının aşpazı, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz əizəsi ilə) əsasən 30 iyul 2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilməsi əmr edilmişdir.
4. xx.xx.1987-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında X1 xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək N nömrəli hərbi hissənin əsgər yeməkxanasında baş aşpaz vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək N nömrəli hərbi hissənin əsgər yeməkxanasında aşpaz vəzifəsində, xx.xx.2023-cü il tarixdən hazırki tarixədək N nömrəli hərbi hissənin yeməkxanasında aşpaz vəzifəsində xidmət etdiyi qeyd olunmuşdur.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Katibliyinin xx.xx.2023-cü il tarixli 4/3-3984 nömrəli və xx.xx.2023-cü il tarixli 4/3-3984 nömrəli məktublarından görünür ki, təqdim olunmuş sənədlərdə mülki Leyla Quliyeva əmək müqaviləsi öz əmək funksiyasını yerinə yetirdiyinə və döyüş əməliyyatlarında iştirak etdiyinə görə xx.xx.2023cü il tarixli iclas protokoluna əsasən komissiya ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
6. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 2/2-1812 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş sənədlərdə əmək müqaviləsi öz əmək funksiyasını yerinə yetirdiyinə və döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər kAbinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.
7. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 162 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlərdə gedən "Vətən müharibəsi" zamanı döyüşlərdə iştirak etməsi, döyüşdə xəsarət (yaralanma, travma, kontuziya) alması, digər hərbi hissələrə ezam edilməsi, medallarla təltif olunması barədə müvafiq əmrlərlə təsdiq edilməmişdir. Həmçinin yuxarı komandanlıq tərəfindən verilən tapşırıq əsasında N nömrəli hərbi hissədə işləyən mülki işçilərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri Müdafiə Nazirliyinə göndərilmiş və Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən göndərilən 28 aprel 2023-cü il tarixli 4/3-3984 nömrəli məktubunda mülki işçi İddiaçı 44 günlük "Vətən müharibəsi" zamanı əmək müqaviləsi üzrə öz əmək funksiyasını yerinə yetirdiyinə görə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2024-cü il tarixli 2/25496 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş X3 barəsində N nömrəli hərbi hissə tərəfindən daxil olmuş arayış-məlumata komissiyanın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir.
9. Məhkəmənin sorğusu əsasında əldə edilmiş N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmiş mülki şəxs barəsində arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə)
1. İşlədiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə
2. Rütbəsi: mülki
3. Vəzifəsi: aşpaz
4. İşlədiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2018 Əmr 186
5. Döyüş əməliyyatlarına cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə): cəlb olunmayıb
6. İştirak etdiyi ərazilər: Tərtər rayonu, Qaradağlı kəndi
7. Hansı qismdə iştirak edib, həmin dövrdə döyüş üzrə tapşırıqlar ilə bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): Tərtər rayonu, Qaradağlı kəndində N nömrəli hərbi hissədə yerləşən 056, N nömrəli hərbi hissələrin, bölmələrinin qida ilə təmin olunması üzrə fəaliyyət göstərib
8. Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: xəsarət almayıb
9. Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi:
10. Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz):
11. İşdən azad olması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi):
12. Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı:
13. Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı): təltif olunmayıb II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müharibə veteranı adının və vəsiqəsinin verilməsi siyahısına ad və soyadının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2022ci il tarixədək N nömrəli hərbi hissənin yeməkxanasında aşpaz (mülki qulluqçu) kimi işləmişdir. 2020-ci ilin sentyabrın 27-dən noyabr ayının 10-dək Tərtər rayonunda yerləşən, ərazisi Tərtər rayonu, Suqovuşan, Talış kəndlərinidə əhatə edən N nömrəli hərbi hissənin yeməkxanasında aşpaz (mülki qulluqçu) kimi döyüş əməliyyatlarında maddi-texniki təminat dəstəyi verərək iştirak etmişdir. Tərtər rayonunda yerləşən digər hərbi hissələrin çoxlu sayda mülkü qulluqçusu müharibə veteranı və vəsiqəsi alsa da, onun bu hüququ məhdudlaşdırılmışdır. Bundan başqa bildirir ki, ona "Müharibə veteranı" statusunun və vəsiqəsinin verilməsi "Zəfər" alt sistemində qeyd edilsə də sonradan məlumat sistemindən silinmişdir. Bu barədə yaşadığı kəndin İcra nümayəndəsi də ona məlumat vermişdir. O, bir neçə dəfə Müdafiə Nazirliyinə müharibə veteranı və vəsiqəsinin verilməsi üçün müraciət etməyinə baxmayaraq Müdafiə Nazirliyi qanunsuz olaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
13. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəməyə ünvanladığı yazılı etirazda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
22. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında olan veteran komissiyasının xx.xx.2024-cü il tarixli 2/2-5496 nömrəli məktubu və ona əlavə edilmiş iddiaçının adına tərtib edilmiş digər sənədlərin surətindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılan “Vətən Müharibəsi”ndə Tərtər rayonunun Qaradağlı kəndində yerləşən N nömrəli hərbi hissənin tərkibində aşpaz vəzifəsində bölmələrin qida ilə təmin olunmasında fəaliyyət göstərmişdir. Həmçinin, həmin sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına cəlb edilməmişdir. Eyni zamanda, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan vəzifəsini icra etdiyi ərazi Tərtər rayonunun Qaradağlı kəndi olmuşdur. Göründüyü kimi, Tərtər rayonunun Qaradağlı yaşayış məntəqəsi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırki tələbində haqlı olmamışdır. Beləliklə, inzibati iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına cəlb edilməmiş, döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirməmiş və Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamış, yalnız xidməti vəzifələrini icra etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 186 nömrəli əmrindən çıxarış; - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1090 nömrəli arayışı; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 212 nömrəli əmrindən çıxarış; - xx.xx.1987-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Katibliyinin xx.xx.2023-cü il tarixli 4/3-3984 nömrəli və xx.xx.2023-cü il tarixli 4/3-3984 nömrəli məktubları; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 2/2-1812 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 162 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2024-cü il tarixli 2/25496 nömrəli məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmiş mülki şəxs barəsində arayış-məlumatı.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
26. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin yeməkxanasında aşpaz (mülki qulluqçu) kimi döyüş əməliyyatlarında maddi-texniki təminatında iştirak etdiyini əsas gətirməklə müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli 2/2-1812 nömrəli məktubla onun müraciətini təmin etməkdən imtina edərək, barəsində təqdim olunmuş sənədlərdə əmək müqaviləsi öz əmək funksiyasını yerinə yetirdiyinə və döyüş əməliyyatlarında iştirak etmədiyinə görə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 22 fevral 2023-cü il tarixli qərarı ilə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edildiyini bildirmişdir.
27. Lakin məhkəmə aşağıdakılara görə iddia tələbini əsassız sayır, cavabdehin imtinasını isə əsaslı hesab edir.
28. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd). Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda qeyd edilən 1-ci bəndinin 10-cu abzasının təhlilindən müəyyən edilir ki, 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş aşağıdakı şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: - Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: 1) Hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara; 2) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara; 3) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə və ya orqanların mülki işçilərinə; 4) Döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.
31. Qeyd olunan şəxslər dairəsini bir qədər də konkretləşdirərək məhkəmə qeyd edir ki, həmin siyahıya 3 kateqoriyadan olan şəxslər – 1) hərbi qulluqçular, 2) hərbi hissə və ya orqanların mülki işçiləri, 3) həmin ərazilərə ezam olunmuş şəxslər aiddir. Hansı ki, həmin şəxslərin də döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlər - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.
32. Hazırki işdə isə iddiaçının N saylı hərbi hissənin mülki işçisi kimi Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının maddi-texniki təminat növü üzrə tapşırıqları yerinə yetirməsi olunması müəyyən edilmir.
33. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçı N saylı hərbi hissənin mülki işçisi – aşpazı olmaqla, hərbi hissənin yerləşmə yeri olan Tərtər rayonu Qaradağlı kəndində N nömrəli hərbi hissədə yerləşən 056, N nömrəli hərbi hissələrin bölmələrinin qida ilə təmin olunması üzrə fəaliyyət göstərmiş, yəni Vətən Müharibəsi zamanı həmin hərbi hissədə öz vəzifələrini icra etmişdir. Yəni, hərbi hissələrin qida ilə təmin olunması onun əmək funksiyası (vəzifəsi) olmuş və bunu Tərtər rayonu Qaradağlı kəndində icra etmişdir.
34. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva