Məhkəmə qərarları › İş №2-1(114)-2308/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2308/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2308/2024 07.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X2 Təchizat” MMC-yə qarşı yüksək gərginlikli xəttin kənarlaşdırılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh “X2 Təchizat” MMC-yə qarşı yüksək gərginlikli xəttin kənarlaşdırılması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli **********2 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.0047 ha qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında İddiaçıa adına qeydə alınmışdır.

2. “Azərittifaq” Xanlar rayon İstehlak Cəmiyyətinin xx.xx.1994-cü il tarixli 211 nömrəli müqaviləsinə əsasən, Xanlar rayon İstehlak Cəmiyyəti Quşqarada yerləşən 57 №-li maqazin İddiaçı adına özəlləşdirilmişdir.

3. “Azərittifaq”ın idarə heyyətinin xx.xx.2023-cü il tarixli 55 nömrəli qərarına əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən tikinti altı sahəsi 219,5 kv.m olan mağaza binasının payçı İddiaçı satılmasına dair Xanlar rayon İstehlak cəmiyyəti idarə heyətinin xx.xx.1994-cü il tarixli (protokol 11) qərarı və təhvil-təslim aktı qüvvədə saxlanılmış, əvvəlki ödədiyi məbləğ nəzərə alınmaq şərtilə əlavə olaraq əmlakın dəyəri üçün 2000(iki min) manat ödənilməsi qərara alınmışdır.

4. İddiaçı cavabdeh “X2 Təchizat” MMC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onun qanuni mülkiyyətində olan 47.0 kv.m qeyriyaşayış sahəsindən, istifadəsində və sahibliyində olan 219,5 kv.m sahəni əhatə edən 57 saylı “Təsərrüfat malları” mağaza binasından fəaliyyətinə əngəl törədən yüksək gərginlikli xəttin onun istifadəsində olan 0.10 ha torpaq sahəsindən kənara çıxarılması və həmin əməliyyat üçün çəkiləcək xərclərin cavabdehin və Göygöl RƏŞ-in üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Quşqara kənd sakini olaraq 1975-ci il tarixdən (keçmiş Xanlar) indiki Göygöl rayon kooperativ cəmiyyətində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1991-ci il tarixli 16 saylı Xanlar rayon XDS-nin protokolu əsasında Bağmanlar toxumçuluq sovxozunun yararsız torpaq sahəsindən 0.10 ha ayıraraq Xanlar rayon İstehlak cəmiyyətinə “Tikinti materialları“ mağazası tikmək üçün verilmiş və 1991-ci ilin sonunda istismara buraxılmış 57 saylı “Təsərrüfat Malları” mağazasında müdir vəzifəsində çalışmış və Xanlar RİC-in idarə heyətinin xx.xx.1994-cü il tarixli 240 №-li müraciətinə X1 xx.xx.1994-cü il tarixli MS-357-263 saylı qərarı ilə mağazanın özəlləşdirilməsinə icazə verilmiş və RİC-nin xx.xx.1994-cü il tarixli 11 saylı iclas protokolu ilə 57 saylı mağazanın onun tərəfindən özəlləşdirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.1994-cü il tarixli 211 saylı müqavilə ilə mağazanın dəyəri bina üçün ******* rubl avadanlıq üçün 983.0 rubl, xx.xx.1994-cü iı tarixli 73 saylı qəbzlə 3580000.0 rubl, xx.xx.1994-cü il tarixli 88 saylı qəbzlə 1737703.0 rubl olmaqla cəmi 5317703.0 (beş milyon üç yüz on yeddi min yeddi yüz üç) manat ödənildikdən sonra 57 saylı “Təsərrüfat Malları" mağazası ona təhvil verilmişdir. Qeyd olunan tarixdən həmin mağaza onun sahibliyində və istifadəsindədir. 57 saylı mağaza onun sahibliyinə və istifadəsinə keçdikdən sonra həmin ünvanda "Akif-4411" İstehsal komessiya firması təsis edərək xx.xx.1995-ci il tarixli 2343 saylı Təsərrüfat subyektinin Dövlət qeydiyyatı haqqında şəhadətnamə alaraq komersiya fəaliyyətini davam etdirmiş və xx.xx.1998-ci il tarixli ******* saylı şəhadətnamə ilə Statistika Komitəsi tərəfindən dövlət reyestrinə daxil edilərək vergi ödəyicisi kimi fəaliyyət göstərmişdir. 57 saylı “Təsərrüfat malları" mağazası istismara verildiyi zaman Azərbaycan Respublikasının qüvvədə olan bütün qanunvericilik aktlarının tələblərinə uyğun olaraq xüsusi layihə əsasında inşa edilmiş və həmin dövrdə “Azərenerji”nin müayinəsi və razılığı ilə müvafiq texniki şərtlər daxilində enerji təchizatı şəbəkəsinə qoşularaq sayğacla təmin edilmişdir. Qeyd olunan dövrlərdə mağazanın mühafizə zolağında yüksək gərginlik xətti olmamışdır. 2015-ci ilin sonlarında iddiaçının səhhətində olan nasazlıqlarla əlaqədar olaraq fəaliyyətini dayandırmış və müalicəsiylə məşğul olduğundan onun mülkiyyətində, istifadəsində və sahibkarlığında olan tikinti binalarının yaxınlığından (1.7-2.0m) yüksək gərginlik xəttinin çəkilməsindən xəbəri olmamışdır. Həmin ərazidən yüksək gərginlik xəttinin çəkilməsi üçün (iddiaçının istifadəsində olan torpaq sahəsindən) iddiaçıdan nəinki icazə alınmamış, hətta onun mülkiyyətində, istifadəsində və sahibliyində olan əmlakından istifadə hüququ məhdudlaşdırılmış və kooperasiyadan aldığı əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyətinə keçməsinə əngəl törədilərək onun əmlakdan istifadə hüququ pozulmuşdur. xx.xx.2016-cı il tarixdə mağazada istifadəsində olan keçmiş sovet tipli elektrik sayğacı çıxardılaraq Rusiya istehsallı 64293941M32019 Neli mexaniki sayğacla əvəzlənmiş və qeyd olunan sayğaca uyğun texniki şərt əsasında enerji təminatına qoşulmuşdur. Mağazanın yaxınlığından (1.7-2m) çəkilmiş yüksək gərginlik açıq alüminium məftillər yağışlı və çiskinli hava şəraitində əsl ölüm mənbəyi olaraq şimşək çaxan kimi işıq saçmaqla yellənərək ona və ətrafdan keçənlərə ölüm vahiməsi yaşatmaqla əsl təhlükə mənbəyi kimi qalmaqdadır.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

8. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

9. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

10. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmayan mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

11. İddia ərizəsindən görünür ki, hazırkı mübahisə istehlakçı olan iddiaçı ilə elektrik enerjisinin istehsalı sahəsində fəaliyyət göstərən qurum arasında yüksək gərginlikli xəttin qeyri-yaşayış binasının yaxınlığında inşa edilməsi ilə bağlıdır və bu, müvafiq səlahiyyətli inzibati orqanların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə deyildir və belə mübahisələrə mülki məhkəmə icraatı qaydasında rayon (şəhər) məhkəmələri tərəfindən baxılır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarın da məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. Adıçəkilən qərarın 13-cü bəndində qeyd edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24- 26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.

14. Hazırkı iş üzrə cavabdeh “X2 Təchizat” MMC inzibati orqan kimi qəbul edilmir və tərəflər arasında olan mübahisə üzrə mülki hüquq münasibətləri mövcuddur. Bu münasibətdən irəli gələn hüquq və vəzifələr müəyyənləşdirilmişdir. Belə olan halda hazırki mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalıdır.

15. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

18. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar