Məhkəmə qərarları › İş №2-1(114)-2274/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2274/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2274/2023 26.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şəmkir rayonu Bayramlı bələdiyyəsinə qarşı torpaq sahəsinin satılması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Şəmkir rayonu Bayramlı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonun Bayramlı kəndində fəaliyyət göstərmiş, keçmiş M.F.Axundov adına sovxoz direktorunun xx.xx.1989-cu il tarixli 143 nömrəli əmri əsasında ona fərdi yaşayış evinin inşa edilməsi üçün ayrılaraq daimi istifadəsinə və sahibliyinə verilmiş, həmin kəndin «Göydərə» adlanan ərazsində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin ona satılmasına dair qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmikir rayonun Bayramlı kəndində fəaliyyət göstərmiş, keçmiş M.F.Axundov adına sovxoz direktorunun xx.xx.1989-cu il tarixli 143 nömrəli əmri əsasında iddiaçıya fərdi yaşayış evin inşa etdirmək üçün həmin kəndin keçmiş Kolxozkənd, indiki Bayramlı kəndinin ərazindən 0,08 ha həyətyanı torpaq sahəsi verilməsi əmr edilmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət X1 saxlanılan sənədlərə istinad olunmasına dair xx.xx.2023-cü il tarixdə K-1-127 saylı arayışında qeyd edilmişdir. Həmin torpaq sahəsi keçmiş M.F.Axundov adına sovxozun aidiyyəti əməkdaşları tərəfindən kəndin «Göydərə» adlanan ərazisindən ayrılıb mərzlənərək naturada ona təqdim edilmişdır. İddiaçıyla eyni vaxtda hazırda vəfat etmiş mərhum qardaşı X2 da həyətyanı torpaq sahəsi ayrılıb verilmiş və hər ikisi torpağın orta sərhəddi eyni olmaqla qonşuluqda yerləşdiyindən iki qardaş torpaqlarınızın ara sərhəddini nişanlayaraq müəyyən etməklə ətrafını hasarlamışlar. Həmin vaxtdan da ona verilmiş 0,08 ha həyətyanı torpaq sahəsini özü və ailə üzvüləri istifadə etmişdir. Dəfələrlə cavabdehin əvvəlki və hazırkı rəhbərlərinə şifahi qaydada müraciət edərək qanuni əsaslarla onun üçün ayrılmış torpaq sahəsinə dair hüquqi sənədin alınmasında ona köməklik edilməsini xahiş etsə də həmin sahənin bələdiyyə mülkiyyətində olmamasına görə ona heç bir köməklik edilməmişdir. Son vaxtlar isə mərhum qardaşının vəfatından sonra iddiaçı üçün ayrılmış 0,08 ha torpaq sahəsinin ara sərhəddi qohumları tərəfindən götürülərək hər iki sahənin bir sahə kimi hasarlanmasını eşitdikdə onlara etirazını bildirmişdir. Müvafiq əmrlə ona ayrılmış həmin torpaq sahəsinə dair cavabdehə müraciət edərək həmin ərazidəki sahənin vətəndaşların və ya bələdiyyənin mülkiyətində olub-olmamasını, əgər torpaq islahatından əvvəl ona ayrılmış həmin torpaq sahəsi də bələdiyyə mülkiyyətindədirsə, həmin sahənin ona satılmasına dair qərar çıxarılmasını xahiş etdikdə, cavabdeh ona ünvanladığı xx.xx.2023-cü il tarixli 15 saylı məktubun da «onun üçün ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyəti olduğu və zəbt olaraq həmin ildən qardaşı mərhum X2 məxsus həyətyanı torpaq sahəsi ilə birlikdə hasarlanması və ailə qohumunun istifadəsində olması, ərazi münaqişə xarakterli yer olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -X3 filialının xx.xx.2023-cü il tarixli, k-1-127 nömrəli arxiv arayışından görünür ki, Dövlət X1 mühafizə olunan M.F.Axundov adına sovxozun xx.xx.1989-cu il tarixli 143 nömrəli əmri ilə İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsinin verilməsi qeyd edilmişdir. -Şamxor rayonu "M.F.Axundov" adına sovxozun 06 dekabr 1989-cu il tarixli 143 №li əmrindən xx.xx.2023-cü il tarixli, k-1-127 nömrəli çıxarışdan görünür ki, Şamxor rayon "M.F.Axundov" adına sovxoz üzrə Azərbaycan SSR Nazirlər Sovetinin 20 yanvar 1986-cı il tarixli 28 №-li qərarı ilə adlarına həyətyanı torpaq sahəsi təsdiq olunmuş fəhlə və qulluqçulara, o cümlədən İddiaçı 0,08 hektar torpaq sahəsi verilmişdir. -Şəmkir rayonu Bayramlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 15 nömrəli məktubundan görünür ki, xx.xx.1989 cu ilin 143 nömrəli əmridə iddiaçıya ayrılmış ərazi (Göydərə) adlanan hissəyə əməkdaşlar tərəfindən baxış keçirilmiş həmin ərazidə elə bir yer olmadığı bildirilmişdir və göstərilən ərazi mülkiyyət olaraq bələdiyyə mülkiyyəti olduğu və zəbt olaraq həmin ildən qardaşı mərhum X2 məxsus həyatyanı torpaq sahəsi ilə birlikdə hasarlanmışdır və ailə qohumunun istifadəsindədir, ərazidə mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -X3 filialının xx.xx.2023-cü il tarixli, k-3-67 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il tarixli 143 №-li qərarın verilməsinə əsas olmuş sənədlər toplusu (alqı-satqı aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi, ödəniş qəbzi, torpaq sahəsinin planı və ölçüsü, yerin seçilmə aktı) və digər sənədlər arxivə təhvil verilmədiyi üçün filialda saxlanılmır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, yuxarıda adı çəkilən müvafiq əmr əsasında iddiaçıya torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi əmr əsasında Şəmkir rayonu ərazisində istənilən torpaq sahəsinə iddia etmək mümkün olardı. İddiaçı müvafiq əmr əsasında ona Şəmikir rayonun Bayramlı kəndinin ərazisindən 0.08 ha torpaq sahəsinin verildiyini iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Bundan başqa, bələdiyyələr sovxozların müvafiq əmri ilə verilmiş torpaq sahələrini sonradan satması ilə bağlı öhdəlik daşımır. Başqa sözlə qeyd olunan əsasla torpaq sahəsinin satılması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin ona ayrılmış sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. Belə ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Şəmkir rayonu Bayramlı bələdiyyəsinə qarşı torpaq sahəsinin satılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar