Məhkəmə qərarları › İş №2-1(114)-2288/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2288/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2288/2025 27.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2024-cü il tarixli 3-21-2-18/2- 791/2024 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-791/2024 nömrəli qərarı əsasında İddiaçı MMC-yə 2023-cü il üzrə 15.438,84 manat məbləğində mənfəət vergisi hesablanmışdır.

2. Həmin qərar xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə oxunmuşdur.

3. İddiaçı MMC xx.xx.2024-cü il tarixli ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət edərək, 2023-cü ilin mənfəət vergisi üzrə hesablanmış vergi borcunun ödənilməsi üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. II. Məhkəmədə icraat

4. İddiaçı MMC cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2024-cü il tarixli 3-21-2- 18/2-791/2024 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1997-ci ilin oktyabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. İddiaçın təsisçisidir. 25 iyun 2021-ci il tarixdən vergi ödəyicisi kimi Cəmiyyət uçota alınmışdır. 01 oktyabr 2021-ci il tarixdən isə «X5» (ƏDV) məqsədləri üçün Cəmiyyət qeydiyyata alınmışdır. Əsas fəaliyyət növü «Sementin topdan satışından» ibarətdir (Cəmiyyətin hüquqi ünvanı Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsi, ev 28-dir. VÖEN: **********). Cavabdeh tərəfindən 19 aprel 2024-cü il tarixdə 2023-cü il üçün mənfəət vergisi üzrə 29.812,97 manat əlavə vergi məbləği hesablanaraq qərar qəbul edilmişdir. 22 aprel 2024-cü il tarixdə cavabdehə inzibati şikayət verərək kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadığını, hesablanmış vergi məbləğinin şişirdilməsi rəqəmlərlə hesablandığını nəzərə alaraq yenidən araşdırmalar aparılaraq vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Yenidən araşdırma aparılacağı təqdirdə hesab edirdi ki, əldə etdiyi mənfəət vergisinin dərəcəsinin 20% olması nəzərə alınaraq hesablanmış 29.812,97 manat həmin faiz dərəcəsində müəyyən edilməli idi. Ancaq inzibati şikayəti əsasında 22 iyul 2024-cü il tarixdə cavabdeh tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 80.1.2-ci maddəsinə əsasən 22 aprel 2024-cü il tarixli inzibati şikayətim qismən təmin edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» 19 aprel 2024-cü il tarixli qərar 15.438,84 manat verginin hesablanması hissəsində əsaslı hesab olunaraq dəyişdirilmədən saxlanılmış, 14.899,01 manat verginin hesablanması hissəsində ləğv edilmişdir. Yekun olaraq isə cavabdeh orqan tərəfindən 25 iyul 2024-cü il tarixli 3-21-2-18/2-791/2024 nömrəli «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması» barədə qərar qəbul edilmişdir ki, həmin qərarla da 19 aprel 2024-cü il tarixli **********670300 saylı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» qərar ləğv edilmişdir. 19 aprel 2024-cü il tarixli **********670300 saylı qərarın ləğv edilməsi 25 iyul 2024-cü il tarixli 3-21-2-18/2-791/2024 nömrəli qərarda öz əksini tapmışdır. Qərara nəzər saldıqda açıq aydın məlum olur. Hesab edir ki, hesablanmış əlavə vergi məbləği 15.438,84 manata nisbətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.3-1-ci maddəsinin normaları əsasında həll olunmalıdır. 01 yanvar 2024-cü il tarixədək əlavə vergi məbləği Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinin normalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 55 saylı Qərarı əsasında hesablanırdı. Hal-hazırda Vergi Məcəlləsinin 83.9-cu maddəsi ləğv edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarı öz hüquqi qüvvəsini itirmişdir. Bildirir ki, biznes fəaliyyətini daha da genişləndirmək məqsədi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən xx.xx.2023-cü il tarixdə uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 100.000 (yüz min) manat kredit məbləği götürmüşdür. Mövcud problemə görə fəaliyyətini dayandırmışdır. Daim problemsiz müştəri kimi bankla aralarında narazılıq yaranmışdır. Ödəmək qabiliyyətini tamamilə itirmişdir. Hesablanmış 14.899,01 manat əlavə vergi məbləğinin üzərinə peniya hesablanaraq ümumilikdə 20.989,34 manat borc yaranması barədə cavabdeh tərəfindən 28 oktyabr 2024-cü il il tarixdə xəbərdarlıq göndərilərək 15 gün müddətində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ bəndində göstərilmişdir ki, "Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz". Yuxarıda göstərilən xüsusatları, humanizm prinsiplərini və onun maddi vəziyyətinin qənaətbəxş olmadığına əsaslanaraq hesab edir ki, ona hesablanmış borc məbləği silinməlidir. Hesab edir ki, vicdanlı vergi ödəyicisi kimi onun belə bir xahişlə müraciət etməyinə mənəvi əsasları vardır.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

7. Məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

8. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmiş, iddiaçının nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

9. Cavabdehin iddianın mümkün sayılmaması barədə ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və ərizə onunla əsaslandırılmışdır ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, işə baxan məhkəmə tərəfindən qanunvericlikdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (mübahisələndirmə haqqında iddia verildikdə prosessual müddətə əməl edilməsi, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.3-cü maddəsinə əsasən inzibati akta (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Qanunun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1- ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətinin axımı aşağıdakı vaxtadək dayandırılır: müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); - müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (verdiyi yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra sənəd çatdırılmış hesab edilir. Mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə iddiaçı cəmiyyətin elektron kabinetinə göndərilmiş və onun tərəfindən xx.xx.2024-cü il tarixdə oxunmuşdur. Cəmiyyət tərəfindən isə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həmçinin iddiaçı xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinə müraciət edərək, 2023-cü ilin mənfəət vergisi üzrə hesablanmış vergi borcunun ödənilməsi üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Sözügedən məktubdan görünür ki, iddiaçı 16 oktyabr 2024-cü il tarixə kimi .07.2024-cü il tarixli 3-21-2-18/2-791/2024 nömrəli qərarın mövcudluğundan məlumatı olmuşdur.

10. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi lazımi qaydada əsaslandırılmamış və ərizədə göstərilmiş dəlillər xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-791/2024 nömrəli qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. İddia ərizəsində “hesablanmış əlavə vergi məbləği 15.438,84 manata nisbətdə Vergi Məcəlləsinin 67.3-1-ci maddəsinin normaları əsasında həll edilməli olması, hal hazırda VM-nin 83.9-cu maddəsi ləğv edildiyindən NK-nın 55 saylı Qərarının öz hüquqi qüvvəsinin itirildiyi və iddiaçının mövcud olan problemlərə görə vergi borcunu ödəmək qabiliyyətinə malik olmadığı ” qeyd olunmuşdur. Aşağıdakılara əsasən hesab edirlər ki, vergi ödəyicisi tərəfindən qaldırılmış iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh inzibati orqan səlahiyyətləri daxilində qəbul etdiyi xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-791 /2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı iddiaçı tərəfindən mübahisələndirilir. 3-21-2-18/2-791/2024 nömrəli qərarın qəbul edilməsi üçün cavabdeh inzibati orqanın istinad etdiyi hüquqi əsaslandırmanı (hüquqi müddəaları) məhkəmənin diqqətinə çatdırırıq. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: -Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. 130.4-cü maddəsinə əsasən (həmin vaxt qüvvədə olan redaksiyasına əsasən) vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara bilər. Mübahisələndirilən qərarla iddiaçı cəmiyyət barəsində tərəflərindən 15.438,84 manat məbləğində 2023-cü il üzrə mənfəət vergisi üzrə hesablanmışdır. Qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə də kameral vergi yoxlaması keçirilmişdir. Belə ki, əvvəlki kameral vergi yoxlaması nəticəsində aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2023-cü il ərzində elektron qaimə-faktura ilə alınmış və təqdim edilmiş mallar çeşidlənmiş, hər bir mal çeşidinin alış və satış qiyməti və həcm (say) göstəriciləri təhlil edilməklə elektron qaimə-faktura ilə təqdim edilmiş malların (cəmi təqdimetmə 725.835,23) alış qiyməti ilə dəyərinin 407.956,69 manat olduğu, 253.374,52 manat dəyərində malların isə alışda olmadığı müəyyən edilmiş, həmçinin təqdim edilmiş bəyannamənin 1 №-li əlavəsinin 1.3cü sətirində təqdim edilmiş malın dəyərinin 708.131,75 manat olduğu nəzərə alınaraq 300.175,06 (708.131,75-407.956,69) manat dəyərində malın sənədsiz satıldığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla alışı olmayan 253.374,52 manat dövriyyə üzrə xərclərin (Nazirlər Kabinetinin-55 saylı qərarı ilə 253.374,52/6*5) 211145,43 manat, alışda və satışda olan mallar üzrə xərclərinizin 407.956,69 manat və alışda olub, satışı olmayan 300.175,06 manat dəyərində mal üzrə 300.175,06/5*6= 360.210,07 manat dövriyyə məbləği yarandığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********069600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üçün mənfəət vergisi üzrə 29.812,97 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********670300 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Sonradan iddiaçı cəmiyyət tərəfindən xx.xx.2024-cü il tarixli **********670300 nömrəli qərarın ləğv edilməsi üçün inzibati qaydada yuxarı inzibati orqan olan-İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmiş və DVX-nin İnzibati şikayətlərə baxılması baş idarəsinin xx.xx.2024-cü il tarixli **********905100 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarına əsasən cəmiyyətin inzibati şikayəti qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli **********670300 nömrəli qərar 14.899,01 manat hissədə ləğv edilərək, şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin aparılması 12 saylı Ərazi Vergilər Baş idarəsinə tapşırılmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı cəmiyyətin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilməsi üçün xx.xx.2024-cü il tarixli 3-21-2-18/2- 791/2024 nömrəli qərar qəbul edilərək, 2023-cü il üzrə mənfəət vergisi ilə əlaqədar olaraq 15.438,84 manat məbləğində vergi öhdəliyi müəyyən olunmuşdur. İlk növbədə cəmiyyətin nümayəndəsinin iddia ərizəsində göstərmiş olduğu dəlillərlə bağlı cavabdeh inzibati orqanın mövqeyini (dəlillərə etirazını) məhkəmənin diqqətinə çatdırırlar. Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023- cü il 5 dekabr tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsində 67.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin tələbinə görə vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Həmçinin sözügedən Qanunla VM-nin 67.14 və 83.9-cu maddələri də ləğv edilmişdir. İddiaçı cəmiyyətin nümayəndəsi hesab edir ki, İddiaçı MMC-nin 2023-cü il üzrə mənfəət vergisi öhdəliyi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023- cü il 5 dekabr tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun tələbləri əsasında həll edilməlidir. Nəzərə almaq lazımdır ki, 2023-cü il 5 dekabr tarixli 1033-VİQD nömrəli Qanunun 3- cü maddəsinə əsasən həmin qanunun VM-nin 67.3-1, 67.14 və 83.9-cu maddələrinə aid olan müddəaları 2024-cü ilin yanvar ayının 1-dən qüvvəyə minir. Hazırkı inzibati mübahisənin predmeti olan qərarla isə 2023-cü il üzrə vergi öhdəliyi müəyyən edilmişdir. Hazırkı qərar 2023-cü illə bağlı vergi öhdəliyinin hesablanması ilə bağlı olduğundan, yəni mübahisəli hüquq münasibətinin mövcud olduğu vaxt qüvvədə olan norma tətbiq edilməlidir. Bu mənada qeyd etməyi zəruri hesab edirlər ki, 2023-cü ilə aid olan vergi öhdəliyinə 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş hüquq normasının tətbiqi hüquqi müəyyənlik prinsipinə uyğun deyil. Eləcə də, bildirirlər ki, əgər iddiaçı göstərdiyi formada, yəni VM-nin 67.3-1-ci maddəsinin tələbləri əsasında vergi öhdəliyi müəyyən edilsəydi bu hal onun üçün 28.347,07 manatlıq vergi öhdəliyinin müəyyən edilməsi ilə nəticələnərdi. Bu vəziyyət isə onun üçün yeni öhdəliyin yaranması və ya mövcud öhdəliyin ağırlaşdırılması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Göründüyü kimi, iddia ərizəsində göstərilmiş qaydada cəmiyyətin vergi öhdəliyinin müəyyən edilməsi (2023-cü ilin mənfəət vergisi ilə bağlı) Konstitusiyanın və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinin pozulması hesab edilməlidir və İddiaçı MMC üçün vergi öhdəliyini (vergi hüquq məsuliyyətini) ağırlaşdıran haldır. VM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Bu mənada cavabdeh inzibati orqan VM-nin 2.1-ci maddəsinə uyğun davranaraq iddiaçının vergi öhdəliyini düzgün müəyyən etmiş, yuxarıda qeyd etdiyimiz hüquqi əsaslara görə VM-nin 67.3-1-ci maddəsinin iddiaçı cəmiyyət barəsində tətbiqi istisna edilməlidir. Qeyd olunur ki, yuxarı inzibati orqan tərəfindən aparılmış inzibati araşdırmada şikayətdə qeyd olunmuş xüsusatlardan bəzisi öz təsdiqini tapdığından xx.xx.2024-cü il tarixli **********670300 nömrəli qərar əsasında hesablanmış verginin bir hissəsi azaldılmışdır. Belə ki, uçot-baza məlumatlarının araşdırılması zamanı vergi ödəyicisi tərəfindən 2023-cü il ərzində elektron qaiməfakturalar əsasında 2180 ədəd miqdarında 8.492,46 manat məbləğində “Giper astar 30 kq” adlı malların, 1472 ədəd miqdarında 5.734,66 manat məbləğində “Giper üzlük 25 kq (kağız kisə)” adlı malların, 104 ton miqdarında 12.402,0 manat məbləğində “SEMENT CEM İİ A-P 42,5 R KİSE (40 KG)” adlı malların, 156 ton miqdarında 18.954,0 manat məbləğində “SEMENT CEM İİ A-P 42,5 R KİSE (50 KG)” adlı malların, 550,72 ton miqdarında 58.772,56 manat məbləğində “SEMENT CEM İİ BM (P-L) 32,5 R KİSE (40 KG)” adlı malların, 2608 ton miqdarında 281.559,44 manat məbləğində “SEMENT CEM İİ BM (P-L) 32,5 R KİSE (50 KG)” adlı malların, 342,80 ton miqdarında 42.543,21 manat məbləğində “SEMENT CEM İİ B-P 32,5 R KİSE (40 KG)” adlı malların, 1334 ton miqdarında 159.684,64 manat məbləğində “SEMENT CEM İİ B-P 32,5 R KİSE (50 KG)” adlı malların, 5252 ədəd miqdarında 15.606,0 manat məbləğində “TORBA SEMENT M400 40KQ” adlı malların, 26670 ədəd və 400 ton miqdarında 94.934,00 manat məbləğində “TORBA SEMENT M400 50 KG” adlı malların, 500 ədəd miqdarında 1.600 manat məbləğində “TORBA SEMENT M500 40 KQ” adlı malların, 5180 ədəd 19.684,0 manat məbləğində “TORBA SEMENT M500 50 KQ” adlı malların, ümumilikdə 719.966,97 manat (ƏDV-siz) məbləğində malların əldə edildiyi, elektron qaiməfakturalar əsasında 928,861 ton miqdarında 103.659,09 manat məbləğində “SEMENT CEM İİ BM (P-L) 32,5 R KİSE (40 KG)” adlı malların, 3108,5493 ton və 897,40 kisə miqdarında 485.088,98 manat məbləğində “SEMENT CEM İİ BM (P-L) 32,5 R KİSE (50 KG)” adlı malların, 127,4372 ton miqdarında 16.949,15 manat məbləğində “SEMENT CEM İİ B-P 32,5 R KİSE (50 KG)” adlı malların, 440 ədəd miqdarında 1.465,42 manat məbləğində “Torba Sement M00 50kq” adlı malların, 3310 ədəd miqdarında 17.629,22 manat məbləğində “Torba Sement M300 40kq” adlı malların, 800 ədəd miqdarında 5.166,10 manat məbləğində “Torba Sement M300 50kq” adlı malların, 9599,75 ədəd miqdarında 40.313,43 manat məbləğində “Torba Sement M400 40kq” adlı malların, 2370 ədəd miqdarında 11.550,21 manat məbləğində “Torba Sement M400 50kq” adlı malların, 1950 ədəd miqdarında 10.411,03 manat məbləğində “Torba Sement M500 40kq” adlı malların, 8616 ədəd miqdarında 33.602,40 manat məbləğində “TORBA SEMENT M500 50 KQ” adlı malların, ümumilikdə 725.835,03 manat (ƏDV-siz) məbləğində malların təqdim edildiyi, idxal və ixrac əməliyyatlarının aparılmadığı, elektron alış aktlarına əsasən malların əldə edilmədiyi müəyyən edilmişdir. İnzibati araşdırma zamanı cəmiyyətin rəhbəri Nümayəndə tərəfindən inzibati araşdırmaya təqdim edilmiş izahatda sementin markasının təqdim edilmiş qaimələrdə düzgün qeyd edilmədiyini bildirmişdir. Bildirilir ki, vergi ödəyicisi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) təqdim edilmiş mallar ilə bağlı malların təhvil-təslim aktları və üzləşmə aktları araşdırmaya təqdim edilmiş və həqiqətən də təqdim edilmiş e-qaimə fakturalarda bəzi məhsulların adlarının düzgün yazılmadığı müəyyən olunaraq inzibati şikayətin nəticəsi olaraq qəbul edilmiş qərarda və hazırkı mübahisələndirilmiş qərarda nəzərə alınmışdır. Hesablamanın mexanizmi: İddiaçının təqdim etdiyi sənədlər və uçot-baza məlumatları əsasında aparılmış araşdırma zamanı 2023-cü il ərzində təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 725.835,03 manat məbləğində sənədlərlə təsdiqini tapan gəlirləri, əldə edilmiş elektron qaiməfakturalara əsasən 706.703,36 manat məbləğində sənədlərlə təsdiqini tapan xərcləri, malların çeşidi zamanı (vergi ödəyicisi tərəfindən təqdim edilən sənəd və məlumatlar nəzərə alınmaqla) 147.317,74 manat məbləğində malların alışının olduğu, lakin satışının sənədlərlə təsdiq edilmədiyi, 122.074,66 manat məbləğində malların satışının olduğu, lakin alışının sənədlərlə təsdiq edilmədiyi müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən alışı olub satışı olmayan malların satış məbləğinin 176.781,29 manat (147.317,74/5*6) olduğu, satışı olub alışı olmayan malların alış məbləğinin 101.728,88 manat (122.074,66/6*5) olduğu, bununla da 2023-cü il üzrə Cəmiyyətin malların təqdim edilməsi üzrə vergiyə cəlb edilməli olan dövriyyə məbləğinin (cəmi) 902.616,32 manat (725.835,03+176.781,29), xərc məbləğinin isə (malın dəyərinə münasibətdə) 808.432,24 manat (706.703,36+101.728,88)+2023-cü ilin rübləri üzrə təqdim edilmiş MDSS bəyannamələrinə əsasən Cəmiyyətin 2023-cü il üzrə 9.000,00 manat əmək haqqı xərcləri, 1.911,00 manat sosial sığorta haqları xərcləri+5.806.68 manat bank xidməti xərcləri və bilavasitə malların təqdim edilməsi ilə bağlı xərcləri 272,20 manat, o cümlədən cəmi xərclərinin məbləği 825.422,12 manat olduğu müəyyən edilmişdir. Beləliklə iddiaçının 2023-cü il üzrə mənfəət vergisinə cəlb edilməli dövriyyəsi 77.194,20 manat (902.616,32- 825.422,12=77.194,2), tərəfimizdən hesablanmış mənfəət vergisinin məbləği isə 77.194,20:20%=15.438,84 manat olmuşdur. Göründüyü kimi, vergi ödəyicisinin fəaliyyəti ilə bağlı vergi hesablanarkən yalnız dövriyyəsinin alışı olub satışı olmayan və satışı olub alışı olmayan hissəsi ilə bağlı NK-nın 55 saylı Qərarı əsasında vergi hesablanmışdır. Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı Qərannın tətbiq edilməsi ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, AR VM-də dəyişiklik edilməsi haqında 3 dekabr 2021-ci il tarixli 406-VİQD № qanuna əsasən Vergi Məcəlləsinə aşağıdakı məzmunda 67.17-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.” Qeyd olunan maddə 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minməklə tətbiq edilməyə başlanmışdır. Kameral vergi yoxlaması ilə 2023cü il üzrə mənfəət vergisinin yoxlanıldığını nəzərə alsaq, 2022-ci il üzrə hesablama həyata keçirilərkən artıq Vergi Məcəlləsinin 67.17-ci maddəsi qanuni qüvvəsini aldığından həmin norma tətbiq olunmalı, yəni vergitutma obyekti müəyyən edilərkən sıra ardıcıllığının gözlənilməsi istisna edilməlidir. Cəmiyyətin nümayəndəsi iddia ərizəsində vergi borcunu ödəmək qabiliyyətinə malik olmadığını, 28 oktyabr 2024-cü il tarixdə vergi orqanının xəbərdarlıq məktubu göndərərək 15 gün müddətində borcun ödənilməsini cəmiyyətdən tələb etdiyini, həmçinin cəmiyyətin ödəmədiyi vergi borcuna görə əlavə peniya hesablandığını qeyd etmişdir. Göstərilmiş bu hallar onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirdiyi qərarın ləğv edilməsi üçün hər hansı tutarlı sübutlara malik deyil, inzibati aktı məhkəmədə mübahisələndirməklə vergi borcunun ödənilməsindən yayınmağa, əlavə vaxt qazanmağa nail olmaq istəyir. İstinad etdikləri xüsusatlardan görünür ki, İddiaçı MMC-nin nümayəndəsinin iddia ərizəsində qeyd etdiyi dəlillər tamamilə əsassızdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı MMC-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-791/2024 nömrəli qərarın ləğvinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.

Əsaslandırma hissəsi:

12. Məhkəmə proses iştirakçısını dinləyərək, iş materiallarında olan və təqdim edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır.

13. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

14. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

15. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

16. İşin müəyyən edilmiş hallarına görə, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-791/2024 nömrəli qərarı əsasında İddiaçı MMC-yə 2023-cü il üzrə 15.438,84 manat məbləğində mənfəət vergisi hesablanmışdır.

17. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək, bu barədə xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-791/2024 nömrəli qərarın ləğv olunmasını xahiş edir.

18. Bu halda iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır.

19. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

20. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

21. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən qərarda ondan şikayət vermə qaydası və müddəti nəzərdə tutulduğu üçün ona və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddəsindəki 6 aylıq xüsusi müddət deyil, İPM-in 38.1-ci və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddələrində nəzərdə tutulmuş 30 günlük müddət şamil edilir.

22. Tərəflər arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqavilədə aşağdakılar təsbit olunmuşdur: Bənd 2.5. Tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədin kağız (və ya yazılı şəkildə digər məlumat daşıyıcısı) üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər. Bənd 2.7. Vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Bənd 4.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri var: 4.1.7. Vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq)tanış olmaq və lazımi tədbirlər görmək.

23. 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə edilən: Maddə 13.2.72. elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Maddə 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

24. "İnzibati icraat haqqında" Qanuna görə: Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdə sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən son maraqlı şəxsə təqdim olunmuş sayılır.

25. Hazırki işdə mübahisələndirilən xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-791/2024 nömrəli qərar iddiaçı ilə vergi orqanı arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqaviləyə uyğun olaraq xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə oxunmuşdur.

26. Həmçinin iddiaçı xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinə müraciət edərək, 2023-cü ilin mənfəət vergisi üzrə hesablanmış vergi borcunun ödənilməsi üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Sözügedən məktubdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-791/2024 nömrəli qərarın mövcudluğundan ən geci 16 oktyabr 2024-cü il tarixə kimi məlumatı olmuşdur.

27. Göründüyü kimi, iddiaçının sözügedən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

28. Yəni, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüş və ötürmədiyini iddia edərək, qərarın elektron imza ilə imzalanmalı olduğunu, lakin imzalanmadığı bildirməklə, müddətin bərpasına dair ərizə verməmişdir.

29. Buna görə də, iddia mümkün sayılmamalıdır.

Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar