Məhkəmə qərarları › İş №2-1(114)-2298/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2298/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2298/2022 29.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" ASC) qarşı torpaq sahəsinin ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.0535 ha ölçüdə olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC-niin Gəncə filialı arasında xx.xx.2014-cü il tarixli, GNC-2125 ip saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinin predmeti ünvan 2 ünvanındakı 1 mərtəbəli, 318.1 kv.m ümumi, 114,5 kv.m yaşayış, 203,6 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi olmuşdur. Həmin evin yerləşdiyi, xüsusi mülkiyyət hüquqi ilə ona məxsus 0.0535 ha ölçüdə olan torpaq sahəsi müqvilədə ümumiyyətlə göstərilməmiş və müvafiq olaraq ipoteka ilə yüklü edilməmişdir. Bu əsasla cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 ünvanındakı 0.0535 ha ölçüdə olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASC Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edildiyindən məhkəmə iş üzrə qəbul ediləcək qərarın "xxxx" ASC Gəncə filialının maraqlarına toxunacağı qənaətinə gələrək sözügedən qurumu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı "xxxx"ASC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilərək xx.xx.2015-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli yüklülük çıxarışının verilməsinə dair hüquqların qeydiyyatının ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən 0.0535 ha ölçüdə olan torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamış və iddiaçıya hazırki tələb ilə yaşadığı yer üzrə ümumi məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli apellyasiya şikayətinə baxılması üçün inzibati iş xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-563/2022 nömrəli qərardadı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadları ilə iş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının üçüncü şəxs qismində icraatına xitam verilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçının **********08-10301 reyestr nömrə ilə onun xüsusi mülkiyyətdə olan 0.0535 ha ölçüdə torpaq sahəsi üzərində bankın xeyrinə yüklü edilmiş daşınmaz əmlaka dair dövlət reyestrindəki qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin dəqiqləşdirilməsinə barədə ərizə xx.xx.2022-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclası 29 sentyabr 2022-ci il tarixə təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 318.1 kv. m olan fərdi yaşayış evi və 0.0535 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2012-ci il tarixli, **********08-10301 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı ilə "xxxx" ASC-nin Gəncə filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, GNC-2125ip nömrəli ipoteka müqaviləsinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilərək xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir. Həmçinin iddiaçı X2 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş daşınmaz əlakın bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə əlaqədar Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)- 1715/2021 nömrəli qərardadına əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Əmlak üzərinə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1715/2021 saylı qərardadına əsasən həbs qoyulduğu və "xxxx" ASC-nin Gəncə filialının xeyrinə ipoteka yüklü olduğu üçün əmlak üzərinə qoyulmuş həbs götürüldükdən və Bankın razılıq məktubu əlavə edilməklə müraciət olunacağı təqdirdə müraciətə qanunamüvafiq qaydada baxılacağı barədə İddiaçı xx.xx.2021-ci il tarixli, **********97 nömrəli məktub göndərilmişdir. İddiaçının tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2,9,11, 12.1-ci maddələrinin tələblərinə uyğun olmadığı üçün təmin edilməməlidir. İş materiallarına xx.xx.2014-ci il tarixli, GNC-2125 ip nömrəli ipoteka müqaviləsinin təsdiqlənmiş surəti, iddiaçıya məxsus xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti, şəhər daxilində olan torpaqdan istifadə etmək üçün 2365 nömrəli torpaq qeydinin surəti, iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0535 ha torpaq sahəsinin "xxxx" ASC Gəncə filialının xeyrinə yüklü edilməsi barədə xx.xx.2015ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli, xx.xx.2022-ci il tarixli, **********05 nömrəli və xx.xx.2022-ci il tarixli, **********0 məktubları əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İşin mübahisə olunmayan hallarına əsasən xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla ünvan 2 ünvanındakı 1 mərtəbəli, 318.1 kv.m ümumi, 114,5 kv.m yaşayış, 203,6 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0535 ha ölçüdə olan torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə İddiaçı məxsusdur. Qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi (evin yerləşdiyi) iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlakın Dövlət reyestrində 64 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 11. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatıüçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “İpoteka haqqında” Qanun: Maddə 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Maddə 7.2. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 49.1. Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər. Maddə 50. Torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin ölçüləri və müvafiq kateqoriyalı torpaqların təyinatı nəzərə alınmaqla onun müstəqil sahə kimi istifadə edilə bilməyən bir hissəsinin ipotekasına yol verilmir. Torpaq sahəsinin bir hissəsi ipoteka qoyulduqda, həmin hissənin sərhədləri ipoteka qoyulmazdan əvvəl müəyyən edilməlidir. Hazırkı iş üzrə mübahisəli ünvan 2 ünvanındakı 1 mərtəbəli, ümumi 318.1 kv.m sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin Gəncə filialının xeyrinə ipoteka yüklü edildiyi vaxt “İpoteka haqqında” Qanununun tələbinə əsasən mülkün yerləşdiyi 0.0535 ha ölçüdə olan torpaq sahəsi də həmin bankin xeyrinə yüklü edilmişdir. Beləliklə, bina onun yerləşdiyi, yaxud fəaliyyətinin təmin olunduğu torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Odur ki, inzibati orqanın hərəkəti qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı torpaq sahəsinin ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" ASC) qarşı torpaq sahəsinin ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar