Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2273/2024 02.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya məxsus xx.xx.2018-ci il tarixdə verilmiş ******* nömrəli əmək kitabçasında onun xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N saylı hərbi hissənin tərkibində xidmət etməsi barədə qeyd vardır.
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 222 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı 02 avqust 2018-ci il tarixdən mənzil istismar hissə rəisi vəzifəsinə (vəzifə maaşı stat cədvəlinə uyğun olaraq) 1 (bir) ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Əsas: İddiaçı ərizəsi və 34 nömrəli xx.xx.2018-ci il tarixli əmək müqaviləsi.
3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 211 nömrəli əmrindən çıxarışdan görünür ki, Mənzil istismar hissə rəisi İddiaçı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz xahişi ilə) əsasən 02 avqust 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Əsas: İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi (dax.ol.№1475).
4. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 2/2-1808 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona “Müharibə veteran” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş sənədlərdə “Vətən müharibəsi” dövründə N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tərtər rayonu, Qaradağlı kəndi) vəzifə borclarını yerinə yetirmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteran, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirakı müvafiq əmrlərlə təsdiqlənmədiyinə, habelə təltif olunmadığına və yaralanmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.
5. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 163 nömrəli və xx.xx.2024-cü il tarixli 416 nömrəli cavab məktublarında bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlərdə gedən “Vətən mühribəsi” zamanı döyüşlərdə iştirak etməsi, döyüşlərdə xəsarət (yaralanma, travma, kontuziya) alması, digər hərbi hissələrə ezam edilməsi, medallarla təltif olunması barədə müvafiq əmrlərlə təsdiq edilməmişdir. Həmçinin yuxarı komandanlıq tərəfindən verilən tapşırıq əsasında N nömrəli hərbi hissədə işləyən mülki işçilərə müharibə veteran adının və vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri Müdafiə Nazirliyinə göndərilmiş və Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən göndərilən 06 iyul 2023-cü il tarixli 4/3-6263 nömrəli məktubunda mülki işçi İddiaçı 44 günlük “Vətən müharibəsi” zamanı əmək müqaviləsi üzrə öz əmək funksiyasını yerinə yetirdiyinə görə “Müharibə veteran” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
6. Həmin məktublara əlavə edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/3-6263 nömrəli məktubunda bildirilmişdir ki, təqdim olunmuş sənədlərdə “Vətən müharibəsi” dövründə N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tərtər rayonu, Qaradağlı kəndi) vəzifə borclarını yerinə yetirmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteran, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirakı müvafiq əmrlərlə təsdiqlənməmiş, habelə təltif olunmamış və yaralanmamışdır. Bu əsasnamənin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. - N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmiş mülki şəxs barədə arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) 1) Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə 2) Rütbəsi: mülki 3) Vəzifəsi: Mənzil istismar hissə rəisi 4) Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2018-ci il tarixli 222 nömrəli əmr, xx.xx.2022-ci il tarixli 211 nömrəli əmr 5) Döyüş əməliyyatlarına cəlb olunması (tarix və əmrin nömrələri göstərilməklə): Cəlb olunmayıb 6) İştirak etdiyi ərazilər: Tərtər rayonu, Qaradağlı kəndi 7) Hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): Hərbi hissə komandirinin şifahi əmrinə əsasən Tərtər rayonu Qaradağlı kəndində yerləşən N nömrəli hərbi hissənin mühafizəsi üzrə fəaliyyət göstərib 8) Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: xəsarət almayıb 9) Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: yoxdur 10) Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): yoxdur 11) İşdən azad olunması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): xx.xx.2022-ci il tarixli 211 nömrəli əmr 12) Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: 13) Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı) təltif olunmayıb II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehin üzərinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi siyahısına ad və soyadının əlavə edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1994-2016-cı illərdə gizir rütbəsində Silahlı Qüvvələrdə xidmətdə olmuş və ehtiyyata buraxılmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin mənzil istismar hissəsinin rəisi (mülki qulluqçu) kimi işləmişdir. 2020-ci ilin sentyabrın 27-dən noyabr ayının 10-dək Tərtər rayonunda yerləşən, ərazisi Tərtər rayonu, Suqovuşan, Talış kəndlərini də əhatə edən N nömrəli hərbi hissənin mənzil istismar hissəsinin rəisi (mülki qulluqçu) kimi mülkü qulluqçu kimi döyüş əməliyyatlarında maddi-texniki təminat dəstəyi verərək iştirak etmişdir. Onunla birlikdə xidmət edən çoxlu sayda mülki qulluqçu müharibə veteranı və vəsiqəsi alsa da onun bu hüququ məhdudlaşdırılmışdır. Həmçinin bildirir ki, həmin vaxt N nömrəli hərbi hissə komandirinin müvafiq göstərişinə əsasən mülki qulluqçulardan ibarət mühafizə yaradılmış, həmin vaxt həmçinin Tərtər rayonu, Qaradağlı kəndində yerləşən hərbi hissənin mühafizəsini təşkil etməklə yanaşı, yaralıların, şəhidlərin döyüş bölgəsindən çıxarılmasında iştirak etmişdir. Bundan başqa bildirir ki, ona "Müharibə veteranı" statusunun və vəsiqəsinin verilməsi "Zəfər" alt sistemində qeyd edilsə də sonradan məlumat sistemindən silinmişdir. Onun bir neçə dəfə Müdafiə Nazirliyinə müharibə veteranı və vəsiqəsinin verilməsi üçün müraciət etməyinə baxmayaraq, Müdafiə Nazirliyi qanunsuz olaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
10. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə eyni tarixli qərardadla məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
19. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. Cavabdeh orqanın iddiaya yazılı etirazı daxil olmuş və etiraz göstərilən dəlillərlə əsaslandırılmış (qərarın 4-cü bəndi).
21. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
22. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, müharibə dövründə N nömrəli hərbi hissənin mühafizəsini təşkil etmişdir. Həmin hərbi hissə Tərtər rayonu Qaradağlı kəndində yerləşmiş, o da həmin ərazidə hərbi hissə komandirinin göstərişinə uyğun olaraq hərbi hissənin mühafizəsinə dair tapşırıqları icra etmişdir. O, işğal altında olmuş ərazilərə keçməmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.2018-ci il tarixdə verilmiş ******* nömrəli əmək kitabçası; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 222 nömrəli əmrindən çıxarış; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 211 nömrəli əmrindən çıxarış; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 2/2-1808 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 163 nömrəli və xx.xx.2024-cü il tarixli 416 nömrəli cavab məktubları; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/3-6263 nömrəli məktubu; - N nömrəli hərbi hissənin arayış-məlumatı.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
25. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, təqdim olunmuş arayış-məlumata əsasən döyüş əməliyyatlarında iştirakı nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyinə və iştirak etdiyi ərazilər döyüş əməliyyatları aparılan ərazilər olmadığına, döyüş əməliyyatlarında iştirakı təsdiq edilmədiyinə görə cavabdeh orqan tərəfindən ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
26. Cavabdehin imtinasının dəlillərinin araşdırılması istiqamətində aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 222 nömrəli əmrinə əsasən 02 avqust 2018-ci il tarixdən mənzil istismar hissə rəisi vəzifəsinə işə qəbul edilmiş, daha sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 211 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz xahişi ilə) əsasən 02 avqust 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir.
27. Göründüyü kimi, iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xidmət keçdiyi hərbi hissə Tərtər rayonu, Qaradağlı kəndində olmaqla, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmur.
28. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 163 nömrəli və xx.xx.2024-cü il tarixli 416 nömrəli cavab məktublarında bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlərdə gedən “Vətən mühribəsi” zamanı döyüşlərdə iştirak etməsi, döyüşlərdə xəsarət (yaralanma, travma, kontuziya) alması, digər hərbi hissələrə ezam edilməsi, medallarla təltif olunması barədə müvafiq əmrlərlə təsdiq edilməmişdir. Həmçinin yuxarı komandanlıq tərəfindən verilən tapşırıq əsasında N nömrəli hərbi hissədə işləyən mülki işçilərə müharibə veteran adının və vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri Müdafiə Nazirliyinə göndərilmiş və Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən göndərilən 06 iyul 2023-cü il tarixli 4/3-6263 nömrəli məktubunda mülki işçi İddiaçı 44 günlük “Vətən müharibəsi” zamanı əmək müqaviləsi üzrə öz əmək funksiyasını yerinə yetirdiyinə görə “Müharibə veteran” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
29. Beləliklə, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etməməsidir ki, məhkəmə araşdırması ilə müəyyən edilir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
30. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd). 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda qeyd edilən 1-ci bəndinin 10-cu abzasının təhlilindən müəyyən edilir ki, 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş aşağıdakı şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: 1) Hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara; 2) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara; 3) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə və ya orqanların mülki işçilərinə; 4) Döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.
33. Qeyd olunan şəxslər dairəsini bir qədər də konkretləşdirərək məhkəmə qeyd edir ki, həmin siyahıya 3 kateqoriyadan olan şəxslər – 1) hərbi qulluqçular, 2) hərbi hissə və ya orqanların mülki işçiləri, 3) həmin ərazilərə ezam olunmuş şəxslər aiddir. Hansı ki, həmin şəxslərin də döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlər - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.
34. Hazırki işdə isə iddiaçının N saylı hərbi hissənin mülki işçisi kimi Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının maddi-texniki təminat növü üzrə tapşırıqları yerinə yetirməsi müəyyən edilmir.
35. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçı N saylı hərbi hissənin mülki işçisi – mənzil istismar hissə rəisi olmaqla, hərbi hissənin yerləşmə yeri olan Tərtər rayonu Qaradağlı kəndində N nömrəli hərbi hissənin mühafizəsinin təmin olunması üzrə fəaliyyət göstərmiş, yəni Vətən Müharibəsi zamanı həmin hərbi hissədə öz vəzifələrini icra etmişdir. Yəni, iddiaçı öz əmək funksiyasını Tərtər rayonu Qaradağlı kəndində icra etmişdir.
36. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslıdır və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva