Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2279/2024 02.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya məxsus xx.xx.1989-cu il tarixdə verilmiş НЗ ******* nömrəli hərbi biletdə onun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissədə xidmət etməsi barədə qeyd vardır.
2. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli 11 saylı qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı travma və yaralanma – diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vegetative damar davamsızlığı ilə keçən uzaq nəticələr, mərkəzi sinir sisteminin funksiyasının pozulmaması ilə. Ənsə, sol kürək və qoltuqda nahiyyələrin qəlpə yaralanmasından sonrakı çapıqlar” nə səbəbə ki, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Şəmkir rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur (Şəmkir RMX-nın xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN Arxivinin xx.xx.2003-cü il tarixli 26/2-138 saylı arayışı, Şəmkir RHK-nın xx.xx.2003-cü il tarixli 132 saylı arayışı, Gəncə hərbi prokurorluğunun xx.xx.2002-ci il tarixli amnistiya haqqında qərarı)”-nın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivin xx.xx.2003-cü il tarixli 26/2-138 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə hərbi prokurorluğunun xx.xx.2002-ci il tarixli qərarına və Şəmkir Mərkəzi rayon xəstəxanasının xx.xx.2002-ci il 140 nömrəli aktına əsaasən, Şəmkir RHK-dan çağırılmış İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissədə xidmətdə olmuş və xx.xx.1992-ci il tarixdə sol çiyin kürək nahiyyəsindən qəlpə yarası almışdır.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 983734 nömrəli arayışına əsasən İddiaçı “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.
5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 1148 nömrəli cavab məktubunda bildirilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1993-cü il, N nömrəli hərbi hissə komandirinin yanvardekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin 1992-ci il, yanvar-mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi public hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-19166/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının 0346003AAQZ5, 0346003AAVZT və U00107549RFİ nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırlıq qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq hər üç halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
7. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 2/2-2146 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək xidmət təsdiqlənir, lakin sonuncu tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ilin sentyabr ayında Şəmkir rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış və xx.xx.1992-ci il tarixdə Qarabağ uğrunda gedən döyüşlərə qatılaraq, xx.xx.1992-ci il tarixə kimi Laçın rayonunun kəndləri uğrunda gedən qanlı döyüşlərdə fəal iştirak etmiş, öndə gedən əsgər olmuşdur. O, xx.xx.1992-ci il tarixdə N nömrəli hərbi hissənin tərkibində ağır döyüşlər zamanı ağır kəlləbeyin travması almışdır. Onun müharibə veteranı zamanı aldığı travma və xəsarətlər Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli qərarı, Gəncə şəhəri 3 saylı Birləşmiş Xəstəxana və Şəmkir Rayon Mərkəzi Xəstəxanada aldığı müalicələri ilə bağlı tibbi sənədlərlə tam təsdiq olunur. 2004-cü ildə həebçi kimi İİİ dərəcə əlil, 2015-ci ildən isə İİ dərəcə əlil kimi pensiya almışdır, 2021-ci ildə əlillik pensiyası dayanmışdır. Onunla birlikdə döyüşlərdə iştirak etmiş şəxslər Qarabağ müharibəsi veteranıdırlar və veteran vəsiqəsi daşıyırlar. O, isə döyüş əməliyyatlarda iştirak etməsinə baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edə bilmir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
19. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. Cavabdeh orqanın iddiaya yazılı etirazı daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli 1146 nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçının 1993-cü ilin aprel ayından sonrakı hərbi xidməti və hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır.
21. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1989-cu il tarixdə verilmiş НЗ ******* nömrəli hərbi bilet; - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli 11 saylı qərarı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi xx.xx.2003-cü il tarixli 26/2- 138 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 983734 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 1148 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-19166/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
24. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, onun hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat aşkar edilmədiyindən cavabdeh orqan tərəfindən ona müharibə eteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
25. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli 11 saylı qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı travma və yaralanma – diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vegetative damar davamsızlığı ilə keçən uzaq nəticələr, mərkəzi sinir sisteminin funksiyasının pozulmaması ilə. Ənsə, sol kürək və qoltuqda nahiyyələrin qəlpə yaralanmasından sonrakı çapıqlar” nə səbəbə ki, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Şəmkir rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur (Şəmkir RMX-nın xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN Arxivinin xx.xx.2003-cü il tarixli 26/2-138 saylı arayışı, Şəmkir RHK-nın xx.xx.2003-cü il tarixli 132 saylı arayışı, Gəncə hərbi prokurorluğunun xx.xx.2002-ci il tarixli amnistiya haqqında qərarı)”-nın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.
26. İddiaçı həmin yaralanmaya görə 2005-ci ildə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmiş, daha sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanasının 0346003AAQZ5, 0346003AAVZT və U00107549RFİ nömrəli göndərişləri əsasında İddiaçı əlillik vəziyyəti qiymətləndirilmiş və Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
27. Eyni zamanda, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 1148 nömrəli cavab məktubunda bildirilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1993-cü il, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin 1992-ci il, yanvarmart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
28. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmamasıdır.
29. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
30. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
31. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
32. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994 cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
34. Göründüyü kimi, Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir.
35. Bu qaydadan istisna Əsanamənin “Qeyd” hissəsində göstərilən hallardır ki, İddiaçı hazırda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilməmişdir (bu Qərarın 31-ci bəndi).
36. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə Veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimata görə: Bənd 1.6. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə Veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.
37. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmamasıdır ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır.
38. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür.
39. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
41. Məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, order və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan və vetern adının verilməsi üçün yalnız iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi kifayət etmədiyindən, eyni zamanda şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasının (tərxis olunması) da vacib şərt olması səbəbindən iddia əsaslı sayıla bilməz.
42. Belə ki, iddiaçının hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir.
43. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva