Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2314/2022 18.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Nümayəndə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “VAZ- 396295-449” markalı avtomobilin dövlət qeydiyyatına alınmasının və müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təhcizat Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada ” Fərrux KM” Şirkətindən alınmış “UAZ-396295-449” markalı 2014-cü il buraxılışı , 01 (bir) ədəd avtomaşın xx.xx.2015-ci il tarixdən “Bərdə RMX” phş-nin balansına verilmişdir. Hal-hazırda da bu tibb müəssisəsinin balansındadır. Həmin avtomobilin qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət edilsə də, müraciət təmin edilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Nümayəndə əsl iddiaçı “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, işə əlavə edilmiş sənədlərin heç birinin əsli onlarda və Nazirlikdə olmadığından cavabdehə təqdim edə bilməmişlər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 016-17781-1222 02.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, “UAZ-396295-449” markalı 2014-cü il buraxılışlı, ban XTT396295F1205821 avtomobilə dair sənədlərin əsli təqdim edilmədiyindən həmin nəqliyyat vasitəsinin DİN Baş X4 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyata alınmasının qeyri-mümkün olması bildirilmişdir. Göründüyü kimi qeyd olunan məktub imtina xarakterli akt hesab edilə bilməz və inzibati orqan qanunvericiliyin tələblərinə əsasən iddiaçının müraciətinə baxılması üçün nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması üçün sənədlərin əslinin təqdim edilməli olduğunu iddiaçının nəzərinə çatdırmışdır. Bu hal iddiaçının hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilə bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və cavabdehin imtinasının olub-olmaması həmin şərtlərdən biridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2314/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2314/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver