Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2316/2025 16.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəzə oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, hazırda Kəlbəcər rayonu, Başlıbel kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. Qanuni nümayəndə və X1 nikah münasibətlərindən iddiaçı xx.xx.2008-ci il tarixdə Bakı şəhərində, X4 xx.xx.2007-ci il tarixdə Gəncə şəhərində, X8 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən Qanuni nümayəndə AA seriyalı 276772 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-36/2-H-156xx-xx/2024/15767 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İddiaçının anası X1 Azərbaycan Respublikası vətəndaşı olmadığına görə və işğal olunmuş rayona (şəhərə) qeydiyyata düşmədiyindən iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. İmtina ilə razılaşmayan iddiaçı tərəf cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, valdeynləri 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. Ailəsi ilə birlikdə müvəqqəti olaraq Gəncə şəhərində məskunlaşmışlar. Məcburi küçkünlük dövründə atası Qanuni nümayəndə anası Esmira Həsənova ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Məlumat üçün bildirir ki, anası əslən Kəlbəcər rayonundan olsa da, məcburi köçkün deyil. Atası və anasının birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X8 və o, yəni xx.xx.2008-ci il təvəllüdlü İddiaçı adlı üç övladları olmuşdur. xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı doğulduğu gündən məcburi köçkün kimi qeydiyyata alınaraq dövlət tərəfindən verilmiş bütün imtiyazlardan yararlanmışdır. Cari ildə cavabdeh inzibati orqana müraciət edərək məcburi köçkün vəsiqəsi verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan müraciətinə imtina verərək bildirir ki, anasının məcburi köçkün olmadığı üçün ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi imkan xaricindədir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Cavabdehin iddiaya etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nümayəndəsi X6 izahat verərək göstərmişdir ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, iddiaçının anası X5 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanununa və "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a müvafiq olaraq, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Həmçinin iddia ərizəsinin məzmunundan iddiaçının məqsədinin müvafiq vəsiqənin alınmasından sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” QaydasınDA nəzərdə tutulan müavinətin alınmasından ibarətdir. Son dövrlərdə qeyd edilən müavinətin ödənilməsindən imtina edilir. Bütün bunların nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət edilmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə istinad edilməklə, anası X1 Azərbaycan Respublikası vətəndaşı olmadığına görə və işğal olunmuş rayona (şəhərə) qeydiyyata düşmədiyindən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AA seriyalı 276772 Qanuni nümayəndə Kəlbəcər rayonundan məcburi köçkündür. Cavabdehin hazırkı imtinasının əsası iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni, iddiaçının atasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsa da, anası Azərbaycan Respublikası vətandaşı deyil və işğal olunmuş rayonda qeydiyyatda deyildir. Məhkəmə qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Belə ki, adı çəkilən Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Bu cür hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən cavabdeh inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. İnzibati orqanların inzibati praktikası həm onların özlərinin müstəqil olaraq formalaşdırdığı, həm də məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı). Beləliklə, hazırkı mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçıya məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəli Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2316/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2316/2025
16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver