Məhkəmə qərarları › İş №2-1(114)-231/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-231/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-231/2024 04.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X15 və X13 cavabdeh Gədəbəy rayon Polis Şöbəsinə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı, X15 və X13 cavabdeh Gədəbəy rayon Polis Şöbəsinə qarşı üçüncü şəxslər X26, X16, X27 və X8 onlara məxsus olan ünvan 1ində yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 152 kv.m sahədən ibarət fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X15 və X13 adına qeydə alınmışdır.

2. Gədəbəy RİHB Qaradağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 189 nömrəli arayışında qeyd edilir ki, Qaradağ kənd İƏD üzrə nümayəndəliyin 2021-2025-ci illəri əhatə edən 01 saylı ev təsərrüfatlarının uçotu kitabının 64-cü səhifəsində 60 nömrəli şəxsi hesaba əsasən İddiaçı təsərrüfatında sabiq gəlini X21, nəvələri X26, X16, X27 qeydiyyatdadırlar və nümayəndəliyin ərazisində yaşamırlar.

3. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)-608/2020 nömrəli qətnaməsi ilə X11 azyaşlı uşaqları xx.xx.20004-cü il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X27 ilə birlikdə evin yardımçı sahələrindən istifadə etmək hüququ tanınmaqla ünvan 1ində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsində tikilmiş, hazırda İddiaçı, X15 və X13 yaşadığı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

4. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-545/2021 nömrəli qətnaməsi ilə X11 İddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına 8000 manat kompensasiya ödənilməklə xitam verilməsi və istifadə hüququna xitam verilməsinin kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunması qət edilmişdir.

5. İddiaçı üçüncü şəxslərin ona məxsus Gədəbəy rayonu, Qaradağlı kəndində yerləşən evdən qeydiyyatdan çıxarılmaları barədə Gədəbəy Rayon Polis Şöbəsinə etdiyi müraciətinə həmin Şöbənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, X11 övladları X16 və X17 yetkinlik yaşına çatmadıqlarına baxmayaraq, məhkəmə qətnaməsində mübahisəli fərdi yaşayış evinə olan hüquqlarına xitam verilməsi göstərilmədiyi üçün evdən qeydiyyatdan çıxarılmaları qanunla mümkün deyildir. Aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülür.

6. Məhkəmənin sorğusuna Gədəbəy Rayon Məhkəməsinin 10.0.2023-cü il tarixli 1-278/2023 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-545/2021 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır.

7. Məhkəmənin sorğusuna Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-638/2023 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, X11 ərizəsinə əsasən Gədəbəy rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-545/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir.

8. Məhkəmənin sorğusuna Gədəbəy RİHB Qaradağ kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-44/1-28/2023 nömrəli cavab məktubundan görünür ki, İddiaçı ünvan 1ində yerləşən evində, Qaradağ kənd İƏD üzrə nümayəndəliyin 2021-2025-ci illəri əhatə edən 01 saylı ev təsərrüfatlarının uçotu kitabının 64-cü səhifəsində 60 nömrəli şəxsi hesaba əsasən nəvələri X26, X16, X27 və nəticəsi X18 qeydiyyatdadırlar.

9. Məhkəmənin sorğusuna Gədəbəy RİHB Qaradağ kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-44/1-37/2023 nömrəli cavab məktubunda qeyd edilir ki, X16 və onun anası X1 sakini İddiaçı evində əvvəllər yaşayıblar, lakin bir neçə il olar ki, İddiaçı evində yaşamırlar. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Gədəbəy rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh qurumun hərəkətlərini qanunsuz hesab edilərək, 3-cü şəxslər X9 və X17 ona məxsus olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında yerləşən evi üzərində hüquqları dövlət qeydiyyatından keçmiş, həmin fərdi yaşayış evi onun mülkiyyətindədir və ev üzərində X11 Gədəbəy rayon Məhkəməsinin qətnaməsinə əsasən köçürülmə hüququ tanınmışdır. X21 onun keçmiş gəlini olmuşdur. Bundan sonra iddiaçı tərəfindən X14, X12 və X22 8000 manat kompensasiya verilməklə ev üzərində Gədəbəy Rayon Məhkəməsi tərəfindən tanınmış istifadə hüququna ərizəsinə əlavə etdiyi Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. 3-cü şəxslər X16 və X27 onun nəvələri olmaqla yetkinlik yaşlarına çatmadıqlarına görə analarının himayəsində olmaqla analarının yanında yaşayırlar. Buna dair həmçinin X21 tərəfindən Gədəbəy rayon İcra və probasiya şöbəsinə ərizə də təqdim edilmişdir. X21 tərəfindən ona 8000 manat kompensasiya iddiaçı tərəfindən ödənildikdən sonra X5 Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayətindən imtina etmiş və buna dair Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qərardad çıxarılmışdır. X3, onun himayəsində olan X9 və X17 onun evindən olan istifadə hüquqularına xitam verilmişdir. Həmin şəxslərində iddiaçının evindən istifadə hüquqularına xitam verildiyinə görə pasport qeydiyyatının ləğvi ilə bağlı o müraciət etsə də, cavabdeh əsassız olaraq onların yetkinlik yaşlarına çatmadığına görə onların pasport qeydiyyatının ləğvindən əsassız olaraq imtina etmişdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

14. Belə ki, iddiaçılar sözügedən evin mülkiyyətçisi olduqlarından iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar.

15. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh Gədəbəy rayon Polis Şöbəsi (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Cavabdeh Gədəbəy rayon Polis Şöbəsinin yerləşdiyi Gədəbəy şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

21. Gəncə İnzabati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2918/2023 nömrəli qərardadı ilə X16 və X21 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2918/2023 nömrəli qərardadı ilə X15 və X25 müştərək iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

23. İddiaçılar xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, X26, X16, X27 və X8 ona məxsus olan ünvan 1iında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

24. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadları ilə X11 hazırkı işdə üçüncü şəxs qismində iştirakına xitam verilmiş, eyni zamanda X26, X27 və X18 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onun iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

26. İddiaçılardan İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

27. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

28. İddiaçılardan İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

29. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gədəbəy RİHB Qaradağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 189 nömrəli arayışı; - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)-608/2020 nömrəli qətnaməsi; - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-545/2021 nömrəli qətnaməsi; - Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Gədəbəy Rayon Məhkəməsinin 10.0.2023-cü il tarixli 1-278/2023 nömrəli cavab məktubu ; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-3986/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-638/2023 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Gədəbəy RİHB Qaradağ kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-44/1-28/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gədəbəy RİHB Qaradağ kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-44/1-37/2023 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

31. Məhkəmə proses iştirakçısını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

32. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən mənzil İddiaçı, X15 və X13 adına qeydə alınmaqla, hazırda onların ümumi birgə mülkiyyətindədir. Üçüncü şəxslər X26, X16, X27 və X18 iddiaçılardan İddiaçı və X10 nəvələri, iddiaçı X13 isə qardaşı övladlarıdır. X18 isə X19 övladıdır.

33. Belə ki, iddiaçılar İddiaçı və X10 oğlu olan X29 ilə X11 nikahları pozulduqdan sonra X26, X16 və X27 adlı övladları ilə iddiaçılara məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinə məhkəmə qətnaməsi əsasında köçürülməklə, istifadə hüquqları tanınmışdır. Daha sonra məhkəmə qətnaməsi ilə X11 İddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına 8000 manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmiş, həmin qətnamə icra edilməklə icra sənədinin icraatına xitam verilmişdir.

34. X21 iddiaçılara məxsus evdən qeydiyyatdan çıxsa da, onun övladları X16, X6 Jalə Yaqub qızı və sonuncunun övladı X2 evdə qeydiyyatda qalamağa davam edirlər, azyaşlı X18 isə şəxsiyyət vəsiqəsi ilə təmin edilərkən anası olan X19 yaşayış ünvanı üzrə həmin evə qeydiyyata alınmışdır.

35. Üçüncü şəxslər uzun müddətdir, həmin evdə yaşamamalarına baxmayaraq, evdən qeydiyyatdan çıxmadıqları üçün iddiaçılardan İddiaçı cavabdeh orqana müraciət edərək, həmin üçüncü şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.

36. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, X11 övladları X16 və X17 yetkinlik yaşına çatmadıqlarına baxmayaraq, məhkəmə qətnaməsində mübahisəli fərdi yaşayış evinə olan hüquqlarına xitam verilməsi göstərilmədiyi üçün evdən qeydiyyatdan çıxarılmaları qanunla mümkün deyildir.

37. Lakin məhkəmə cavabdeh orqanın imtinasını əsassız və qanunsuz sayır.

38. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. - Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

40. Göründüyü kimi, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

41. İş materialları ilə müəyyən edilir ki, üçüncü şəxslər anaları ilə birlikdə sözügedən evə köçürülmüşlər və analarının istifadə hüququna məhkəmə qətnaməsi ilə kompensasiya ödənilməklə xitam verilsə də, həmin məhkəmə qətnaməsində onun övladlarının evə olan hüquqlarına xitam verilməsi göstərilmədiyi üçün cavabdeh orqan onları qeydiyyatdan çıxarmaqdan imtina edir.

42. Məhkəmə onu da qeyd edir ki, üçüncü şəxslərin iddiaçılara məxsus evdə yaşamadıqları müəyyən edilir ki, bu halda onların iddiaçılara məxsus evdə formal qeydiyyatda qalmaları isə onların mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüquqlarını məhdudlaşdırır.

43. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər.

44. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. X26, X16, X27 və X8 ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X15 və X20 məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Gədəbəy rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar