Məhkəmə qərarları › İş №2-1(114)-2319/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2319/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2319/2022 22.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pay torpaq sahəsinin müəyyən edilərək verilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1971-ci il tarixdə Bərdə rayonun Soğanverdilər kəndində anadan olmuşdur. İddiaçı hazırda Bərdə rayon Soğanverdilər kəndində qeydiyyatda olmaqla yaşayır. Cavabdeh (bundan sonra mətndə - cavabdeh) tərəfindən məhkəməyə təqdim etmək üçün verilmiş xx.xx.2022-ci il tarixli, 59 nömrəli arayışa əsasən iddiaçı 1994-cü ildən 2022ci ilin mart ayına qədər ölkə xaricində (Ukraynada) yaşamışdır. Torpaq islahatları Bərdə rayonu Soğanverdilər kəndində 1995-1996-cı illərdə getmişdir. 1996-cı ildə iddiaçı Ukrayna Respublikasında yaşadığı üçün islahat komissiyasına müraciət etməmiş, müraciət etmədiyinə görə də ona pay torpaq sahəsi ayrılmamışdır. İslahat 1996-cı ildə başa çatdırılmışdır. İddiaçı ona pay torpaq sahəsinin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli müraciəti cavablandırılması üçün Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə ünvanlanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05 nömrəli arayışı (imtinası) ilə iddiaçıya bildirmişdir ki, vətəndaş 1994-2022-ci il tarixlərdə ölkə xaricində yaşamışdır. İslahat 1995- 1996-cı il tarixdə başa çatmışdır. Ona görə də vətəndaşa pay torpağı verilməsi mümkün olmamışdır. İslahat gedən dövrdə mövcud olan torpaq sahələri kənd sakinləri arasında bərabər paylanmışdır. Hal-hazırda vətəndaşa torpaq sahəsinin ayrılması mümkün hesab edilməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hesabında olan bələdiyyə torpaqları hesabına pay torpaq sahəsinin müəyyən edilərək verilməsinin cavabdehə həvalə edilməsinə dair məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək pay torpaq sahəsinin müəyyən edilərək verilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1971-cı ildə Bərdə rayon Soğanverdilər kəndində anadan olmuş, həmin vaxtdan hal-hazıra kimi həmin kənddə qeydiyyatdadır və hal-hazırda da həmin kənddə yaşayır. Azərbaycan Respublikasında torpaq islahatı 1998-ci ildə həyata keçirilmişdir. O 1993, 1995,1998, 2022-ci illərdə Ukrayna Respublikasında olmuşdur. Torpaq islahatı həyata keçirilən zaman kənddə qeydiyyatda olmasına baxmayaraq islahat komissiyası torpaq bölgüsündə onu qeydiyyata almamış, ona pay torpaq sahəsi verilməmişdir. Həmin vaxtdan bu günə qədər aidiyyatı qurumlara müraciət etsə də, bu günə qədər ona pay torpaq sahəsi verilməmişdir. Ona tövsiyyə edilmişdir ki, bununla bağlı yaşadığı yer üzrə məhkəməyə müraciət edilməlidir. İddiaçı 2 uşaq atasıdır, kənddə yeganə qazanc yeri torpaq sahəsidir ki, o da iddiaçıda yoxdur. Ailəsini, uşağını dolandırmaq üçün heç bir iş yeri yoxdur. Əgər torpaq sahəsi olarsa onu əkib-becərər, ailəuşağını dolandırar. Artıq islahat komissiyaları ləğv edilmiş, onların hüquqi varisləri isə bələdiyyələrdir. Bu barədə Soğanverdilər bələdiyyəsinə müraciət etsə də, müraciəti müsbət həllini tapmamış, pay torpaq sahəsi verilməmişdir. Odur ki, cavabdehin hesabında olan bələdiyyə torpaqları hesabına pay torpaq sahəsi müəyyən edilərək verilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. Qeyd edilənlər Soğanverdilər kənd icra nümayəndəliyinin və Soğanverdilər bələdiyyəsinin arayışlarında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh Bərdə rayon Soğanverdilər bələdiyyəsi məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı hesab edir və bunu aşağıdakılarla əsaslandırır. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı 1994-cü ildən etibarən işləmək üçün ölkə xaricinə getmiş, Bərdə rayon Soğanverdilər kəndi üzrə aqrar islahat isə 1996-cı ildə başa çatmışdır. Deməli həmin kənd üzrə aqrar islahat aparılan zaman faktiki olaraq kənddə olmayan iddiaçının adı torpaq payı almaq hüququ olan subyektlərin siyahısında ola bilməzdi. Başqa sözlə kənddə yaşamayan şəxsə pay torpaq sahəsinin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydaları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Həmin Qanunun:- -12.1-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. -13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. -20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi Azərbaycan Respublikasında torpaq islahatı müvafiq aqrar islahat komissiyaları tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X3 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və qeyd olunan Fərmanla X1 hüquqi varisi müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun:- -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5 maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -7.3 maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq haqqı ödənilməklə verilir. -9.1 maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -20.1 maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Göründüyü kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda, eləcə də bu sahədə münasibətləri tənzimləyən qanunvericilik aktlarında torpaq islahatı zamanı torpaq payı almayan vətəndaşlara əvəzsiz torpaq sahəsinin verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda Bərdə rayon Soğanverdilər bələdiyyəsi X1 hüquqi varisi olmadığından onun həmin orqan tərəfindən iddiaçıya verilməmiş pay torpaq sahəsini öz hesabına konpensasiya etmək öhdəliyi də yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “pay torpaq sahəsinin müəyyən edilərək verilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar