Məhkəmə qərarları › İş №2-1(114)-231/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-231/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-231/2022 07.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinə hasarın çəkilməsinə müdaxilə edilməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 10.11.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkün torpaq sahəsinə hasarın çəkilməsinə müdaxilə edilməməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının xüsusi mülkiyətindədir. Bununla bağlı ona ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən iddiaçının mülkiyətində 0,0467 ha torpaq sahəsində ümumi sahəsi 112.9 kv.m olan ev var. İddiaçı çıxarışa əlavə edilən texniki pasporta uyğun torpaq sahəsinin küçəyə baxan hissəsində uçurulmuş barının bərpa etdirib, tikdirmək istəmiş, lakin Cavabdeh tərəfindən buna maneələr yaradılmışdır, Belə ki, cavabdeh qurumun arxitektura şöbəsinin əməkdaşları onun həyətinə gələrək iddiaçıdan tikintinin dayandırılmasını tələb etmiş, hətta tikintini uçurtmağada cəhd göstərmişlər. İddiaçı qeyd olunanlara əsaslanaraq hesab edir ki, mülkiyyətində olan əmlaka cavabdeh tərəfindən törədilən müdaxilə qanunsuzdur və əsassızdır. İddiaçının vəkili X1 hazırlıq icraatı iclasında iddianı müdafiə etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, 24.06.2008-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.0467 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş DƏDRX-nin Gəncə Ərazi İdarəsinin 23.11.2012-ci il tarixli, **********25-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki göstəriciləri İddiaçı adına işlənmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında 0.0467 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı sözü gedən evin yerləşdiyi torpaq sahəsinin küçəyə baxan hissəsində uçurulmuş barının bərpa etdirib, tikdirmək istəsə də, cavabdeh orqanın əməkdaşları tərəfindən mülkiyyətində olan torpaq sahəsinə hasar çəkilməsinə maneələr yaradılmışdır. Bu səbəbdən də iddiaçı qeyd olunan halı məhkəmədə mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, mülkiyyət hüququ və onun reallaşdırılması həm daxili qanunvericilikdə, həm də beynəlxalq hüquq normalarında öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. -71-ci maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. -71-ci maddəsinin İİ hissəsində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:- 152.1-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsində qeyd olunmuşdur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maeəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maeəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Göründüyü kimi dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. İddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə yerli baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ətrafına əvvəllər çəkilmiş və texniki pasportda göstərilmiş hasar hazırda mövcud deyil, həmin yerə süni daş döşənmiş və enli səki kimi ümumi istifadədədir. Göründüyü kimi iddiaçı ona mənsub əmlak barəsində öz mülahizəsinə əsasən müvafiq hərəkət etmək istəsə də, cavabdeh tərəfindən onun bu hüququ məhdudlaşdırılmışdır. Konstitusiyada da qeyd olunduğu kimi hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Lakin hazırki iş üzrə cavabdeh orqana iddiaya qarşı öz münasibətini (etirazını) təqdim etməsi təklif olunsa da, cavabdeh orqan tərəfindən etirazın təqdim edilməsi, eləcə də nümayəndəsinin iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, cavabdeh orqan iddiaçının torpaq sahəsinə hasarın çəkilməsinə müdaxilə edilməsini hər hansı formada əsaslandıra bilməmişdir, eləcə də belə müdaxiləni şərtləndirən arqumentləri yoxdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının torpaq sahəsinə hasarın çəkilməsinə müdaxilə edilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Bu səbəbdən də iddiaçıya məxsus torpaq sahəsinə hasarın çəkilməsinə müdaxilə edilməməsi ilə bağlı öhdəlik cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) iddialara baxılır. -34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə müvafiq texniki pasportda olan göstəricilərə və koordinatlara uyğun hasarın çəkilməsinə müdaxilə etməkdən çəkinmək öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar