Məhkəmə qərarları › İş №2-1(114)-2273/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2273/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2273/2021 26.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı işə bərpa, işlədiyi dövr üçün əmək haqqının ödənilməsi və son haqq-hesab ödənilən günədək gecikdirilmiş hər gün üçün əlavə 2 faiz pul vəsaitinin hesablanaraq ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 25.10.2021ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 01.03.1997ci il tarixdən Samux rayon Təhsil Şöbəsində katıbə-makinaçı kimi əmək fəaliyyətinə başladığını, 02.01.2001-cı il tarixdən Samux rayon Təhsil Şöbəsinin 23.01.2001-ci il tarixli 01 nömrəli əmrinə əsasən 0,5 ştat vahidi mühasıb vəzifəsinə təyin olunduğunu və həmin vəzifədə 01.11.2011- ci ilədək işlədiyini, 02 noyabr 2011-cı ıl tarixindən isə Samux rayon Təhsil Şöbəsində vakantda olan tam ştat vahidi ilə aparıcı məsləhətçi vəzifəsinə təyin olunduğunu, aparıcı məsləhətçi vəzifəsi dövlət qulluğu nornenklaturasına aid olan vəzifə hesab olunduğundan işlədiyi dövr ərzində ona 2-cı dərəcəli dövlət qulluqçusu dərəcəsi verildiyini və əmək haqqının dövlət qulluqçularına şamil olunan əlavələr tətbiq olunmaqla hesablandığını, 06.01.2016-cı il tarixdə Samux rayon Təhsil Şöbəsinin 01.02.2016-cı il tarixli 04 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.02.2016-cı il tarixli 59 nömrəli əmrinin əsas götürülərək Əmək Məcəlləsinin heç bir maddəsi tətbiq olunmadan, rəsmi xəbərdarlıq olunmadan və strukrur dəyişikliyə görə kompensasiya ödənilmədən əmək müqaviləsinə birtərəfli qaydada xitam verildiyini, Təhsil Şöbəsinin mühasibi vəzifəsi saxlandığı halda həmin əmrin ona şamil olunmadığını, əmək müqaviləsinə xitam verilərkən təxmınən 2 ay müddətində işdən kənarda qaldığını, işçilərin əmək müqaviləsinə xitam verilərkən nəzərdə tutulan təminatların ona tətbiq olunmadığını bildirərək, işə bərpa, işlədiyi dövr üçün əmək haqqının ödənilməsi və son haqq-hesab ödənilən günədək gecikdirilmiş hər gün üçün əlavə 2 faiz pul vəsaitinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlük şərtlərindən biri kimi ilk növbədə iddiaçı tərəfindən mübahisəyə qanunla baxmaq hüququ olan səlahiyyətli məhkəməyə müraciət olunması ilə bağlı məsələ araşdırılmalıdır. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 nömrəli Qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı mübahisə üzrə iddiaçının tələbi onun Samux rayon Təhsil şöbəsinin baş mühasibi vəzifəsinə faktiki bərpa olunması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, onun Samux rayon Təhsil şöbəsinə bərpa olunmasını tələb etdiyi mühasib vəzifəsi “Dövlət qulluğu haqqında” Qanunda təsbit edilmiş inzibati və yardımçı vəzifələrin təsnifatında nəzərdə tutulmamışdır. Ona görə də, “Dövlət qulluğu haqqında” Qanuna əsasən iddiaçı dövlət qulluqçusu olmadığından onun tələbləri inzibati hüquq münasibətləri ilə bağlı mübahisə deyildir. Müvafiq olaraq həmin tələbə də inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır. İddiaçıya izah olunmalıdır ki, o, məsələyə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.2-ci və 15.3-cü bəndlərinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı işə bərpa, işlədiyi dövr üçün əmək haqqının ödənilməsi və son haqq-hesab ödənilən günədək gecikdirilmiş hər gün üçün əlavə 2 faiz pul vəsaitinin hesablanaraq ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar