Məhkəmə qərarları › İş №2-1(114)-2289/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2289/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2289/2022 16.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı vahid aylıq müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona və qızları xx.xx.2003-cü il təvəllüdlü Aytac İsmayılovaya, xx.xx.2005-ci il təvəllüdlü Ulduz İsmayılovaya verilən vahid aylıq müavinətin ödənilməsi bərpa edilməklə dayandırıldığı tarixdən hesablanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı məlum hadisələrlə əlaqədar ailə üzvləri ilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkündür. 2004-cü ildə X8 ilə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2003-cü il tarixdə X5 və xx.xx.2005-ci il tarixdə X10 adlı uşaqları olmuşdur. Nofil İsmayılovla 2014-cü il tarixdə ayrılmışdır. Məhkəmə qətnaməsinə əsasən uşaqları onun himayəsində qalmışdır. Məcburi köçkün statusu olduğu üçün özü və uşaqlarına yemək xərci müavinətini fasiləsiz olaraq almış, lakin 2019-cu ilin may ayında ona və uşaqlarına verilən yemək xərci müavinəti dayandırılmışdır. O bununla bağlı Cavabdehnə müraciət etsə də, cavabdeh tərəfindən imtina edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Cavabdeh başçısının Kəlbəcər Çəpli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 48 nömrəli arayışdan görünür ki, Nağıyeva X4 rayon, İlyaslar kənd sakinidir, hazırda Goranboy rayon, Veyisli kəndində məskunlaşımışdır. Ailəsi qızları X5 və X1 ibarət tərkibdədir. -surəti işə əlavə edilmiş AA 260914 nömrəli vəsiqədən görünür ki, xx.xx.2012-ci il tarixdə İddiaçı məcburi köçkün vəsiqəsi verilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2004-cü il tarixli, AZ-İ 398564 nömrəli “doğum haqqında” şəhadətnamədən görünür ki, X5 xx.xx.2003-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2004 ilin yanvar ayının 2 günündə 2 nömrə ilə qeyd edlimişdir. Atası kimi X8, anası kimi İddiaçı qeyd edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, AZ-İ 663074 nömrəli “doğum haqqında” şəhadətnamədən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2005 ilin oktyabr ayının 21 günündə 521 nömrə ilə qeyd edlimişdir. Atası kimi X8, anası kimi İddiaçı qeyd edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ 184890 nömrəli “nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, X8 və İddiaçı ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2014 ilin 02 ayının 17 günündə 12 nömrə ilə qeyd edilmişdir. -Cavabdeh xx.xx.2022-ci il tarixli, N-3-073 nömrəli məktubundan görünür ki, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara və onların uşaqlarına verilən vahid aylıq müavinət “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4 və 2.6-cı bəndlərinə əsasən dayandırılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1985ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, 1993-cü il tarixdə həmin rayonu tərk etməyə məcbur olmuş və nəticədə “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun əsasən məcburi köçkün sayılmış və müvafiq imtiyazlardan istifadə etmişdir. O, özü və uşaqlarına görə yemək xərci müavinəti almış, lakin sonra Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinət ilə əvəz edildikdən sonra ona və uşaqlarına sözügedən vahid aylıq müavinətin ödənilməsi dayandırılmışdır. İddiaçı hazırda vahid aylıq müavinətin bərpa edilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçının X8 ilə rəsmi nikahı xx.xx.2014-cü il tarixdə ləğv edilmişdir. Hazırda qüvvədə olmayan Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2014-cü il 10 dekabr tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 6.1.4-cü bəndinə görə məcburi köçkün olduqdan sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə yemək xərci üçün aylıq müavinətin verilməməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara məcburi köçkün statusu olan şəxslər üçün nəzərdə tutulan aylıq müavinət verilmir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçıya məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət verilən zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2744 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" qüvvədə olmuşdur. "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 4.1-ci bəndində qeyd olunmuşdur ki, "Məcburi köçkün" statusuna malik olub Respublika ərazisində olan şəxslərə yemək xərci üçün aylıq müavinət verilir. Yuxarıda istinad olunan və həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarından göründüyü kimi məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara yemək xərci üçün aylıq müavinət verilməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının yemək xərci üçün aylıq müavinət alan zaman sözügedən Təlimat qüvvədə olduğundan həmin dövrün qanunvericilik aktları hazırki münasibətlərə tətbiq edilməlidir. Başqa sözlə iddiaçıya həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətin ödənilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya və onun uşaqlarına verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Məhkəmə tələbin iddiaçının xx.xx.2003-cü il təvəllüdlü qızı X2 vahid aylıq müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, Aytac İsmayılova tam fəaliyyət qabiliyyətli şəxsdir, yəni məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə malikdir. Belə ki, A.İsmayılovanın tam fəaliyyət qabiliyyətli olması və hazırda vahid aylıq müavinətin bərpa edilməsi kimi bir tələbi olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Qeyd edilməlidir ki, məcburi köçkünlərə aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın:- -2.4-cü bəndinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara aylıq müavinət şamil edilmir. -3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. -3.4-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. -3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Qaydanın tələblərindən göründüyü kimi vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qismən əsassız olmuş, iddiaçıya və onun xx.xx.2005-ci il təvəllüdlü qızı X3 məcburi köçkünlər və onlara bərabər tutulan şəxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə verilən vahid aylıq müavinət bərpa edilməli və dayandırıldığı vaxtdan hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı və onun qızı X3 vahid aylıq müavinətin bərpa edilməsi və dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar