Məhkəmə qərarları › İş №2-1(114)-2282/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2282/2020

08.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2282/2020 08.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Tovuz rayon Təhsil şöbəsinə və Tovuz şəhər N.Tusi adına tam orta məktəbə qarşı əmək müqaviləsinin bağlanması və təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdeh Tovuz rayon Təhsil şöbəsinə və Tovuz şəhər N.Tusi adına tam orta məktəbə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onunla əmək müqaviləsinin bağlanması öhdəliyinin Tovuz şəhər N.Tusi adına tam orta məktəbin üzərinə qoyulması və hər iki cavabdehdan müştərək qaydada 10.000 manat təzminatın alınaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın əmək müqaviləsinin bağlanması hissəsi bağlı mübahisələrə ümimi (rayon) məhkəmələr tərəfindən baxılmalı olduğundan iddiaçı həmin tələblə Gəncə İnzibati Məhkəməsinə deyil, cavabdehin hüquqi ünvanı üzrə ümumi (rayon) məhkəməyə müraciət etməlidir. Həmin mübahisə üzrə tərəflər arasında olan münasibətlər əmək hüquq münasibətləri ilə yaranan mübahisədir. Həmin münasibətlərin subyekti kimi işəgötürən və işçi çıxış edir. İşəgötürən üçün müəyyən üstün hüquqlar müəyyən edilməsinə baxmayaraq, bu tabeçilik inzibati əmək hüquq münasibətlərinin inzibati münasibətlər kimi qiymətləndirilməsinə əsas vermir. Tələbin təzminatın ödənilməsi hissəsi ilə bağlı qeyd olunur ki, Tovuz şəhər N.Tusi adına tam orta məktəb inzibati orqan hesab edilmədiyinə görə həmin qurum tərəfindən kompensasiya ödənilməsi də inzibati məhkəmə icraatının pretmeti deyil. Eyni zamanda Tovuz rayon Təhsil şöbəsi inzibati orqan olsa da iddiaçı həmin mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsini təsdiq edən sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Tovuz rayon Təhsil şöbəsinə və Tovuz şəhər N.Tusi adına tam orta məktəbə qarşı əmək müqaviləsinin bağlanması və təzminatın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, həmin tələblə müvafiq ümumi (rayon) məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar