Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-229/2022 08.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qazax rayon X5 Hüquqi Şəxsinə (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin) qarşı ölüm haqqında tibbi şəhadətnaməyə düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Qazax rayon X5 Hüquqi Şəxsinə (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin) qarşı 10.11.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölüm haqqında tibbi şəhadətnaməyə düzəlişin edilməsi cavabdehin üzərinə qoyulması tələbinə üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası vəfat etdikdən sonra onun adına tərtib edilmiş 08.08.2019-cu il tarixli TQS 106 ******* nömrəli ölüm haqqında şəhadətnamədəki “əvvəlcə mövcud olan ölümə səbəb yaratmış xəstəlik və hal” hissəsində “hipertoniya, aterosklerotik kardioskleroz”, “pataloji prosesin başlanması ilə ölüm arasındakı təxmini vaxt” hissəsində isə “14.02.2017” texniki səhv olaraq qeyd olunmuşdur. Göründüyü kimi həmin qeyddən belə qənaətə gəlmək olur ki, guya atası 10.02.2017-ci il tarixdə həkimə müraciət etmiş və müayinə zamanı ona “hipertoniya, aterosklerotik kardioskleroz” diaqnozu təyin edilmişdir. Halbuki atası nəinki 14.02.2017-ci il tarixində, ümumiyyətlə son beş il ərzində səhhəti ilə bağlı müraciət etməmişdir. Bu hal Qazax rayon X6 Hüquqi Şəxsinin "xxxx" Siğorta Şirkətinə və ona ünvanladığı məktubları ilə təsdiq olunur. Həmçinin atası N.Abdullayev sağlığında, yəni 2019-cu ilin iyul ayında "xxxx" ASCnin Qazax filialından 4000 manat məbləğində kredit götürmüşdür. Həmin vaxt atası "xxxx" Siğorta Şirkəti tərəfindən siğortalandığından ona həyat siğortası şəhadətnaməsi verilmişdir. Lakin atasının ölümündən sonra "xxxx" Siğorta Şirkəti atasının adına tərtib edilmiş 08.08.2019-cu il tarixli TQS 106 ******* nömrəli ölüm haqqında tibbi şəhadətnamədəki “əvvəlcə mövcud olan ölümə səbəb yaratmış xəstəlik və hal” hissəsində “hipertoniya, aterosklerotik kardioskleroz” və “pataloji prosesin başlanması ilə ölüm arasındakı təxmini vaxt” hissəsində “14.02.2017” barədə qeydi əsas götürülərək, siğorta ödənişinin həyata keçirilməsinin mümkün olmadığını bildirmişdir. 08.08.2019-cu il tarixli TQS 106 ******* nömrəli ölüm haqqında tibbi şəhadətnamədəki texniki səhvin düzəldilməsi barədə Qazax rayon X6 Hüquqi Şəxsinə müraciət etsə də, həmin orqan tərəfindən bu səhvin düzəldilməsindən 15.09.2020-ci il tarixli 2209 nömrəli məktubla imtina olunmuşdur. Odur ki, məcburiyyət qarşısında qalıb İnzibati məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərə 08.02.2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və cavabdeh orqan nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Qazax rayon X5 Hüquqi Şəxsinin 15.09.2020-ci il tarixli, 2209 nömrəli imtina məktubu; - Qazax rayon X5 Hüquqi Şəxsinin 18.12.2019-cu il tarixli, 836 nömrəli və 24.09.2019-cu il tarixli, 581 nömrəli məktubların surəti; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X4 Stansiyasının 04.08.2019-cu il tarixli, 5584 nömrəli məlumatın surəti; - 08.08.2019-ci il tarixli, AZ-İİ № 004710 ölüm haqqında tibbi şəhadətnamənin surəti; - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30.09.2019-cu il tarixli, PHS-**********7 nömrəli və məhkəmə sorğusuna cavab olaraq göndərdiyi 01.12.2021-ci il tarixli, PHS- **********0 nömrəli məktubları. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə əsaslıdır. İş materiallarının və məhkəmə sorğusu əsasında əldə edilmiş sənədləri araşdırarkən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X4 Stansiyasının 08.08.2019-cu il tarixli, 80 nömrəli arayışda 04.08.2019-cu il tarixdə 5584 qeydiyyat nömrəsi ilə saat 09:33-də X1 ölümünün qeydə alındığı yazılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax rayon Xəstəxanasının 24.09.2019-cu il tarixli, 581 nömrəli və 18.12.2019-cu il tarixli, 836 nömrəli məktublarda Qazax şəhəri N.Nərimanov qəsəbəsi ev 4, mənzil 26-da qeydiyyatda olmuş, 18.03.1955-ci il təvəllüdlü X1 ölümünün həqiqətən 04.08.2019-cu il tarixdə baş verdiyi, son beş ildə RMX-nın müəssisələrinə müraciət etmədiyi və Qazax RMX-nın poliklinika şöbəsində dispanser qeydiyyatda olmadığı, Qazax RMX-nın poliklinika şöbəsinin sahə həkiminin mexaniki olaraq 10.02.2017-ci il tarixdə hepertaniya xəstəliyi ilə müraciət etməsini qeyd etsə də, izahatinda buraxdığı səhvini etiraf etdiyi və həkimin 09.12.2019-cu ildə 1791 nömrəli əmrlə xəbərdarlıq edildiyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ******* nömrəli ölüm haqqında tibbi şəhadətnamədə 18.03.1955-ci il təvəllüdlü X1 14.02.2017-ci il tarixdə vəfat etməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 004710 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Novruz Abdullayev 04.08.2019-cu il tarixdə kəskin miokard infarktdan ölmüşdür. Məhkəmə sorğusuna əsasən "xxxx" ASC-nin PHS-**********0 nömrəli 01 dekabr 2021ci il tarixli məktubundan görünür ki, mərhum X3 ilə "xxxx" ASC arasında 04.07.2019-cu il tarixli M-Lİ P143968/19 nömrəli kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi bağlanmış, N.Abdullayevin vəfat etməsi araşdırılarkən əldə edilmiş tibbi sənədlə onun sığorta müqaviləsi bağlanmazdan əvvəl xəstəliyinin olması müəyyən edildiyindən sığorta şirkəti tərəfindən qanuni əsaslarla sığorta ödənişinin verilməsindən imtina olunmuş, şirkət tərəfindən 04.07.2019-cu il tarixli, M-Lİ P143968/19 nömrəli kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi üzrə sığortalanmış X3 “kəskin miokard infarkt” səbəbindən vəfat etmişdir. (Əsas: 08.08.2019-cu il tarixli AZ-İİ004710 №-li ölüm haqqında şəhadətnamə). Araşdırma zamanı müəyyən olunmuşdur ki, 08.08.2019-cu il tarixdə sığortalının adma tərtib edilmiş TQS 106 ******* nömrəli Ölüm haqqında tibbi şəhadətnamənin əvvəlcə mövcud olan ölümə səbəb yaratmış xəstəlik və ya hal hissəsində “hipertoniya, aterosklerotik kardioskleroz”, patoloji prosesin başlanması ilə ölüm arasındakı təxmini vaxt hissəsində isə “10.02.17” qeyd edilmişdir. Bu isə sığortalının sığorta təminatından öncə xəstə olmasını deməyə əsas verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31.01.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nm 5.3.-cü bəndində ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014- cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydalarfnın (bundan sonra mətndə “Qaydalar”) 6.6-cı bəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Lakin, X3 sığortaçı ilə sığorta şəhadətnaməsi bağlayarkən sağlamlıq vəziyyəti barədə məlumatlı olduğu halda şəhadətnamənin tərkib hissəsi olan ərizə formasında heç bir ürək-damar xəstəliklərinin olmadığını öz imzası ilə sığortaçıya bəyan etmişdir. Bununla da sığortalı kimi Qaydaların 9.2.1 -ci bəndində nəzərdə tutulmuş vəzifəsini pozmuşdur.Yuxarıda qeyd edilənlər, Qaydaların 6.6 və 18.1.3-cii bəndləri, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq "xxxx" ASC X1 vəfat etməsinə görə sığorta ödənişi həyata keçirə bilməz. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 03.07.2015-ci il tarixli, 52 nömrəli əmri ilə təsdiq olunmuş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair təlimata 2-ci maddəsinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə” (bundan sonra şəhadətnamə) ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələri, stomatoloji istisna olmaqla (bundan sonra - ambulator tibb müəssisəsi), mülkiyyət formasından asılı olmayaraq bütün stasionar və ya sanator-kurort müalicəsi aparan tibb müəssisələri (bundan sonra-stasionar tibb müəssisəsi) və patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. İnsanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. Həmin Təlimatın 3-cü maddəsinə ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X4 Stansiyasının (bundan sonra - TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Həmin Təlimatın 9-cu maddəsinə əsasən şəhadətnamə 3 nüsxədə həkim (feldşer) tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikincf nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına və ya qanuni nümayəndələrinə verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyət vəsiqəsini və qohumluq əlaqəsini təsdiq edən sənədi təqdim etməlidir. Təlimatın 11-ci maddəsinə əsasən Tibb müəssisəsinin rəhbəri şəhadətnamələrin, o cümlədən onların dublikatlarının düzgün doldurulmasına nəzarət edir və onların uçotunu aparır. Təlimatın 12-ci maddəsinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4-cü maddəsinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.7-ci maddəsinə əsasən Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X2 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. Həmin Qaydanın 4.8-ci maddəsinə əsasən şəhadətnamə həkim və ya feldşer tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Şəhadətnamə 3 (üç) nüsxədə tərtib olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Qaydanın 5.2-ci maddəsinə əsasən tibb müəssisəsinin rəhbəri şəhadətnamələrin, o cümlədən onların dublikatlarının düzgün doldurulmasına nəzarət edir və onların qeydiyyatını aparır. Həmin Qaydanın 5.3-cü maddəsinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 16-cı bəndinə əsasən Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, 08.08.2019-cu il tarixli TQS 106 ******* nömrəli ölüm haqqında şəhadətnamədəki “əvvəlcə mövcud olan ölümə səbəb yaratmış xəstəlik və hal” hissəsində “hipertoniya, aterosklerotik kardioskleroz”, “pataloji prosesin başlanması ilə ölüm arasındakı təxmini vaxt” hissəsində isə “14.02.2017” qeydlərindəki lazimi düzəlişlərin edilməsi vəzifəsi Qazax rayon X5 Hüquqi Şəxsinin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 ölümü ilə bağlı 08.08.2019-cu il tarixli TQS 106 ******* nömrəli ölüm haqqında şəhadətnamədəki “əvvəlcə mövcud olan ölümə səbəb yaratmış xəstəlik və hal” hissəsində “hipertoniya, aterosklerotik kardioskleroz”, “pataloji prosesin başlanması ilə ölüm arasındakı təxmini vaxt” hissəsində isə “14.02.2017” qeydlərində düzəlişlərin edilməsi vəzifəsi Qazax rayon X5 Hüquqi Şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-229/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-229/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver