Məhkəmə qərarları › İş №2-1(114)-2300/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2300/2023

22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2300/2023 22.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə rayon Mustafaağalı kənd Bələdiyyəsinə qarşı icarə müqaviləsinin müddətinin uzadılması və müvafiq sənədləşmənin aparılması tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bərdə rayon Mustafaağalı kənd Bələdiyyəsinə qarşı xx.xx.2023cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyularaq Bərdə rayonu Mustafaağlı kəndində yerləşən 5.80 ha torpaq sahəsinin icarə müddətinin artırılması və rəsmi olaraq adına sənədləşməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvlərilə birlikdə 1993-cü il tarixdə Ağdam rayonundan məcburi köçkün kimi Bərdə rayon Qaratəpə kəndində məskunlaşmışlar. 1993-cü il tarixdən bu vaxta qədər həmin kənddə yaşayırlar. Ailəsini dolandırmaq üçün torpaq sahəsi almaq və oradan gəlir əldə etmək qərarına gəlmiş və Bərdə rayon Mustafaağalı kəndində yerləşən "xxxx" firmasının mülkiyyətində olan icarəyə verilmiş 5.80 ha torpaq sahəsini 25 il müddətinə icarəyə götürmüşdür. "xxxx" Firmasının rəhbəri X3 ilə öz aralarında razılığa gəlmiş və Bərdə rayon Mustafaağalı kəndində yerləşən 5.80 ha torpaq sahəsi xx.xx.2002-ci il tarixli torpaq icarə müqaviləsinə və xx.xx.2003-cü il tarixli müqavilə ilə 25 il müddətinə ona icarəyə verilmişdir. O, həmin torpaq sahəsini yararlı hala salaraq oradan istifadə etmişdir. Hətta torpaq sahəsində pambıq becərək pambıq zavodu ilə müqavilələr bağlanılmış və oradan gəlir əldə edilmişdir. Halhazırda o, xeyli bir müddət torpaq sahəsindən istifadə etməyinə, baxmayaraq hazırda icarə müqaviləsi əsasında mülkiyyətində olmuş torpaq sahəsini istifadə edə bilmir. Həmin torpaq sahəsini hal-hazırda Bərdə rayon Mustafaağalı kənd bələdiyyəsi zəbt edərək, ona məxsus torpaq sahəsini kənddə olan qazilərə və veteranlara vermişdir. Təxminən 16 il bundan öncə Bərdə rayon Mustafaağalı kənd bələdiyyəsi X4 ona icarəyə verilmiş 5.80 ha torpaq sahəsini sənədləşmə yolu ilə 25 il müddətinə vermək istədiyini bildirmiş, o isə X1 inanmış olduğundan Elxan Vəliyev onu aldatmış və ona 15 illik icarə müqaviləsinə imza etmişdir. 15 il tamamından sonra isə bələdiyyə sədri torpaq sahəsindən istifadə etməyinə maneçilik törədərək torpaq sahəsindən çıxarıbdır. Hazırda torpaq sahəsindən istifadə edə bilmir və oradan gəliri yoxdur. Bunun üçün də Bərdə rayon Mustafaağalı kəndində yerləşən "xxxx" firmasının mülkiyyətində olan icarəyə verilmiş 5.80 ha torpaq sahəsinin icarə müddətinin artırılmasını və rəsmi olaraq adına sənədləşməsini istəyir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 22 avqust 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçı gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin məhkəmə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehin nümayəndəsi ona təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İşə əlavə edilmiş “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 32 nömrəli müqavilədən görünür ki, Bərdə rayonu Mustafaağalı Bələdiyyəsi xx.xx.2004-cü il tarixli, 13 saylı qərarı ilə bələdiyyəsinin əkin üçün yararlı olan 5.80 ha torpaq sahəsi 10 (on) il müddətinə iddiaçıya icarəyə verilmişdir. İşə əlavə edilmiş Bərdə rayonu Mustafaağalı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 09 saylı iclas protokolundan çıxarışdan görünür ki, iddiaçıya icarəyə verilmiş 5.80 ha torpaq sahəsinin icarə müddətinin bitməsi ilə əlaqədar icarə hüququna xitam verilmişdir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə iddiaçının xx.xx.2005-ci il tarixli, 32 nömrəli müqavilənin müddətinin uzadılmasını tələb etmək üçün subyektiv hüququnun olub-olmamasını müəyyən edilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının müddətinin uzadılmasını tələb etdiyi müqavilə artıq mövcud deyildir. Odur ki, hüquqi cəhətdən mövcud olmayan müqavilənin müddətinin uzadılması ağlabatan hesab edilə bilməz. Həmçinin iddiaçı ərizəsində qeyd etdiyi 5.80 ha torpaq sahəsinin ona məxsus olduğunu qeyd etsə də bu faktı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bərdə rayon Mustafaağalı kənd Bələdiyyəsinə qarşı icarə müqaviləsinin müddətinin uzadılması və müvafiq sənədləşmənin aparılması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Bərdə rayon Mustafaağalı kənd Bələdiyyəsinə qarşı icarə müqaviləsinin müddətinin uzadılması və müvafiq sənədləşmənin aparılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar