Məhkəmə qərarları › İş №2-1(114)-230/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-230/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-230/2022 27.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı qərarın ləğv edilməsi və pensiyadan tutulmuş məbləğin geri ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı 10.11.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin iyul 2021-ci il tarixli **********4 nömrəli qərarının qanunsuz hesab edilməsi və pensiyadan tutulmuş məbləğin ona geri ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı 28.07.2021-ci il tarixdə **********4 nömrəli qərar qəbul edərək, 27.02.2013-cü il tarixdən 01.08.2021-ci il tarixədək iddiaçıya 1616,85 manat məbləğində artıq ödəmənin edilməsini qeyd edərək, həmin məbləğin bölünərək onun əmək pensiyasından tutulmaqla DSMF-nin hesabına köçürülməsini göstərmişdir. İddiaçı hesab edir ki, qeyd olunan qərar əsassız və qeyri-obyektivdir. Məhkəmənin 02.12.2021-ci il tarixli 2-1(114)-2390/2021 nömrəli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “28.07.2021-ci il tarixli **********8 nömrəli qərarın ləğv edilməsi və pensiyadan tutulmuş məbləğin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması“na dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, 1992-2004-cü illərə dair arxiv məlumatı olmadığına görə həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilə biməzdi, ona görə də iddiaçıya artıq pensiya ödənilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş İddiaçı məxsus ИТ ******* nömrəli əmək kitabçasından görünür ki, sonuncu 17.02.1988-ci il tarixdən 20.12.2004-cü il tarixədək Gəncə Rayonlararası Tərəvəz-toxumçuluq şöbəsinin Tovuz rayonunda yerləşən “Toxum satışı” mağazasında işləmişdir. -surəti işə əlavə edilmiş 282488 nömrəli Pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı 27.02.2013-cü il tarixdən pensiya təyin edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Dövlət Aqrar Universitetinin 07.05.2021-ci il tarixli 12/92 nömrəli arayışından görünür ki, İddiaçı 1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “meyvə-tərəvəzçilik və üzümçülük” ixtisası üzrə əyani formasının birinci kursuna qəbul olmuş və 1974-cü ildə həmin ixtisası əyani formada bitirmişdir. -surəti işə əlavə edilmiş Tovuz rayon Dövlət Arxivinin 07.07.2021-ci il tarixli 138 nömrəli məktubundan görünür ki, “Toxum satışı” mağazasının sənədləri Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın 28.07.2021-ci il tarixli **********8 nömrəli qərarından görünür ki, İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilmiş və ona 27.02.2013-cü il tarixdən 01.08.2021-ci il tarixədək artıq ödənilmiş 1616,85 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qarara alınmışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın 22.09.2021-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, Mərkəzi filialın 28.07.2021-ci il tarixli **********8 nömrəli qərarı ilə İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilərək 259,78 manat müəyyən edilmişdir. -Gəncə şəhər Statistika İdarəsinin 07.01.2022-ci il tarixli 08 nömrəli məktubundan görünür ki, Gəncə Rayonlararası Tərəvəz-toxumçuluq şöbəsi 31.07.1996-cı ildə Vahidlərin Dövlət Reyestrində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondu Tovuz rayon şöbəsinin müvafiq qərarı ilə 27.02.2013-cü il tarixdən pensiya təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın 28.07.2021-ci il tarixli qərarı ilə təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilmiş və ona 27.02.2013-cü il tarixdən 01.08.2021-ci il tarixədək artıq ödənilmiş 1616,85 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qarara alınmışdır. İddiaçı hazırda sözügedən qərarı mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş 28.07.2021-ci il tarixli **********8 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün sosial təminat sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, müavinətlərin təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, müavinət almaq hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və müavinətlərin məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya pensiya təyinatı bu sahədə səlahiyyətli qurum (Dövlət Sosial Müdafiə Fondu Tovuz rayon şöbəsi) tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçıya məxsus əmək kitabçasında onun 17.02.1988-ci il tarixdən 20.12.2004-cü il tarixədək Gəncə Rayonlararası Tərəvəztoxumçuluq şöbəsinin Tovuz rayonunda yerləşən “Toxum satışı” mağazasında işləməsi barədə qeydlər mövcuddur. Cavabdeh orqan həmin müəssisənin sənədlərinin arxivdə olmaması əsası ilə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmadığını bildirsə də, nəzərə alınmalıdır ki, işəgötürən tərəfindən müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının hüquqlarını məhdudlaşdıra bilməz. Belə ki, iş stajını təsdiq edən əsas sənəd əmək kitabçası olduğundan və iddiaçının qeyd olunan müddətlərdə həmin müəssisədə işləməsi barədə əmək kitabçasında müvafiq qeydlər olduğundan cavabdehin arqumentləri əsassız hesab edilməlidir. Bundan əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: -67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericilik qanunsuz əlverişli inzibati akta etimadın qanunla qorunması və ya ləğv edilməsi şərtlərini konkret müəyyən etmişdir. Hazırki halda pensiyanın təyin edilməsi barədə inzibati akt qüvvədədir və həmin qərar əsasında ödənilmiş məbləğin qaytarılması üçün hüquqi əsas yoxdur. Başqa sözlə iddiaçı həssas sosial qrupa aid olduğundan və ona ödənilmiş pensiya məbləğinin qaytarmaq iqtidarında olmadığından sözügedən qərara münasibətdə etimad hüququ qanunla qorunmalıdır. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə Qanunun qeyd olunan müddəası şəxsin əvvəllər mövcud olan vəziyyətinə görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Digər tərəfdən həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavə əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 28.07.2021-ci il tarixli **********8 nömrəli qərarı qanunsuz olduğundan ləğv edilməli və iddiaçının pensiyasından tutulmuş məbləğin ona geri ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın 28.07.2021-ci il tarixli **********8 nömrəli qərarı ləğv edilsin və İddiaçı pensiyasından tutulmuş məbləğin ona geri ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar