Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2286/2021 14.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, “Əmrin ləğv edilməsi, işə bərpa olunması və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cabbarov X1 Rayon Məhkəməsinin 25.09.2021-ci il tarixli, 3(040)-140/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati qaydada həbs edilmiş, Gəncə Apelysiya Məhkəməsinin 29.09.2021-ci il tarixli, 3(104)-449/2021 nömrəli qərarı ilə Kəlbəcər Rayon Məhkəməsinin qərarı qismən təmin edilmiş, inzibati tənbeh növü dəyişdirilərək 200 manat məbləğində cərimə ilə əvəz edilmişdir. Cavabdeh Kəlbəcər İcra hakimiyyəti 01.10.2021-ci il tarixli, 86 nömrəli sərəncam ilə Kəlbəcər Rayon Polis Şöbəsinin 29.09.2021-ci il tarixli məktubu əsasında İddiaçı tutduğu Cavabdeh1 başçısının Çərəktar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasib vəzifəsindən azad etmişdir. Cavabdehin qərarının qanunsuz olduğu qənaətinə gələn iddiaçı ilkin olaraq 26.10.2021-ci ildə məhkəməyə iddi ərizəsi ilə müraciət etmiş, 02.12.2021-ci il tarixdə isə dəqiqləşmə barədə ərizə təqdim edərək Cavabdeh1 01.10.2021-ci il tarixli, 86 nömrəli sərəncamının ləğv edilərək işə bərpa olunması və məcburi buraxmaya görə əmək haqqının ödənilməsi barəd qərar çıxarmağı Məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, düşmən taptağından azad olunmuş ərazilərə atasının qəbrini ziyarət etmək, ona olan mənəvi borcunu ödəmək məqsədi ilə getmişdir. Barəsində cavabdeh tərəfindən verilmiş sərəncam heç bir inzibati araşdırma aparılmadan qanunsuz formada verilmişdir. Onun işdən azad edilməsi zamanı ”Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa riayət olunmamış, hər hansı xidməti yoxlama aparılmamışdır. Sözügedən qanunun istinad olunan maddəsində dövlət qulluğundan azad olunması ilə bağlı normaya istinad olunan zaman həmin sanksiyaya səbəb olan hallar düzgün analiz edilməmişdir. Cavabdeh1 17.03.2021-ci il tarixli, 86 nömrəli sərəncamın təsdiq edilmiş kserosurətindən görünür ki Azərbaycan Respublikası Prezidentinin “ Azərbaycan Respublikasını işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29.10.2020-ci il tarixli Fərmanını və Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 535-ci maddəsinin tələblərini pozduğuna görə Cavabdeh1 başçısının Çərəktar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsləhətçi – baş mühasib vəzifəsində qulluq keçən İddiaçı 17 mart 2021-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü və 25.2.6-cı maddələrinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla 06 mart 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 17.03.2021-ci il tarixli, 86 nömrəli sərəncamının ləğv olunmasına, işə bərpa edilməsinə və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsində diqqətə çatdırdığı səbəblərə görə cavabdehin müvafiq aktının qanunsuzluğunu, əsassızlığını vurğulayaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE ******** nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - İddiaçıya məxsus 079882 nömrəli əmək kitabçasının kserosurəti; - Cavabdeh1 01.10.2021-ci il tarixli 86 nömrəli əmrinin təsdiq edilmiş surəti; - İddiaçı tərəfindən Məhkəməyə ünvanlanmış 02.12.2021-ci il tarixli dəqiqləşmə barədə ərizə. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və iddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsində nəzərdə tutulan müddətdə iddia ərizəsini təqdim etmişdir. Göründüyü kimi, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilməsi ilə bağlı Cavabdeh1 01.10.2021-ci il tarixli 86 nömrəli sərəncamını mübahisələndirmiş və ləğv olunmasını xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, dövlət qulluqçusu vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verdikdə onun barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş (dövlət qulluğundan azad edilməsi) intizam tənbeh tədbiri tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda “kobud pozuntular”ın təfsiri verilməsə də, məhkəmə hesab edir ki, bu təfsir Azərbaycan Respublikası Əmək Məcəlləsində ətraflı şəkildə göstərilmişdir. Belə ki, dövlət qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsi şamil edilir. Yəni “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dövlət qulluqçularının əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun xidmətidavranışqanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 7.1-ci maddəsinə əsasən, dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. 7.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. 8.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu insanların hüquq və azadlıqlarının qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. 9-ci maddəsinə əsasən, dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Maddələrin tələbindən də göründüyü kimi, dövlət qulluqçusundan gözlənilən davranış etik davranışdır. Dövlət qulluqçusunun xidməti davranışı da etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır və yaranmış mübahisənin səbəbindən asılı olmayaraq dövlət qulluqçusu rastlaşdığı xoşagəlməz hallar qarşısında dözümlülük nümayiş etdirməli, heç bir halda dövlət orqanının nüfuzunu aşağı salacaq, dövlət qulluğu ilə bir araya sığmayan hərəkətlərə yol verməməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, 2020-ci il sentyabrın 27-də başlamış Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının işğalda olan digər əraziləri ilə yanaşı Tərtər rayonunun Suqovuşan və Talış kəndləri də işğalda azad edilmişdir. Bununla yanaşı işğaldan azad olunmuş ərazilərində idarəetmənin təşkili məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 29.10.2020ci il tarixli 1170 nömrəli Fərman verilmişdir. Həmin Fərmana əsasən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqini təmin etməsi qərara alınmışdır (Fərmanın 1-ci və 8-ci bəndləri). Göründüyü kimi işğaldan azad olunmuş ərazilər üzrə Prezidentin müvafiq fərmanı ilə tətbiq olunan xüsusi giriş-çıxış rejimi qüvvədədir, deməli hələ də vətəndaşların işğaldan azad olunmuş ərazilərə xüsusi icazə almadan getməsi məqsədə müvafiq deyil. Buna baxmayaraq iddiaçı sözügedən əraziyə müvafiq icazə olmadan daxil olmuşdur. Hazırki işdə görünür ki, cavabdehin sözügedən aktda istinad elədiyi maddələrdə dövlət qulluqçusunun etik davranış qaydalarını kobud və ya mütəmadi olaraq pozması dövlət qulluğundan azad etməyə əsasdır (“Dövlət qulluğu haqqında” Qanun 25.2.6-cı və 25.6-cı maddələr). Beləliklə iddiaçının öz hərəkətləri ilə xidməti intizamı kobud şəkildə pozması sübuta yetdiyindən onun barəsində hazırda mübahisə olunan inzibati akt qəbul edilmişdir və cavabdehin qəbul etdiyi inzibati akt “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırılmış, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı baş verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının vəzifədən azad edilməsi müvafiq qanunvericiliyə - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş normalara riayət edildiyindən, Cavabdeh1 tərəfindən qəbul edilən 01.10.2021-ci il tarixli, 86 nömrəli sərəncamı qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh1nə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsi tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2286/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2286/2021
14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver