Məhkəmə qərarları › İş №2-1(114)-2318/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2318/2023

18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2318/2023 18.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X5 və onun vəkil olan nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə 0.03 ha torpaq sahəsi sahibkarlığın inkişafı məqsədilə X3 ayrılmış və bu barədə 23 avqust 2005-ci il tarixli JN-0693 KOD 61100028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin xx.xx.2012-ci il tarixli 48/182/3 nömrəli məktubunda Mərkəzin elektron məlumat bazasına əsasən Torpağa mülkiyyət hüququna dair dövlət aktında JN-693 (KOD 61100028 nömrəli) torpaq sahəsinin X3 məxsus olduğu bildirilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə X2 adına qeydə alınmış və həmin tarixdə A № 008508 nömrəli Torpaq sahəsinin planı və ölçüsü barədə sənəd tərtib edilmişdir.

4. Yevlax bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli 116 nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin hazırlayaraq təsdiq etdiyi torpaq sahəsinin planına (cizgisinə) və torpaq sahəsinin normativ qiyməti barədə sənədə əsasən Yevlax şəhərinin cənub hissəsində, Ələt-Gəncə avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsinin sol tərəfində yerləşən 16,27 hektar, o cümlədən 15,39 hektar kənd təsərrüfatına şərti yararsız torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq (biznes-ticarət mərkəzinin, avtomobillərin satışı, sərgisi salonunun, texniki-təmir sexinin, maye-qaz və yanacaqdoldurma məntəqəsinin, “Motel” və böyük tonnajlı avtomobillərin dayanacağı stansiyasının tikintisi) üçün "xxxx" MMC-yə satılmaqla mülkiyyətinə verilməsi qərara alınmışdır.

5. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 19 dekabr 2006-cı il tarixli 230 nömrəli sərəncamına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin müraciəti nəzərə alınmış, Yevlax bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli 116 nömrəli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə verilmiş 16.27 hektar torpaq sahəsində tərtib olunmuş layihə əsasında, neft məhsullarının və maye qazın satışı üçün yanacaq doldurma məntəqələrinin, avtomobillərin satışı, sərgisi salonunun, “Motel” və bank binalarının avtoservis xidməti sexlərinin və ağır tonajlı maşınların dayanacağı stansiyasının tikintisinə icazə verilməsi qərara alınmışdır.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışla Yevlax şəhəri, Bakı prospektində mülkiyyətində olan 0.08788 ha torpaq sahəsində yerləşən 2 girişli, 34 otaqlı, 867.27 kv.m ümumi, 725.61 kv.m əsas, 141.66 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (Biznes-ticarət mərkəzi) tam mülkiyyət hüququ üzrə xx.xx.2007-ci il tarixdə "xxxx" MMC-nin adına qeydə alınmışdır.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışla Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında mülkiyyətində olan 0.60 ha torpaq sahəsində yerləşən 203.61 kv.m ümumi, 170.64 kv.m əsas, 32.97 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi xx.xx.2008-ci il tarixdə "xxxx" MMC-nin adına qeydə alınmışdır.

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışla Yevlax şəhərində yerləşən 15.50412 ha ehtiyat fond torpaqlarına aid torpaq sahəsi mülkiyyət hüququ əsasında xx.xx.2008-ci il tarixdə "xxxx" MMC-nin adına qeydə alınmış və həmin tarixdə AA № 001540 nömrəli Torpaq sahəsinin planı və ölçüsü barədə sənəd tərtib edilmişdir.

9. "xxxx" MMC-nin direktoru xx.xx.2019-cu il tarixdə cavabdeh orqana müraciət edərək, X2 adına verilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışın ləğv olunmasını xahiş etmiş və 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, dövlət reyestrindən X2 adına verilmiş Tərtər rayonu, Bəyimsarov kəndinin ərazisi kimi qeydiyyata alınmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarış vətəndaş X2 təqdim etdiyi ərizə və ərizəyə əlavə etdiyi ilkin hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir. Təqdim edilmiş məktub X2 adına olan çıxarışın ləğv edilməsi üçün əsas deyildir.

10. Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2020-cu il tarixli 886 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" MMC ilə X5 arasında yaranmış torpaq mübahisəsinin həll edilərək "xxxx" MMC-nin mülkiyyətində olan Bakı prospekti, 27 saylı ünvanda yerləşən ərazinin Tərtər rayonunun inzibati vahidinə aid olub-olmaması barədə səriştəli məlumat əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Məclisinə sorğu verilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi aparatından Yevlax Şəhər İcra Hakimiyyətinə daxil olmuş məktub və xəritə sənədlərindən məlum olur ki, ünvan 2 ünvanda yerləşən ərazi əvvəllər Tərtər rayonunun inzibati ərazi vahidinə aid olmuş, 21 aprel 2006-cı il tarixli 96-İİİQ nömrəli “Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həmin ərazi Yevlax rayonunun inzibati sərhədlərinə daxil edilmişdir.

11. Daşınmaz əmlakın AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında "xxxx" MMC Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında yerləşən 0.60 ha torpaq sahəsi və 203.70 kv.m olan əmlak kompleksi kimi müəssisəni xx.xx.2020-ci il tarixdə İddiaçı 85.000 manata satmışdır.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışla Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında olan 0.60 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 203.70 kv.m-dən ibarət daşınmaz əmlak İddiaçı adına qeydə alınmışdır. II. Məhkəmədə icraat

13. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X2 adına qeydiyyata alınan xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********12 reyestr nömrəli qeydiyyatın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Tələb onunla əsaslandırılmışdır ki, Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 230 saylı sərəncamından göründüyü kimi Yevlax bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 116 saylı qərarı ilə biznes-ticarət mərkəzinin, maye-qaz və yanacaq doldurma məntəqəsinin və s. tikintisi üçün Yevlax-Gəncə avtomobil yolunun cənubqərbində yerləşən boş və istifadəsiz ərazidən 16,27 ha torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətinə verilmiş (satılmış) və qeyd olunan sərəncamın 2-ci bəndi ilə qeyriyaşayış sahələrinin tikintisinə icazə verilmişdir. "xxxx" MMC-yə satılan həmin torpaq sahəsi yerləşən Yevlax-Gəncə (Bakı-Ələt-Gəncə) avtomobil yolunun Yevlax şəhərinə düşən hissəsinin sağ və sol hissələri Yevlax şəhər təsərrüfatına və Yevlax şəhər yerquruluşu planına salınaraq Yevlax şəhərində yerləşən Gömrük, Fövqəladə Hallar, Vergilər, İqtisadiyyat və Sənaye, ƏMDK və sairə Komitə və Nazirliklərin regional idarələri, bir sıra müəssisə, təşkilat, otel, avtovağzal kompleksi, məcburi köçkünlər üçün şəhərcik, həmçinin də "xxxx" MMC-nin inşa etdirdiyi qeyri-yaşayış sahələri həmin yolun sağ və sol hissələrində inşa edilərək yola Bakı prospekti adı verilmişdir. MH seriyalı ******* nömrəli çıxarışdan və AA seriyalı 001540 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Yevlax Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 116 saylı qərarı ilə “Delfin" MMC-nin adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin ünvanı (olduğu yer və yerləşdiyi ərazi) Yevlax şəhəridir. Torpaq sahəsinin planı və ölçüsünün 3-cü səhifəsində yerləşən torpaq sahəsinin cizgi planından da görünür ki, torpaq sahəsi hazırda Yevlax şəhəri Bakı prospekti adlanan Yevlax-Gəncə avtomobil yolunun cənub-qərbində yerləşir. Hazırda iddiaçı “Delfin" MMC-yə məxsus Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanda yerləşən yanacaq doldurma məntəqəsi Rusiyanın “Lukoil” neft şirkətinə icarəyə verilmişdir. Şirkət yanacaqdoldurma məntəqəsində uğurla fəaliyyət göstərir. Son vaxtlar ünvan 5 ünvanında yaşayan Yevlax şəhər sakini iş üzrə üçüncü şəxs X5 adlı şəxs cavabdeh DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən onun adına verilən Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 0,03 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2015-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə iddiaçı "xxxx" MMC-yə məxsus “Lukoil” neft şirkətinin istifadəsində olan yanacaq doldurma məntəqəsinin ərazisinə daxil olub məntəqənin işlək ərazisinin 0,03 ha sahəsinin ona məxsus olduğunu bildirərək söyüş və təhqiredici ifadələr işlədib məntəqənin tərk edilməsini tələb edir. Üçüncü şəxsə məxsus çıxarışdan görünür ki, ona Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin verdiyi torpaq sahəsi Bəyimsarov kənd ərazisinə aid torpaq sahəsinə, "xxxx" MMC-yə aid torpaq sahəsi isə Yevlax şəhər ərazisinə aid torpaq sahəsidir. Əvvəllər ərazi Tərtər rayonunun ərazisi olub. Yevlax rayonunun ərazisi də Tərtər şəhərinə yaxın olub. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 96-İİİQ saylı Fərmanı və Mili Məclisinin müvafiq qərarı ilə təsdiqlənən Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununun İ hissəsinə əsasən Yevlax şəhərinə yaxın Tərtər rayonunun ərazisi, Tərtər şəhərinə yaxın Yevlax rayonunun ərazisi ilə dəyişdirilib. Bu dəyişdirmədən sonra həmin ərazidən 16,27 ha torpaq sahəsi Yevlax bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 116 saylı qərarı ilə "xxxx" MMC-yə satılıb. Yevlax şəhər İcra Hakimiyyətinin 230 saylı sərəncamı ilə "xxxx" MMC-yə satın aldığı həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmiş və 2007-2008-ci illərdə tiklilər başa çatdıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır.

15. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1458/2019 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

16. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi əldə edilmişdir. Həmin rəydə göstərilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində seriya RX ******* **********12 reyestr nömrəsi ilə X2 xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.03 ha torpaq sahəsinin A № 008508 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatları, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində seriya MH 005033 **********80-12301 reyestr nömrəsi ilə iddiaçı "xxxx" MMC-nin mülkiyyət hüquqları qeydiyyata alınmış elektron bazada göstərilən 0.60 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.

17. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və mütəxəssis rəyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********57 nömrəli məktubuna əlavə edilərək məhkəməyə göndərilmişdir. Həmin rəydən görünür ki, elektron məlumat bazasında mövcud olan Tərtər rayonu Bəyimsarov təsərrüfatının kompleks yerquruluşu layihəsində qeydə alınmış Torpağa mülkiyyət hüququna dair JN-0693 kod 61100028 nömrəli Dövlət Aktında göstərilən 0.03 ha torpaq sahəsinin yerləşmə mövqeyinin koordinatları ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ********** saylı reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış 0.03 ha torpaq sahəsinə verilmiş A 008508 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar eynilik təşkil edir.

18. Məhkəmənin hüquqi yardımına əsasən İddiaçı və "xxxx" MMC iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişlər və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC əsl İddiaçı ilə əvəz edilmişdir.

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-7/2022 nömrəli qərardadı ilə (hakim Fikrət Hüseynov) iddia mümkün sayılmamışdır.

20. Məhkəmə qənaətini onunla əsaslandırmışdır ki, üçüncü şəxsin adına verilmiş və hazırda mübahisələndirilən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli çıxarışın verilməsinə əsas Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli 10 saylı qərarı və həmin qərar əsasında verilmiş 23 avqust 2005ci il tarixli JN-0693 KOD 61100028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı olmuşdur. Qeyd olunan sənədlər (bələdiyyə qərarı və müvafiq dövlət aktı) qüvvədə olduğu halda üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir.

21. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (sədrlik edən və məruzəçi hakim Rəşad Mamedov, hakimlər Azər Bayramov və Aygül İsgəndərovadan ibarət tərkibdə) xx.xx.2023-cü il tarixli 2-1(104)-179/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-7/2022 nömrəli qərardadı ləğv edilmiş, iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

22. Məhkəmə kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, hazırda iddia tələbinin mümkünsüz hesab edilməsi üçün əsaslar yoxdur. Hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab verir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq müvafiq qərar qəbul etməli olduğu halda, iddia tələbini mümkünsüz hesab etməkdə əsassız nəticəyə gəlmişdir. III. İddianın növü və mümkünlüyü

23. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

24. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

25. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

26. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

27. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

28. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

29. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

30. İddiaçı, cavabdehin nümayəndəsi, üçüncü şəxsin özü və vəkil olan nümayəndəsi məhkəmə iclasında iştirak edirlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

31. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

32. Cavabdeh orqanın nümayəndəsi X4 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, mübahisəli torpaq sahəsinin X2 adına qeydiyyata alınması həyata keçirilən zaman heç bir qanun pozuntusuna yol verilmədiyini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir.

33. Üçüncü şəxs X5 və onun vəkil olan nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək, onun təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

34. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli 10 saylı qərarı; - Torpağa mülkiyyət hüququna dair JN-6093 KOD 61100028 nömrəli dövlət aktı; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin xx.xx.2012-ci il tarixli 48/182/3 nömrəli məktubu; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış və A № 008508 nömrəli Torpaq sahəsinin planı və ölçüsü; - Yevlax bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli 116 nömrəli qərarı; - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 19 dekabr 2006-cı il tarixli 230 nömrəli sərəncamı; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış və AA № 001540 nömrəli Torpaq sahəsinin planı və ölçüsü; - "xxxx" MMC-nin direktorunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli müraciət məktubu; - 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubu; - Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2020-cu il tarixli 886 nömrəli məktubu; - Daşınmaz əmlakın AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarış.

Əsaslandırma hissəsi: VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

35. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

36. Belə ki, iş materialları və işin faktiki hallarından müəyyən edilir ki, Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə 0.03 ha torpaq sahəsi sahibkarlığın inkişafı məqsədilə X3 ayrılmış və bu barədə 23 avqust 2005-ci il tarixli JN-0693 KOD 61100028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazi əvvəllər (yəni üçüncü şəxsə ayrılan zaman) Tərtər rayonunun inzibati ərazi vahidinə aid olmuş, “Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” 21 aprel 2006-cı il tarixli 96-İİİQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən həmin ərazi Yevlax rayonunun inzibati sərhədlərinə daxil edilmişdir. X2 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı xx.xx.2015-ci il tarixdə aparılmışdır.

37. Eyni zamanda, Yevlax bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli 116 nömrəli qərarı ilə Yevlax şəhərinin cənub hissəsində, Ələt-Gəncə avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsinin sol tərəfində yerləşən 16,27 hektar, o cümlədən 15,39 hektar kənd təsərrüfatına şərti yararsız torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq üçün "xxxx" MMC-yə satılmaqla mülkiyyətinə verilməsi qərara alınmış və Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 19 dekabr 2006-cı il tarixli 230 nömrəli sərəncamı ilə həmin torpaq sahəsində tərtib olunmuş layihə əsasında neft məhsullarının və maye qazın satışı üçün yanacaq doldurma məntəqələrinin, avtomobillərin satışı, sərgisi salonunun, “Motel” və bank binalarının avtoservis xidməti sexlərinin və ağır tonnajlı maşınların dayanacağı stansiyasının tikintisinə icazə verilmişdir. xx.xx.2007-ci il tarixdə Yevlax şəhəri, Bakı prospektində mülkiyyətində olan 0.08788 ha torpaq sahəsində yerləşən 2 girişli, 34 otaqlı, 867.27 kv.m ümumi, 725.61 kv.m əsas, 141.66 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (Biznes-ticarət mərkəzi), xx.xx.2008-ci il tarixdə Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında mülkiyyətində olan 0.60 ha torpaq sahəsində yerləşən 203.61 kv.m ümumi, 170.64 kv.m əsas, 32.97 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi, xx.xx.2008-ci il tarixdə isə Yevlax şəhərində yerləşən 15.50412 ha ehtiyat fond torpaqlarına aid torpaq sahəsi mülkiyyət hüququ əsasında "xxxx" MMC-nin adına qeydə alınmışdır.

38. "xxxx" MMC-nin direktoru xx.xx.2019-cu il tarixdə cavabdeh orqana müraciət edərək, X2 adına verilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışın ləğv olunmasını xahiş etmiş və 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubunda dövlət reyestrindən X2 adına verilmiş Tərtər rayonu, Bəyimsarov kəndinin ərazisi kimi qeydiyyata alınmış 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın vətəndaş X2 təqdim etdiyi ərizə və ərizəyə əlavə etdiyi ilkin hüquqmüəyyənedici sənədlər əsasında verildiyi bildirilərək, müraciətin təmin edilməsindən imtina olunmuşdur.

39. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı sayır və həmin qənaətini aşağıdakılarla əsaslandırır.

40. İlk növbədə qeyd edilməlidir ki, X2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli 10 saylı qərarı və 23 avqust 2005-ci il tarixli JN-0693 KOD 61100028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında aparılsa da, iddianı qaldıran "xxxx" MMC qeydiyyatın aparılmasına əsas təşkil edən həmin sənədləri deyil, aparılmış qeydiyyatı mübahisələndirmişdir.

41. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-7/2022 nömrəli qərardadı ilə üçüncü şəxsin adına verilmiş və hazırda mübahisələndirilən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli çıxarışın verilməsinə əsasın Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli 10 saylı qərarı və həmin qərar əsasında verilmiş 23 avqust 2005-ci il tarixli JN-0693 KOD 61100028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının olduğu, qeyd olunan sənədlər (bələdiyyə qərarı və müvafiq dövlət aktı) qüvvədə olduğu halda üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi tələbinə mahiyyəti üzrə baxılmasının mümkün olmadığı əsas gətirilməklə, iddia mümkün sayılmamış, lakin iddiaçı həmin qərardadla razılaşmayaraq apellyasiya şikayəti vermiş və şikayət qismən təmin edilərək, qərardad ləğv edilməklə iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

42. Həmçinin, "xxxx" MMC-nin direktorunun xx.xx.2019-cu il tarixdə cavabdeh orqana müraciətinin məzmunundan da görünür ki, iddiaçının mübahisəsi Emin Hüseynova verilən torpaq sahəsinin 2015-ci ildə onun adına qeydə alınmasının əsassızlığı ilə bağlı olmuşdur.

43. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

44. Beləliklə, mübahisə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsassız olması ilə bağlıdır və inzibati orqanın həmin aktın rəsmiləşdirilməsi üzrə hərəkətlərindən qaynaqlanır. Daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız aparılmışdırsa və bunun nəticəsində həmin daşınmaz əmlak üzərində hüquqlarına toxunulmuş şəxs əsassız qeydiyyatı mübahisələndirməyə haqlıdır. Bu halda qeydiyyatın əsaslılığına qiymət verilməlidir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

46. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

47. Sadalanan normaların məzmunundan görünür ki, daşınmaz əmlak üzərində hüququnu qeydə aldırmaq istəyən şəxs “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslardan birini təqdim etməli, səlahiyyətli inzibati orqan tərəfindən isə hüquqların dövlət qeydiyyatını qanunla müəyyən olunmuş müvafiq əsasa uyğun aparılmalı və qeydiyyat haqqında müvafiq dövlət aktı (çıxarış) verilməlidir.

48. Bu qərarın 46-cı bəndinə əsasən, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (bələdiyyə qərarı) və 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslar qismində müəyyən edilmişdir.

49. Həmin normaların hazırkı mübahisəyə münasibətdə tətbiqinə gəlincə məhkəmə qeyd edir ki, üçüncü şəxs X1 rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə ona ayrılmış və 23 avqust 2005-ci il tarixli JN-0693 KOD 61100028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş 0.03 ha torpaq sahəsini öz adına qeydə aldırmaq üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində əsas qismində nəzərdə tutulmuş həmin sənədləri cavabdeh orqana təqdim etmiş və cavabdeh orqan qanunamüvafiq qaydada sözügedən torpaq sahəsini üçüncü şəxsin adına rəsmiləşdirmişdir.

50. İddiaçı iddiasının maddi-hüquqi əsası kimi ona istinad etmişdir ki, "xxxx" MMCnin mülkiyyətində olan 16.27 ha torpaq sahəsinin yerləşdiyi ərazi əvvəllər Tərtər rayon ərazisi olsa da, sonradan Yevlax rayonun inzibati ərazi vahidinə aid edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" MMC-yə ayrılmış və adına qeydə alınmışdır. Buna görə də cavabdeh orqan 2015-ci ildə həmin torpaq sahəsini əsassız olaraq X2 adına qeydə almışdır.

51. Məhkəmə bununla bağlı qeyd edir ki, üçüncü şəxsə torpaq sahəsi ayrılan zaman mübahisəli ərazi Tərtər rayon inzibati ərazi vahidinə aid olmuş və torpaq ayırma qaydasında səlahiyyətli orqan kimi Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə üçüncü şəxsə ayrılmış, ona Torpağa mülkiyyət hüququna dair JN-0693 KOD 61100028 nömrəli dövlət aktı da 23 avqust 2005-ci il tarixdə verilmişdir. Sonradan, yəni üçüncü şəxsin mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ yarandıqdan sonra isə “Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” 21 aprel 2006-cı il tarixli 96-İİİQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən həmin ərazi Yevlax rayonunun inzibati ərazi vahidinə aid edilmiş və bundan sonra "xxxx" MMC-yə həmin 0.03 ha torpaq sahəsinin daxil olduğu 16.27 ha ərazi satılmışdır.

52. Hüquqların dövlət qeydiyyatını aparan orqan kimi 7 saylı Bərdə Ərazi İdarəsi 0.03 ha torpaq sahəsi X3 ayrılan zaman Tərtər rayonunun ərazisi olduğuna görə və qeydiyyat üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar təqdim edildiyinə görə düzgün olaraq torpaq sahəsinin X2 adına qeydiyyatını aparmışdır.

53. Məhkəmə hesab edir ki, Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə ayrılmış və 23 avqust 2005-ci il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş 0.03 ha torpaq sahəsi üzərində X2 hüquqları qeydə alınarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, qeydiyyat düzgün aparılmışdır.

54. Məhkəmə onu da qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********57 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə elektron məlumat bazasında mövcud olan Tərtər rayonu Bəyimsarov təsərrüfatının kompleks yerquruluşu layihəsində qeydə alınmış Torpağa mülkiyyət hüququna dair JN-0693 kod 61100028 nömrəli Dövlət Aktında göstərilən 0.03 ha torpaq sahəsinin yerləşmə mövqeyinin koordinatları ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ********** saylı reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış 0.03 ha torpaq sahəsinə verilmiş A 008508 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatların eynilik təşkil etdiyi bildirilmişdir.

55. Belə olan halda məhkəmə hesab edir ki, topaq sahəsinə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydin ləğv edilməsi üçün hər hansı bir hüquqi əsaslar mövcud deyildir. Ona görə də, iddia təmin edilməməlidir.

56. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

57. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

58. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar