Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2307/2021 15.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı “Azəriqaz” X1 Regional Qaz istismarı İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı əmək haqlarının portala köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə məhkəmə iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” X1 Regional Qaz istismarı İdarəsinə qarşı 01 yanvar 2006-cı il tarixdən 01 mart 2007-ci il tarixə qədər “Azəriqaz” X1 Regional Qaz istismarı İdarəsində işlədiyi ayların əmək haqlarının portala köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 23.11.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, onun 65 yaşı keçən il tamam olmuşdur. əmək pensiyası almalı olduğu halda 130 manat sosial müavinət təyin edilmişdir. 2006-cı ilin yanvar ayından 2007-ci ilin mart ayınadək “Azəriqaz” X1 Regional Qaz istismarı İdarəsinin Tovuz rayon şöbəsində çilingər işləmiş və 13 ay əmək haqqı almışdır. Qanunvericiliyə uyğun olaraq 2006-cı ilin yanvar ayının 1-dən hər hansı müəssisəyə işçi işə qəbul olunan və iş yerindən əmək haqqı alan şəxslərin əmək haqları mühasib tərəfindən hər ay portala köçürülmüşdür. Lakin onun 2006-cı ilin yanvar ayından 2007-ci ilin mart ayınadək işlədiyi və aldığı əmək haqqı cavabdeh tərəfindən portala köçürülməmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş və əmək haqqı barəsində 22.07.2019-cu il tarixli 134 saylı rəsmi arayış almışdır. Lakin aidiyyəti qurumlar verilmiş arayışın icrasını təmin etmirlər. Ona deyilir ki, əmək haqqı Portala köçürülmədiyinə görə əmək pensiyasından mərhumdur. Şifahi məhkəmə baxış iclasında iddiaçı tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə və üçüncü şəxsə məlumat verilsə də, nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Göründüyü kimi, iddianın mümkünlüyü iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Bu mənada, iddia ərizəsinin məzmunundan və iddiaçının izahatından məlum olur ki, onun əsas məqsədi yaşa görə əmək pensiyasının təyin edilməsidir. Bu məqsədlə isə o, əvvəlcə pensiya təyin olunması ilə bağlı DSMF publik hüquqi şəxsinin müvafiq filialına müraciət etməli, əgər iddiaçının iddia etdiyi kimi həmin orqan tərəfindən 2006-cı ilin yanvar ayından 2007-ci ilin mart ayınadək sosial sığorta haqqının ödənilməməsini əsas gətirilərək imtina cavabı verilərsə, bu halda iddiaçı sözügedən inzibati orqana qarşı “həmin illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin olunması” tələbi ilə məhkəməyə müraciət etməlidir. Hazırki mübahisələ bağlı isə məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh qurum – “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2006-cı ilin yanvar-dekabr və 2007-ci ilin yanvarfevral ayları üzrə İddiaçı görə məcburi dövlət sosial sığorta haqları ödənilmiş, bu barədə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında”məlumatlarda da qeydlər mövcud olmuşdur. Göründüyü kimi, iddiaçının tələb etdiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri cavabdeh qurum tərəfindən ödənilərək, bu barədə hesabatlar müvafiq DSMF orqanına təqdim olunduğundan, həmin məlumatın DSMF portalına köçürülməsinə zəruriyyət qalmamışdır. Belə olan halda, hazırkı iddia iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün uğurlu iddia sayıla bilməz. Ona görə də iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir və belə olan halda iddia mümkün sayıla bilməz. Digər tərəfdən iddiaçı yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müvafiq orqana rəsmi qaydada müraciət etmədiyindən İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddia tələbinə dəqiqləşmə verməsi barədə təklif edilmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, qərara aldı: İddiaçı “Azəriqaz” X1 Regional Qaz istismarı İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı əmək haqlarının portala köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah olunsun ki, hüquqi marağına uyğun “yaşa görə əmək pensiyasının təyin olunması” tələbi ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin müvafiq filialına müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr., 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr., 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2307/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2307/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver