Məhkəmə qərarları › İş №2-1(114)-2283/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2283/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2283/2022 20.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçı X9 nümayəndəsi İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və X9 Cavabdehnə qarşı X10, X11, X5, X6 və X13 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri 6 saylı Dövlət notariat kontorunda xx.xx.1995-ci il tarixdə, 3M-2-125 reyestr nömrə ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında” müqavilə üzrə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 2 ünvanında yerləşən 34 nömrəli mənzil X7 adına özəlləşdirilərək xx.xx.1995-ci il tarixli, 10148 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 6 saylı Dövlət notariat kontorunun xx.xx.2003-cü il tarixli, 2V-1/41 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, X3 Lala Paşa qızının vərəsəsi tanınaraq adına xx.xx.2003-cü il tarixli, 10148 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı Dövlət notariat kontorunun xx.xx.2003-cü il tarixli, 4-Ə-4- 446 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, sözügedən mənzil X16 tərəfindən X2. Gəncə şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.2010-cu il tarixli, 4Ə-1-64 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, bu mənzil X18 tərəfindən X1. Samux rayonu notariat ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-1036 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, sözügedən mənzil X8 tərəfindən İddiaçı1 və İddiaçı2 satılmışdır. Həmin müqavilə üzrə ½ hissədə İddiaçı1 və ½ hissədə İddiaçı2 payları göstərilməklə adlarına **********127-05101-093019 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçılaraa bir müddət öncə məlum olmuşdur ki, tanımadığı şəxslər – X19, X20, X15, X17 və X22 onların mülkiyyətində olan evdə qeydiyyatdadırlar. İddiaçılardan İddiaçı1 xx.xx.2022-ci il tarixdə Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək ona məxsus olan evdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər X10, X11, X5, X6 və X13 ünvan 2 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, eyni zamanda digər iddiaçının nümayəndəsi İddiaçı1 iddianı müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, evi vaxtilə etibarnamə əsasında almışlar, həmin zaman üçüncü şəxslər 1 ay ərzində çıxacaqları vəd etmişlər, ancaq aradan uzun müddət keçsə də, hələ də onlara məxsus evdə qeydiyyatdadırlar. Hazırda su pulu qeydiyyatda olan şəxslərin sayına görə hesablandığı üçün əlavə kommunal xərclər ödəyir. Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və xx.xx.2022-ci il tarixli məktubla nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq tərəfindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini **********27-05101-093019 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayış, cavabdehin xx.xx.2022-ci il tarixli, 120-19938Ə-3222 nömrəli imtinası, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********76 nömrəli məktubu, cavabdehin xx.xx.2022-ci il tarixli, 120-26843-1222 nömrəli məktubu, xx.xx.2022-ci il tarixli, 120-26771-1222 nömrəli məktubu ilə təqdim edilmiş icraat materiallarının təsdiq edilmiş surəti təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdəmüvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı da ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının, iddiaçılar ilə əvvəllər və hazırda hər hansı ailə bağlarının olmamaları, faktiki olaraq orada yaşamamaları müəyyən edilmişdir. Ona görə də cavabdehin imtinası iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, üçüncü şəxslərdən X15 xx.xx.2006-cı il, X17 xx.xx.2007-ci il, X22 xx.xx.2011-ci il təvəllüdlü olmaqla azyaşlı olduğundan və yetkinlik yaşına çatmadığından inzibati məhkəmə icraatının subyekti qismində çıxış edə bilməsə belə, onların müstəqil olaraq özünə yaşayış yeri seçmək, həmin evdə qeydiyyatda qalmağa hüququ olmadığından, həmçinin azyaşlının valideyninin həmin evdən qeydiyyatdan çıxarılması nəzərə alınaraq onların da qeydiyyatdan çıxarılması məqsədəmüvafiqdir. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadıqları və orada yaşamadıqları, iddiaçı ilə aralarında əvvəllər və hazırda hər hansı ailə bağlarının yaranmadığı hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçılar üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X10, X11, X5, X6 və X13 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar