Məhkəmə qərarları › İş №2-1(114)-2286/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2286/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2286/2024 06.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin təyin edildiyi vaxtdan əvvəlki 3 il üçün ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial müavinətin təyin edildiyi vaxtdan əvvəlki 3 il üçün nəzərdə tutulmuş müavinətin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməmiş sosial müavinatın ödənilməsini xahiş etmişdir. Məhkəmənin 06 iyun 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2023-cü il tarixdə müharibə veteranı statusu və vəsiqəsi verilmişdir. Bundan sona hər ay ona Prezident təqaüdü verilmiş, lakin müharibə veteranlarına müavinətin müharibə veteranı vəsiqəsinin verildiyi vaxtdan əvvəlki üç il üzrə ödənilməsi qanunla nəzərdə tutulmuş müavinət ödənilməmişdir.Bu barədə cavabdeh təşkilata rəsmi müraciət etmiş, lakin tələbi cavabdeh təşkilat tərəfindən təmin olunmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi batədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək tələbin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-101401/2024 nömrəli iddia tələbinə dair etirazda iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - İddiaçıya məxsus xx.xx.2023-cü il tarixdə verilmiş, 090524 nömrəli müharibə veteranı vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-36141/2024 nömrəli imtina məktubunun əsli. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı verilmiş şəxslərin müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə veteran adı verilmiş şəxslərə aidiyyəti orqanlar tərəfindən veteran vəsiqəsi verildiyi tarixdə veteranlıq statusu qazanır. Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 nömrəli Fərmanına əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlar veteran vəsiqəsi təqdim edildiyi gündən həyata keçirilir. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 090524 nömrəli veteran vəsiqəsi təqdim olunmuşdur və həmin tarixdən iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdü ödənilir. Belə ki, iddiaçıya müvafiq müavinatın ödənilməsi qanunvericiliyə ziddir, belə ki, hazırda sosial müavinət xx.xx.2019-ci il tarixdən Prezident təqaüdü ilə əvəz edilmiş, iddiaçı isə həmin təqaüdü alır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılır. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı və müvafiq vəsiqəsi Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Sosial Müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmamış bəzi kateqoriya şəxslərə verilən digər sosial müavinətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Adı çəkilən Qanunun 4.0.1-ci maddəsində bu qanunla müəyyən edilmiş müavinətlərin siyahısı sadalanır. Həmin Qanunun 9.1 və 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar