Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2275/2023 05.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Goranboy rayonu Qızılhacılı Bələdiyyəsinə qarşı torpaq sahəsinin ayrılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Goranboy rayonu Qızılhacılı bələdiyyəsinə qarşı torpaq sahəsinin ayrılması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Goranboy Rayon Məhkəməsinin 09 noyabr 2005-ci il tarixli 2-133/2005 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Goranboy rayonu Qızılhacılı bələdiyyəsinə, Goranboy rayonu Qızılhacılı icra nümayəndəliyinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi və cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin «Yolnəqliyyatservis» Departamentinin "xxxx" MMC-yə qarşı 50000000 manat pul tələbinə dair iddiaları təmin edilməmiş, İddiaçı Goranboy-Tərtər magistral yolunun mühafizə zonasında xüsusi mülkiyyətində olan 0.0126 ha torpaq sahəsinin başqa ərazidə uyğun torpaq sahəsi ilə əvəz edilməsi və ya həmin torpaq sahəsinə uyğun bazar qiymətində kompensasiya verilməsi ilə bağlı müvafiq orqanlara müraciət etmək hüququ izah edilmişdir.
2. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2009-cu il tarixli 2(104)-503/09 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2010-cu il tarixli 2(102)-67/10 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
3. Qızılhacılı bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli 03 nömrəli məktubda bildirilmişdir ki, onun bələdiyyəyə yazdığı xx.xx.2016-cı il tarixli məktubuna bələdiyyə şurasında baxılmış və ərizəsi xx.xx.2016-cı il tarixdə 71 nömrə ilə qeydiyyata alınmış və Goranboy RİH Memarlıq-tikinti və Arxitektura şöbəsinə xx.xx.2017ci il tarixli 05 nömrəli məktubla müraciət edilərək, ticarət obyekti tikdirmək üçün ayrılması nəzərdə tutulan torpaq sahəsi haqqında rəy verilməsi xahiş olunmuşdur. Onun bələdiyyə sədri kimi icra orqanlarından tələb etmək yox, xahiş etmək hüququ vardır.
4. İddiaçı cavabdeh Goranboy rayonu Qızılhacılı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsindən irəli gələn hüququnun təmin edilərək uyğun ərazidən torpaq sahəsinin ayrılaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy rayon Məhkəməsinin 5 mart 2009cu il tarixli nömrəli 2(045)-35/2009 saylı qətnaməsinin nəticə hissəsində ona izah olunmuşdur ki, Goranboy-Tərtər magistral yolunun mühafizə zonasında xüsusi mülkiyyətində olan 0,0126 hektar torpaq sahəsinin başqa ərazidə uyğun torpaq sahəsi ilə əvəz edilməsi ilə bağlı müvafiq orqanlara müraciət edə bilər. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 yanvar 2010-cu il tarixli 2(102)-67/10 saylı qərarı ilə qüvvədə saxlanmışdır. Bundan sonra iddiaçı dəfələrlə Qızılhacılı bələdiyyəsinə ərizə ilə müraciət edərək qətnamədən irəli gələn tələbin icrasının təmin edilməklə uyğun ərazidən torpaq sahəsinin ayrılıb verilməsini xahiş etmiş, lakin tələbi təmin olunmamış, müraciətinə cavab verilməmişdir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
8. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
9. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
11. Sadalanan normaların məzmunundan müəyyən olunur ki, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri).
12. İstənilən növ iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iş üzrə isə iddiaçının ona torpaq sahəsinin ayrılması barədə əlverişli inzibati aktın (qərarın) qəbul edilməsi barədə iddiası məcburetmə haqqında iddia növünə aid olmaqla, bu iddianın mümkün sayılması üçün iddiaçının arzuladığı inzibati aktın qəbulu ilə bağlı inzibati orqana müraciət etməsi və onun müraciətinin təmin edilməsindən imtina olunması barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəməyə müraciət etməsi barədə xüsusi mümkünlük şərtləri yerinə yetirilməlidir ki, hazırkı iddiada müddətə dair xüsusi mümkünlük şərti ödənilmir.
13. İşin hallarından da müəyyən olunduğu kimi, iddiaçı məcburetmə haqqında iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, iddiaçı ona torpaq sahəsi ayrılması ilə bağlı xx.xx.2018-ci il tarixdə Goranboy rayonu Qızılhacılı bələdiyyəsinə müraciət etmiş və ona xx.xx.2018-ci il tarixli 03 nömrəli məktubla cavab verilmişdir. Həmin cavab onun müraciətinin təmin edilməsindən imtina xarakterli olmasa da, hətta imtina ediləcəyi halda belə hazırkı tələblə 28.036.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.
14. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).
16. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
18. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.
19. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçı izah edilsin ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva