Məhkəmə qərarları › İş №2-1(114)-228/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-228/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-228/2022 09.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı hərbi biletdə düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı iddia ərizəsi ilə 10.11.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyi tərəfindən verilmiş hərbi biletdə onun döyüş əməliyyatlarında iştirak etməsi barədə müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 29.09.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində qismən səfərbərlikdə olmuş, həmin hərbi hissənin tərkibində 12.10.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək ikinci Qarabağ müharibəsində sürücü-sanitar vəzifəsini yerinə yetirmiş, həmin müddət ərzində Cəbrayıl, Qubadlı, Laçın və Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə ön cəbhədən yaralı əsgərlərin və şəhidlərin döyüş meydanından təxliyyəsini yerinə yetirmiş, hətta Xocavənd rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman yaxınlığa düşən mərmi nəticəsində barotravma almışdır. Lakin Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etməsi hərbi biletində göstərilməmişdir. Buna görə də hərbi biletində düzəliş edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin Gədəbəy rayon şöbəsinin 30.12.2020-ci il tarixli 822 nömrəli arayışından görünür ki, İddiaçı 06.01.2010-cu il tarixdən 01.07.2011-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında həqiqi hərbi xidmətdə, 10.05.2014-cü il tarixdən 13.05.2017-ci il tarixədək Daxili Qoşunların tərkibində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə, 29.09.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində ikinci Qarabağ Vətən müharibəsində hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 27.09.2021-ci il tarixli 3196 nömrəli məktubunda bildirilir ki, İddiaçı “Cəbrayılın azad olunmasına”, “Qubadlının azad olunmasına” və “Laçının azad olunmasına” görə medallarla təltif olunmuşdur. -surəti işə əlavə edilmiş Füzuli Hərbi Prokurorluğunun 09.04.2021-ci il tarixli 16/14- 35/2-21 nömrəli məktubunda bildirilir ki, İddiaçı verdiyi izahatda onun döyüşlər zamanı mərmi partlaması nəticəsində xəsarət aldığı Arpagədik kəndi Laçın rayonu ərazisində deyil, Xocavənd rayonu inzibati ərazi dairəsində yerləşdiyi müəyyən edilmişdir. -sürəti işə əlavə edilmiş 06.01.2010-cu il tarixli AO ******* nömrəli hərbi biletin 7-ci səhifəsində olan qeyddən görünür ki, İddiaçı 12.10.2021-ci il tarixdən 10.11.2021-ci il tarixədək Cəbrayıl, Qubadlı və Laçın istiqamətində N nömrəli hərbi hissənin tərkibində sürücü-sanitar vəzifəsində döyüşlərdə iştirak etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 08.12.2021-ci il tarixli 5190 nömrəli məktubunda bildirilir ki, N nömrəli hərbi hissə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Cəbrayıl, Qubadlı və Laçın rayonları istiqamətində olmuşdur, Xocavənd rayonunda hərbi hissənin döyüş tapşırığı olmadığı üçün çağırışçı əsgər İddiaçı hərbi biletində müvafiq qeyd aparılmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, iddiaçı 29.09.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində ikinci Qarabağ müharibəsində hərbi xidmətdə olmuş, qeyd olunan müddətlərdə döyüşlərdə iştirak etdiyinə görə “Cəbrayılın azad olunmasına”, “Qubadlının azad olunmasına” və “Laçının azad olunmasına” görə medallarla təltif olunmuşdur. İddiaçı həmçinin Xocavənd rayonunda gedən döyüşlər zamanı xəsarət aldığını bildirərək ona məxsus hərbi biletdə Xocavənd rayonunun da qeyd edilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: -24-cü maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. -27.1-ci maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr tarixli 375 nömrəli qərarı ilə “Hərbi biletin forması” təsdiq edilmişdir. Hərbi biletin formasına əsasən biletin 7-ci səhifəsində yerləşən 14-cü qrafasında şəxsin döyüş əməliyyatlarında və xüsusi təyinatlı bölmələrdə iştirakı (harada, nə vaxt, hansı hərbi hissənin tərkibində hansı vəzifədə) barədə müvafiq qeydlər aparılır. Həmin qrafanın doldurulması isə şəxsin hərbi qulluq keçdiyi hərbi hissənin səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirilir və müvafiq möhürlə təsdiq edilir. İddia tələbi ilə bağlı ilk öncə qeyd edilməlidir ki, iddiaçı 12.10.2021-ci il tarixdən 10.11.2021-ci il tarixədək Cəbrayıl, Qubadlı və Laçın istiqamətində N nömrəli hərbi hissənin tərkibində sürücü-sanitar vəzifəsində döyüşlərdə iştirak etmiş, bu barədə qeyd ona məxsus hərbi biletdə öz əksini taparaq hərbi hissənin səlahiyyətli şəxsi tərəfindən təsdiq edilmişdir. Buna baxmayaraq iddiaçı həmçinin Xocavənd rayonu ərzisində də döyüşdüyünü, lakin bununla bağlı ona məxsus hərbi biletdə müvafiq qeyd aparılmadığını iddia edir. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının 29.09.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək hərbi xidmətdə olduğu N nömrəli hərbi hissə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yalnız Cəbrayıl, Qubadlı və Laçın rayonları istiqamətində olmuş, sözügedən hərbi hissə Xocavənd rayonunda döyüş tapşırığı yerinə yetirməmiş, bu səbəbdən də çağırışçı əsgər İddiaçı hərbi biletində müvafiq qeyd aparılmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi əsaslı hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı hərbi biletdə düzəliş edilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar