Məhkəmə qərarları › İş №2-1(114)-230/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-230/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-230/2023 05.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bərdə rayonu, Mirzalıbəyli bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı iclasının qərarı ilə Bərdə rayonu Mirzalıbəyli kəndində fərdi yaşayış evi tikməyi üçün ona ayrılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsi fərdi yaşayış evi tikmək üçün ona həyətyanı torpaq sahəsi ayrılması barədə ərizəni təmin edərək xx.xx.2006-cı il tarixli 08 saylı iclasında ona Mirzalibəyli kəndində bələdiyyə mülkiyyəti olan torpaqdan 0,12 ha həyətyanı torpaq sahəsi ayrılıb satılması qərara alınmışdır. Odur ki, tərəfindən Mirzalıbəyli bələdiyyəsinin X5 filialında olan bankın hesabına 1.140000 manat pul ödəmişdir. Ona ayrılıb satılacaq sözügedən torpaq sahəsinin yeri səlahiyyətli dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya üzvləri: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müdiri H.Həsənov, Bərdə rayon Paylayıcı Elektrik şəbəkəsinin müdiri K.Hacıyev, Bərdə rayon Su kanal İdarəsinin rəisi R.Zeynalov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin məsləhətçisi A.Əhmədov və Bərdə rayonu Mirzalibəyli bələdiyyəsinin üzvü X.Qasımov tərəfindən onun iştirakı ilə əvvəlcədən müəyyənləşdirilmiş, onun şimaldan dren ilə, şərqdən və qərbdən kəndaltı torpaq sahələri ilə, cənubdan isə kəndaltı torpaq sahəsi və poçtun binası ilə həmsərhəd olduğu, həyətyanı torpaq sahəsi kimi ona satılmasına komissiya üzvlərinin etiraz etmədiyi və məsləhət bildiyi qeyd edilməklə xx.xx.2006-cı il tarixli “sahəseçmə aktı” tərtib edilmiş, bu akt yuxarıda göstərilən komissiya üzvlərinin imzaları, həmin təşkilatların və Mirzalibəyli bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. Bundan başqa sözügedən 0,12 ha torpaq sahəsinin yerquruluşu planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən tərtib edilərək, möhürlə və imzalarla təsdiq edilməklə həmin sahəseçmə aktına əlavə edilmişdir. Beləliklə həmin torpaq sahəsinin Mirzalibəyli bələdiyyəsi tərəfindən ona ayrılıb verilməsi, satılması və yerində tanıdılması o dövrdə qüvvədə olmuş qanunvericilik aktlarına tam uyğun şəkildə həyata keçirilmişdir. Odur ki, 2006-cı ildən bu günədək torpaqdan istifadə edir və ona sahiblik edir, onu münbitləşdirmiş, ağaclar əkmişdir. Lakin ötən 16 ildə torpağın adına xüsusi mülkiyyət hüququ ilə rəsmiləşdirilməsinə tələsməmişdir. Nəhayət, xx.xx.2022-ci il tarixli ərizə ilə hazırki tələblə cavabdehə müraciət edərək zəruri sənədlərin surətlərini təqdim etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək əlavə olaraq bildirmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən Bərdə rayonu Mirzalıbəyli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarı, torpaq sahəsinin sahəseçmə aktı, torpaq sahəsinin təsdiq olunmuş yerquruluşu planı təqdim edilmiş, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin alqı-satqısına dair akt, torpaq sahəsinin plan və ölçü sənədi təqdim olunmamışdır. Bu səbəbdən də iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 8 saylı yığıncağının protokolundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 106 saylı qərarını əsas tutaraq 0.12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Mirzalıbəyli bələdiyyəsinin hesabına torpaq sahəsi ilə bağlı 1.140.000 (bir milyon yüz qırx min) manat məbləğində pul köçürülmüşdür. -surəti işə əlavə edilmiş xx.xx.2006-cı il tarixli sahəseçmə aktından görünür ki, bələdiyyə mülkiyyətində olan kəndaltı sahədən, 0,12 hektar həyətyanı torpaq sahəsinin ayrılıb yaşayış evi tikmək məqsədi ilə, Mirzalıbəyli kənd sakini İddiaçı satılmasına komissiya üzvləri etiraz etməyərək məsləhət bilmişlər, satılan 0,12 hektar həyətyanı torpaq sahəsi şimaldan dren ilə, şərqdən və qərbdən kəndaltı torpaq sahələri ilə, cənubdan isə kəndaltı torpaq sahəsi və poçtun binası ilə həmsərhəddir. -surəti işə əlavə edilmiş torpağın yerquruluşu planında 0.12 ha torpaq sahəsinin yerləşmə mövqeyi göstərilmişdir. -cavabdehin xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. -işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bərdə rayon Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 nömrəli protokolu ilə İddiaçı satılması nəzərdə tutulmuş Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 0.12 ha torpaq sahəsi TEKUİS məlumat bazasında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd edilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyalı, tikinti altında olan torpaqlar uqodiyalı olmaqla həyətyanı məqsədilə ayrılmış torpaq sahəsidir. Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 nömrəli iclas protokolu ilə İddiaçı satılması nəzərdə tutulmuş Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 0.12 ha torpaq sahəsi, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üstüstə düşür və sahəsi 0.12 hektardır. Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 08 nömrəli iclas protokolu ilə İddiaçı satılması nəzərdə tutulmuş Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları TEKUİS məlumat bazasına əsasən digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bərdə rayon Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 nömrəli protokolu ilə bələdiyyə ərazisində yaşayış evi tikmək məqsədilə İddiaçı 0.12 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq İddiaçı tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair torpaq sahəsinin sahəseçmə aktı, torpaq sahəsinin təsdiq olunmuş yerquruluşu planı əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bələdiyyə ilə torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin alqısatqısına dair akt, torpaq sahəsinin plan və ölçü sənədi təqdim edilmədiyindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq iclasının qərarı ilə iddiaçıya satılmış və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Yəni sözügedən torpaq sahəsi alğı-satqı qaydasında iddiaçıya satılmışdır. Cavabdehin imtinasının əsası kimi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin alqı-satqısına dair akt, torpaq sahəsinin plan və ölçü sənədinin təqdim edilməməsi qeyd olunmuşdur. İşə əlavə edilmiş mütəxəssis rəyi ilə təsdiq olunur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələri torpaqları kateqoriyalı, tikinti altında olan torpaqlar uqodiyalı olmaqla həyətyanı məqsədilə ayrılmış torpaq sahəsidir və sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla hər hansı subyektin mülkiyyətində olan sahə ilə üst-üstə düşmür. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin alqı-satqısına dair akt və torpaq sahəsinin plan və ölçü sənədi olmadan) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 nömrəli iclas protokolu ilə İddiaçı satılması qərar alınmış 0.12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar