Məhkəmə qərarları › İş №2-1(114)-229/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-229/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-229/2021 31.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X1 ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Gəncə şəhər Kəpəz rayon filialına qarşı ona verilən pensiyanın dayandırılmasının qanunsuz hesab edilməsi və pensiyanın verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar qaydada baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Gəncə şəhər Kəpəz rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona verilən pensiyanın dayandırılmasının qanunsuz hesab edilməsi və pensiyanın verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2-ci qrup əlil olaraq Dövlət Sosial Müdafiə Fondunun Xanlar (hazırda Göygöl) rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx xxxx 2003-cü il tarixli, 331 nömrəli qərarına əsasən təqaüdə çıxmışdır. Ardıcıl olaraq 10 il müayinə olunduqdan sora Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının Göygöl Tibbi-Sosial Ekspert Komissiyası müddətsiz olaraq onu 2-ci qrup əlil hesab etmişdir. O, artıq 17 ildir ki, 2-ci qrup əlil olaraq pensiya alır. O, daimi yaşayış yerini dəyişməyi ilə əlaqədar olaraq 1 il olar ki, pensiya işini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Gəncə şəhər Kəpəz rayon filialına keçirmişdir. Onun pensiya almağının müddəti elektron sistemə 1 il kimi qeyd edilmişdir və hazırda ona pensiya ödənişi dayandırılmışdır. Qarşılaşdığı haqsızlığın aradan qaldırılması məqsədi ilə aidiyyəti üzrə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Gəncə şəhər Kəpəz rayon filialının xx.xx.2020-ci il tarixli, **********0 saylı məktubu ilə imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Gəncə şəhər Kəpəz rayon filialı imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyinin etibarlıq müddəti xx.xx.2015-ci il tarixdən bitmişdir. İddiaçı qeyd edir ki, əgər əlilliyinin etibarlılıq müddəti qeyd edilən tarixdən bitmişdirsə ona hansı əsaslarla pensiyanın verilməsi davam etdirilirdi? Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi Forma №TSEK-2 əsasında 26 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının Göygöl Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş SER TSE-01№ 382031 saylı müayinə aktından çıxarışa əsasən onun növbəti müayinə tarixi müddətsiz kimi qeyd edilmişdir. Göründüyü kimi onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Gəncə şəhər Kəpəz rayon filialına müraciətindən əsasız olaraq imtina edilmişdir. Cavabdehə şifahi və rəsmi müraciət etsə də, onun məsələsinə qanunla müəyyən edilmiş qaydada baxılmır. Ona görə də, nəhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona verilən pensiyanın dayandırılmasının qanunsuz hesab edilməsi və pensiyanın verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə yazılı etiraz verərək bildirmişdir ki, xx.xx.2003-cü il tarixdə iddiaçıya 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2020-ci il tarixə kimi ödəniş həyata keçirilmişdir. Daha sonra müəyyən edilmişdir ki, Tibbi-Sosial Ekspertiza Komissiyasının sonuncu müayinəyə dair qərarında iddiaçının əlilliyi xx.xx.2015-ci il tarixdən etibarən dayandırılmışdır və hal-hazırda iddiaçının əlillik dərəcəsi yoxdur. İddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubda əlilliyin yenidən qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçıya xx.xx.2003-cü il tarixli, 88 saylı forma arayış ilə qiymətləndirmə əsasında ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə üzrə əlillik qrupu təyin edilmişdir. Həmin təyinatın etibarlılığına əsasən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunmuş və əlillik etibarlı olduğu müddət ərzində ödənilmişdir. İddiaçı xx.xx.2014-cü ildə yenidən müayinədən keçmiş və xx.xx.2014-xx.xx.2015-ci illər arası şəxsə müddətli (1 illik) əlillik təyinatı aparılmışdır. Tibbi-Sosial Ekspertiza və X2 növbəti müayinə tarixi xx.xx.2015ci il müəyyən olunduğu halda iddiaçı yenidən müayinədən keçməmişdir. Aparılan araşdırma nəticəsində iddiaçıya təyin olunmuş əlilliyin etibarlılıq müddətinin xx.xx.2015-ci il tarixdə bitdiyi aşkar edilmiş və şəxsə ödənilən pensiya dayandırılmışdır. Belə ki, iddiaçının müvafiq orqanın müvafiq qərarı əsasında təyin edilmiş əlillik dərəcəsi olmadığından cavabdehin hərəkətləri qanunidir və bu iş üzrə cavabdehə qarşı iddia mümkün hesab olunmamalıdır. Məhkəmə, tərəflərin izahatlarını, iddia ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzbati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair İşlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdehlə əvəz edə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquqi ünvanı Bakı şəhəri, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi, 134-də olduğundan və Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Gəncə şəhər Kəpəz rayon filialına qarşı ona verilən pensiyanın dayandırılmasının qanunsuz hesab edilməsi və pensiyanın verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Gəncə şəhər Kəpəz rayon filialı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilsin və baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar