Məhkəmə qərarları › İş №2-1(114)-2277/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2277/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2277/2024 28.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı AR Nazirlər Kabinetinə göndərilməsi öhdləyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı AR Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək N nömrəli hərbi hissənin elektrik mantyoru (mülki qulluqçu) kimi işləmişdir. 2020ci ilin sentyabrın 27-dən noyabr ayının 10-dək Tərtər rayonunda yerləşən, ərazisi Tərtər rayonu, Suqovuşan, Talış kəndlərinidə əhatə edən N nömrəli hərbi hissənin elektrik mantyoru (mülki qulluqçu) kimi döyüş əməliyyatlarında maddi-texniki təminat dəsdəyi verərək iştirak etmişdir. Tərtər rayonunda yerləşən digər hərbi hissələrin çoxlu sayda mülkü qulluqçusu müharibə veteranı və vəsiqəsi alsada, onun hüququ məhdudlaşdırılmışdır. Həmçinin iddiaçı bildirir ki, həmin vaxt N nömrəli hərbi hissə komandirinin müvafiq göstərişinə əsasən mülki qulluqçulardan ibarət mühafizə yaradılmış, həmin vaxt Tərtər rayonu, Qaradağlı kəndində yerləşən hərbi hissənin mühafizəsini təşkil etməklə yanaşı, yaralıların, şəhidlərin döyüş bölgəsindən çıxarılmasında iştirak etmişdir. Bundan başqa iddiaçı qeyd edir ki, ona “Müharibə veteranı" statusunun və vəsiqəsinin verilməsi "Zəfər" alt sistemdə qeyd edilsə də sonradan məlumat sistemdən silinmişdir. O, bununla əlaqədar cavabdeh orqana müraciət etsə də, onun müraciətinə imtina edilmişdir. Odur ki, qeyd edilənləri əsas gətirib məhkəmədən, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2277/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı AR Nazirlər Kabinetinə göndərilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İş üzrə iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-25-4/2-2520/2024 nömrəli iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinin onuncu və onbirinci abzastlarında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər. Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya İdarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə. radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının barəsində təqdim edilmiş sənədlərə əsasən Vətən müharibəsi dövründə N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tərtər rayonu, Qaradağlı kəndi) vəzifə borclarını yerinə yetirdiyi, 2020-ci il sentyabrın 27-dək döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsində iştirakı təsdiq olunmadığına görə, ona "Muharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 161 nömrəli məktubundan görünür ki, iddiaçı hərbi hissədə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək elektrik-mantyor vəzifəsində (mülki işçi) işləmişdir. Vətən müharibəsi dövründə iddiaçının döyüşlərdə iştirakı, xəsarət (yaralanma, travma, kontuziya) alması, digər hərbi hissələrə ezam edilməsi, medallarla təltif olunması təsdiq edilməmişdir. Qeyd edilənləri əsas gətirib iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindn verilmiş 204 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Tərtər rayonu Təzəkənd kəndində yaşayır. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli, 2/2-1826 saylı məkktubdan görünür ki, İddiaçı "Vətən müharibəsi" dövründə N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tərtər rayonu, Qaradağlı kəndi) vəzifə borclarını yerinə yetirmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsində iştirakı müvafiq əmrlərlə təsdiqlənmədiyinə, habelə təltif olunmadığına və yaralanmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli, 161 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlərdə gedən "Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etməsi, döyüşdə xəsarət (yaralanma, travma, kontuziya) alması, digər hərbi hissələrə ezam edilməsi, medallarla təltif olunması barədə müvafiq əmrlərlə təsdiq edilməmişdir. Həmçinin yuxarı komandanlıq tərəfindən verilən tapşırıq əsasında N nömrəli hərbi hissədə işləyən mülki işçilərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri Müdafiə Nazirliyinə göndərilmiş və Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən göndərilən 06 İyul 2023-cü il tarixli 4/3-6287 nömrəli məktubunda mülki işçi İddiaçı 44 günlük "Vətən müharibəsi" zamanı əmək müqaviləsi üzrə öz əmək funksiyasını yerinə yetirdiyinə görə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli, 186 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş və müvafiq vəzifəyə təyin edilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 212 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı, mənzil istismar hissəsinin elektrik-montyoru, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (öz ərizəsi ilə) əsasən 30 iyul 2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilsin qeyd edilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli, 320 saylı məhkəməyə göndərilmiş məktubdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlərdə gedən "Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etməsi, döyüşdə xəsarət (yaralanma, travma, kontuziya) alması, digər hərbi hissələrə ezam edilməsi, medallarla təltif olunması barədə müvafiq əmrlərlə təsdiq edilməmişdir. Həmçinin yuxarı komandanlıq tərəfindən verilən tapşırıq əsasında N nömrəli hərbi hissədə işləyən mülki işçilərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri Müdafiə Nazirliyinə göndərilmiş və Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən göndərilən 06 iyul 2023-cü il tarixli 4/3-6287 nömrəli məktubunda mülki işçi İddiaçı 44 günlük "Vətən müharibəsi" zamanı əmək müqaviləsi üzrə öz əmək funksiyasını yerinə yetirdiyinə görə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli, 399 saylı məhkəməyə göndərilmiş məktuba əlavə edilmiş arayış məlumat. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi şərtdir. Bununla yanaşı İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o Tərtər rayonunun işğaldan azad olunması uğrunda döyüşlərində iştirak etmişdir. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı Vətən müharibəsi dövründə N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tərtər rayonu, Qaradağlı kəndi) vəzifə borclarını yerinə yetirmişdir və heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. Odur ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməməsinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi istisna olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar