Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-23/2024 22.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1951-ci il tarixdə Ermənistan, Basarkeçər rayonunda anadan olmuş, hazırda Göygöl şəhəri, H.Əliyev prospekti, 23 ünvanda qeydiyyatda olmaqla yaşayır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 189 nömrəli rəyə əsasən 38 nəfər vətəndaşa satılması nəzərdə tutulan torpaq sahəsi 1,52 hektar olmaqla, Xanlar bələdiyyəsinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi şəhər daxili ərazi olmaqla satılması qanunamüvafiqdir. Həmin torpaq sahəsi Xanlar rayonunun (şəhərinin) zona bölgüsündə İİ zonaya aiddir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin mütəxəssisi O.Məmmədov, Xanlar (indiki Göygöl) bələdiyyəsinin (bundan sonra mətndə - üçüncü şəxs) üzvü M.Ocaqverdiyev və iddiaçının iştirakı ilə xx.xx.2007-ci il tarixdə akt tərtib edilərək bələdiyyənin şəhər daxili ərazisindəki R.Nəsibov məhəlləsinin ətrafından 1,52 hektar ayrılıb 38 nəfər vətəndaşa hər birinə 0,04 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir. İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə üçüncü şəxsin hesabına 180 manat ödənilmişdir. Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 saylı qərarına əsasən 38 nəfər vətəndaşa bələdiyyənin şəhər daxili ərazisindəki R.Nəsibov məhəlləsinin ətrafından 1,52 hektar ayrılıb hər birinə 0,04 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır (2-ci bəndi). Həmin 38 nəfərlik siyahıda (36-cı sırada) iddiaçının adı da qeyd olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin aparıcı məsləhətçisi E.Ş.Əliyev və mütəxəssis O.M.Məmmədov tərəfindən tərtib edilmiş 486 nömrəli arayışa əsasən torpaq sahəsi İ keyfiyyət qrupu olmaqla, bələdiyyə mülkiyyətinə aiddir. xx.xx.2007-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2007-ci il tarixdə 1123 nömrə ilə Xanlar rayon torpaq şöbəsində qeydiyyata alınmışdır. DTXK-nin Xanlar rayon şöbəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş 38 nəfərə ayrılacaq torpaq sahəsinin yerquruluşu planından çıxarış bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir. Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 saylı qərarı əsasında iddiaçıya verilmiş (sənəd üzrə 0,04 ha) faktiki 0,0373 ha torpaq sahəsinin koordinatlı sxemi Göygöl rayonu Göygöl bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı Göygöl şəhərində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh qurumun mütəxəssisi tərəfindən tərtib edilmiş müayinə aktına əsasən iddia edilən torpaq sahəsi ünvan 3 ünvanda yerləşir, təyinatı və faktiki istifadəsi həyətyanıdır, hüquq müəyyənedici sənəd üzrə ölçüsü 0,04 ha, faktiki 0,0373 ha-dır. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir, fərdi yaşayış evi inşa edilmişdir. Torpaq sahəsi istifadəyə yararlıdır, Göygöl şəhərinin kompleks yerquruluşu xəritəsinə və DWG məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqlarına düşür. Qeyd kimi edilmişdir ki, faktiki torpaq sahəsinin 0,0373 ha olmasına iddiaçı etiraz etmir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********77 nömrəli bildirişində bildirmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmişdir, bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İddiaçı cavabdehə qarşı ünvan 1 ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 saylı qərarı ilə ünvan 4 ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsində hələ islahat dövründən əvvəl yaşayış evi tikərək yaşayır. Ona görə də Aqrar islahat zamanı torpaq sahəsinə şəhadətnamə verilmişdir. İddiaçı hazırkı tələblə əvvəl cavabdehə müraciət etmiş, ancaq imtina cavabı almışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və vəkili iddia tələbini müdafiə edərək ərizədə qeyd olunanlarla eyni məzmunda izahat vermişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********65 nömrəli etirazını təqdim etmiş və bildirmişdir ki, Göygöl (Xanlar) Bələdiyyə ərazisində 0,04 ha torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” akt tərtib olunmuş və xx.xx.2007-ci il tarixli, 189 nömrəli Göygöl (Xanlar) Bələdiyyəsinin rəyi əlavə edilmişdir. Təqdim olunan sənədlər əsasında qeydiyyata alınmalı olan torpaq sahəsinə müayinə baxışı keçirilmişdir. Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən, dövlət mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 7212/2023 nömrəli məktubuna əsasən Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 saylı qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyi, bələdiyyənin aktı, torpaqların alqı-satqı aktı, Xanlar Bələdiyyəsinin arayışı, yerquruluşu planından çıxarış, ödəniş qəbzi, Xanlar şəhər ərazisinin sxematik planından çıxarış, koordinat sxemi əsasında aşağıdakı ünvanlar üzrə adları çəkilən şəxslərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır: 27.01.2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən torpaq sahəsi üzərində X6 (siyahıdakı 32-ci sıradakı); 08.10.2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən torpaq sahəsi üzərində X2 (siyahıdakı 9-cu sıradakı); 20.07.2017-ci il tarixdə ünvan 7 ünvanda yerləşən torpaq sahəsi üzərində X4 (siyahıdakı 16-cı sıradakı); 23.07.2018-ci il tarixdə ünvan 8 ünvanda yerləşən torpaq sahəsi üzərində X3 (siyahıdakı 21-ci sıradakı). Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-7970/2024 nömrəli məktubuna əsasən elektron xəritə məlumatlarına əsasən 2002, 2003, 2009, 2016-cı illər üzrə iddiaçının iddia etdiyi torpaq sahəsinin təyinatı - çoxmənzilli yaşayış əraziləri, kateqoriyası – yaşayış məntəqələrinin torpaqları, mülkiyyət forması – dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1819/2022 nömrəli qərardadı ilə Göygöl rayonu Göygöl bələdiyyəsi iştirakı zəruri olan üçüncü şəxs qismində işə cəlb edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Göygöl rayonu Göygöl bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, bələdiyyənin müvafiq qərarı ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 38 nəfər şəxsə həyətyanı torpaq sahəsi satılmışdır. Həmin torpaq sahələri bir küçədə yerləşir, qonşudurlar. Həmin şəxslərdən 36 nəfəri çıxarış əldə etmiş, hətta sonuncusu 2022-ci ildə çıxarışını almışdır. Torpaq sahəsi satılan zaman Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi rəy vermiş, həmin rəy əsasında torpaq sahələri satılmışdır. Mütəxəssis hansı elektron xəritə əsasında rəy verib bilinmir. Bələdiyyədə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş xəritələr var ki, həmin xəritəyə görə mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Üçüncü şəxs sonuncu məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Cavabdehin və üçüncü şəxsin nümayəndələrinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 65 saylı qərarı ilə iddiaçıya verilmiş, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair tərtib olunmuş planda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi, mövcud xəritə materiallarına istinadən, dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, çoxmənzilli binaların ətrafında yerləşən, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial-ictiami məqsədlər üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmin torpaq sahəsinin mülkiyyət formasının, təyinatının, kateqoriyasının və mənsubiyyətinin dəyişdirilməməsi barədə, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv və elektron baza materiallarında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarına əlavə edilmiş, Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 65 saylı qərarı ilə iddiaçıya verilmiş, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair tərtib olunmuş planda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə faktiki istifadə sahəsi tam hissədə üst-üsə düşür. Torpaq sahəsi üzərindən, hava elektrik ötürücü xətti, qaz kəməri və digər kommunikasiya xətlərinin keçməsi müşahidə olunmadı. İş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli, 10/8144 nömrəli ekspert rəyi də mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, TEKUS elektron informasiya sisteminə əsasən təqdim edilən torpaq sahəsi həyətyanı torpaq sahəsi olmaqla dövlət mülkiyyətindədir. Tədqiqat zamanı həmçinin, iddiaçının faktiki olaraq 0,04 ha torpaq sahəsindən istifadə etdiyi müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (12 dekabr 2008-ci ilə qədər qüvvədə olan redaksiya). Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (23 oktyabr 2007-ci il tarixə qədər olan redaksiya). Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə 38 nəfər vətəndaşa hər birinə 0.04 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı yolu ilə satılması məqsədəuyğun hesab edilmişdir. 04 iyul 2007-ci il tarixli “Torpaqların alğı-satqısına dair” aktı ilə Xanlar şəhəri ərazisindən Rövşən Nəsibov məhəlləsi adlanan ərazidən fərdi yaşayış evi tikdirmək üçün 0.04 ha torpaq sahəsi iddiaçıya ayrılmış, iddiaçı tərəfindən Xanlar Bələdiyyəsinin hesabına 180 manat haqq ödənilmişdir. Hazırda torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə iddiaçıya bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. İddiaçı torpaq sahəsinin adına qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən torpaq sahəsinin dövlət mülkiyyətinə aid əraziyə düşməsi müəyyən olunduğu üçün imtina etmişdir. Məhkəmə qeyd edir ki, torpaq ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həmin dövrdə səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 189 nömrəli bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin alqı-satqısına verilmiş rəyindən görünür ki, 38 nəfər vətəndaşa satılması nəzərdə tutulmuş torpaq sahəsinin İİ keyfiyyət qrup şəhər daxili ərazi olmaqla həmin məqsəd üçün satılmasının məqsədəmüvafiq olması göstərilmişdir. Eyni zamanda torpaq sahəsinə dair Xanlar rayon Bələdiyyəsinin yerquruluşu planından çıxarış da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Həmçinin, Xanlar Rayonu Bələdiyyəsinin şəhər daxili ərazisindəki torpaq sahəsindən ayrılıb 38 nəfər vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2007-ci ildə tərtib edilmiş akt da DT və XT-nin Xanlar rayon şöbəsi tərəfindən də təsdiq edilmişdir. Həmçinin, iddiaçıya bələdiyyənin xx.xx.2007-ci il tarixli, 65 nömrəli qərarı ilə ayrılmış 0,04 ha torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin bank hesabına ödənilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 65 nömrəli qərarı məhz hüquqi akt olmaqla daşınmaz əmlakın qeydiyyata alınması üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, bələdiyyənin ona məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Cavabdehin imtina əsaslarına gəldikdə isə məhkəmə qeyd edir ki, bələdiyyə qərarı ilə torpaq sahəsi satılmış 38 nəfərin siyahısında məhkəmə sorğusu əsasında adı çəkilən bəzi şəxslərin həmin bələdiyyə qərarı ilə satılmış torpaq sahələri üzərində mülkiyyət hüquqları 2017, 2018 və 2021-ci illərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-7212/2023 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər). Həmin şəxslərin torpaq sahələrinin kateqoriyası, təyinatı və hüquqi rejimi ilə bağlı alınmış mütəxəssis rəyində qeyd edilmişdir ki, **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin, **********28 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X9 xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin, **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin, **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3 xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin yerləşdiyi ərazi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AzCad məlumatları) istinad edilmiş, TEKUİS və AzCad məlumatlarında həmin torpaq sahələrinin kateqoriyası – yaşayış məntəqələrinin torpaqları, alt uqodiyası – həyətyanı, mülkiyyəti – dövlət, islahat uqodiyası- təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar olaraq göstərilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən hüquqları qeydə alınmış yuxarıda qeyd edilmiş şəxslər Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 nömrəli qərarı ilə Xanlar Bələdiyyəsinin şəhər daxili ərazisindəki R.Nəsibov məhəlləsinin ətrafından 1.52 ha ayrılıb hər birinə 0.04 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı yolu ilə satılması qərara alınmış 38 nəfər şəxslərdəndirlər. Beləliklə, cavabdeh inzibati orqan eyni bələdiyyə qərarı ilə torpaq sahəsi almış şəxslərin mülkiyyət hüquqlarını qeydə alınaraq, torpaq sahəsinin təyinatını yaşayış məntəqələrinin torpaqları kimi göstərdiyi halda, iddiaçıya münasibətdə hüquqlarının qeydə alınmasından imtina etməsi “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının təqdim etdiyi sənədlərlə eyni olan sənədləri təqdim etmiş digər şəxslərin hüquqlarının qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunması halı iddiaçıya münasibətdə bərabər yanaşma prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Belə olan halda, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından hazırkı mübahisəyə münasibətdə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin tətbiqi imkanlarına, eləcə də həmin prinsiplərin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində qəbul etdikləri inzibati aktlara münasibətdə vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilər yaranmış olsun (“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı). Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edən hallar mövcud olmadığından, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Göygöl (Xanlar) Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 saylı qərarı ilə verilmiş ünvan 4 ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat ekspertiza xərci “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X5, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zəfər Quliyev