Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-232/2022 05.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair öhdəliyin icrası haqqında inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 10.11.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun 21.04.1988-ci il tarixdən 14.08.2013-cü il tarixədək işləməsinin nəzərə alınaraq pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 06.07.1999-cu il tarixdən 01.03.2006-cı il tarixədək X3 Sahəsində işlədiyi illəri nəzərə alıb, ona güzəştli şərtlərlə pensiya təyin olunması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin 01 fevral 2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 1988-ci ildən “X7” İstehsalat Birliyində başlamışdır. Lakin onun 1992-ci ildən 2013-cü ilə kimi “X3 Sahəsi”nin X2 elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin müddət əmək kitabçasında qeyd edilmişdir. Buna baxmayaraq bu barədə ona Gəncə şəhər Dövlət Arxivi tərəfindən arxiv arayışı verilmiş və bu arayışda yuxarıda göstərdiyi müddət ərzində həmin müəssisədə işləməsi təsdiq olunur. Bu səbəbdən o, bu yaxınlarda pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş və həmin vaxt yuxarıda qeyd etdiyi iş stajını təsdiq edən arxiv arayışını və əmək kitabçasını təqdim etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən tamamilə əsassız olaraq ona imtina cavabı verilmiş və bildirilmişdir ki, 06.07.1999-01.03.2006-cı il tarixləri arasındakı dövr ərzində “X3 Sahəsi”nin X2 elektrik çilingəri vəzifəsi yuxarıda qeyd olunan təmirçi çilingərlər vəzifəsinə uyğun deyil. Hesab edir ki, cavabdehin bu hərəkətləri onun hüquqlarını məhdudlaşdıran hərəkət kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın "xxxx" ASC-nin X3 Sahəsinin X2 elektrik çilingəri kimi 06.07.1999-cu il tarixdən 01.03.2006-cı il tarixədək olan əmək fəaliyyəti güzəştli staj kimi nəzərə alınmadığı qeyd edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metallurgiya istehsalatı bölməsinin müvafiq bəndində elektrik çilingəri vəzifəsi nəzərdə tutulmadığından həmin dövrləri staja daxil edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçı 06.07.1999-cu il tarixdən 01.03.2006-cı il tarixədək əmək fəaliyyətinin güzəştli staja aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı üçün həmin illər güzəştli staj kimi nəzərə alınmamışdır. İş materiallarına əsasən, "xxxx" ASC tərəfindən təqdim edilmiş güzəştli arayışda vətəndaşın müvafiq vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsinin müvafiq bəndində olan elektrik çilingəri vəzifəsi (2140000a-18455) ilə uyğunlaşdırılmışdır. Halbuki, müvafiq ASC-nin fəaliyyət sahəsi metallurgiya sahəsi üzrədir. Müvafiq qərarda metallurgiya istehsalatı bölməsinin müvafiq bəndində elektrik çilingəri vəzifəsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, İddiaçı işlədiyini qeyd etdiyi illər güzəştli staja daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 08.10.2021-ci il tarixli, **********9 nömrəli imtina məktubu əsaslıdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 08.10.2021-ci il tarixli, **********9 nömrəli məktubunun surəti, 30.07.2021-ci il tarixli, 01-147 arayış, iddiaçıya məxsus 29.10.2018-ci il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, "xxxx" ASC-nin 26.07.2013cü il tarixli, 54 nömrəli arayışı, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin və 02.04.1982-ci il tarixli, DT-İ 756196 nömrəli diplomun təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Dövlət X5 20.08.2018-ci il tarixli, 371/5 nömrəli arxiv arayışı təşkil etmişdir. Məhkəmə qeyd edilən sənədlərin məzmununa istinad etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddia təmin edilməməlidir. İddiaçının öhdəliyin icrası haqqında iddiası (İPM-in 34-cü maddəsinə əsasən) mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın "xxxx" ASC-nin X3 Sahəsinin X2 elektrik çilingəri kimi 06.07.1999-cu il tarixdən 01.03.2006-cı il tarixədək olan əmək fəaliyyətinin güzəştli staj kimi nəzərə alınmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəyə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan maddi normaya əsasən qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün üç şərt tələb olunur: - 52 yaşa çatmaq; - azı 20 il sığorta stajına malik olmaq; - bu müddətin azı 10 ilini axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmaq. Hazırki işdə mübahisə predmeti İddiaçı 06.07.1999-cu il tarixdən 01.03.2006-cı il tarixədək Azəralüminium” ASC-nin X3 Sahəsinin X2 elektrik çilingəri vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja daxil edilibedilməməsindən ibarətdir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 26 iyul 2013-cü il tarixli arayışından görünür ki, İddiaçı 06.07.1999-cu il tarixdən 01.03.2006-cı il tarixədək "xxxx" ASC-nin X3 Sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) X2 elektrik çilingəri vəzifəsində işləmişdir. Arayışda iddiaçının müvafiq vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsinin müvafiq bəndində olan elektrik çilingəri vəzifəsi (2140000a-18455) ilə uyğunlaşdırılmışdır. Halbuki, müvafiq ASC-nin fəaliyyət sahəsi metallurgiya sahəsi üzrədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşlərin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) giltorpaq istehsalatı bəndində (7.29) təmirçi çilingər vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsi yuxarıda qeyd olunan təmirçi çilingər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının 06.07.1999-cu il tarixdən 01.03.2006-cı il tarixədək "xxxx" ASC-nin X3 Sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) X2 elektrik çilingəri vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməsi və bu əsasla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi baərədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-232/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-232/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver