Məhkəmə qərarları › İş №2-1(114)-2292/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2292/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2292/2021 18.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kəlbəcər rayon Qeydiyyat şöbəsinə qarşı akt qeydinin təqdim olunması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kəlbəcər rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə akt qeydinin təqdim olunmasına dair öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 yanvar 1955-ci ildə Kəlbəcər rayonun Kəlbəcər kəndində anadan olmuşdur. Valideynləri doğularkən adını Məlahət qoymuşlar. Daha sonra valideynləri eyni adlı qohumları olması səbəbindən, 7 yaşında olarkən adını dəyişdirmək qərarına gəlmişlər. Məhz onların ərizəsi əsasında 1962-ci ildə köhnə adı “Məlahət” yeni ada – “Hədiyyə” adına dəyişdirilmişdir. Bununla bağlı olaraq, Kəlbəcər Rayon VVAQ orqanı tərəfindən akt qeydinə müvafiq dəyişiklik aparılmışdır. Bunun əsasında isə akt qeydinə dəyişiklik aparılaraq, ad qrafasında “Hədiyyə” yazılmaqla yeni doğum haqqında şəhadətnamə verilmişdir. Yetkinlik yaşına çatdıqda vətəndaşlığının təsdiqi üçün SSR tərəfindən ona 8 sentyabr 1978-ci il tarixli, 705345 nömrəli pasport verilmişdir. Həmin pasportda adı İddiaçı olaraq qeyd edilmişdir. Daha sonra tələbəsi olduğu Azərbaycan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsilini 1982-ci ildə başa vurmuşdur. Həmin universitet tərəfindən təqdim olunmuş, ixtisasını təsdiq edən 1983-ci il tarixli, 043204 nömrəli diplomda da adı X1 olaraq qeyd olunmuşdur. Habelə, 1990-cu ildə nikaha daxil olmuş, həmin vaxt təqdim olunmuş 351207 nömrəli nikah haqqında şəhadətnamədə adı İddiaçı kimi qeyd olunmuşdur. Azərbaycan Respulikası müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası vətəndaşlarına yeni qaydada şəxsiyyət vəsiqələri təqdim olunması prosesi olmuşdur. Lakin heç vaxt həmin proseslərdə iştirak etməmişdir. Övladı dünyaya gələrkən onun doğum haqqında şəhadətnaməsində adı İddiaçı kimi göstərilməklə, doğum haqqında şəhadətnaməsi əsasında qeydiyyata alınmışdır. Daha sonra həmin şəhadətnaməni itirmiş və yenisini almaq üçün müvafiq orqanlara müraciət etmişdir. Lakin qeydiyyatını təsdiq edən tək vəsiqəsi SSRİ pasportu olduğu və həmin pasportun isə artıq hüquqi tanınma qüvvəsinin olmadığını öyrənmişdir. Bununla bağlı Kəlbəcər Rayon Qeydiyyat şöbəsinə yazılı müraciət etmiş, 1962-ci ildə aparılmış akt qeydinin zəruri olduğu üçün təqdim edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi müraciətinə cavab olaraq, 2 sentyabr 2021-ci il tarixli, 487 nömrəli məktub yazmışdır. Həmin məktubda akt qeydinin Kəlbəcər Rayon Qeydiyyat şöbəsində aşkar edilmədiyi, habelə Kəlbəcər rayonu işğal edildiyi zaman qeydiyyat şöbəsinin arxiv sənədlərinin işğal ərazisində qaldığı və sözü gedən şöbədə akt kitablarının 1993-cü il aprel ayından saxlanıldığı bildirilmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı doğum akt qeydinin verilməsini xahiş etsə də, cavabdeh inzibati orqanın 09.09.2021-ci il tarixli 487 nömrəli məktubundan məlum olur ki, 20.01.1955-ci ildə Kəlbəcər rayonu, Kəlbəcər kəndində anadan olmuş Xəlilova Məlahət (Hədiyyə) Zal qızının doğum haqqında akt qeydi və 1962ci ilə aid (Məlahət adından Hədiyyə adına düzəlişdən edilmiş) doğum haqqında akt qeydi Kəlbəcər rayon Qeydiyyat şöbəsində aşkar edilməmişdir. Belə ki, Kəlbəcər rayonu işğal olunan zaman qeydiyyat şöbəsinin arxiv sənədlər işğal ərazisində qalmışdır. Kəlbəcər rayon Qeydiyyat şöbəsində akt kitabları 1993-cü il aprel ayından saxlanılır. Məhkəmə qeyd edir ki, həmin məktub imtina xarakteri daşımır. Belə ki, mübahisələndirilən akt qeydi, ümumiyyətlə, mövcud olmadığından onun cavabdeh orqan tərəfindən verilməsi qeyri-mümkündür. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını təşkil edən doğum akt qeydi mövcud olmadığından, eləcə də, iddiaçının hüquqi marağı doğumu haqqında qeydiyyatın aparılması olduğundan və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi özəl hüquq münasibətlərini tənzimləyən hüquq normalarına əsasən ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından iddiaçının ərizəsində doğum aktı qeydinin verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nikah haqqında şəhadətnaməsi; doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin 28.10.2021-ci il tarixli sərəncamları ilə iddiaçıya qərardadda qeyd edilən əsaslar izah olunmuş və məhkəmənin qeyd edilən sərəncamı 06.11.2021-ci il tarixdə iddiaçının ünvanı üzrə təqdim olunsa da, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kəlbəcər rayon Qeydiyyat şöbəsinə qarşı akt qeydinin təqdim olunması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kəlbəcər rayon Qeydiyyat şöbəsinə qarşı akt qeydinin təqdim olunması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar