Məhkəmə qərarları › İş №2-1(114)-232/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-232/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-232/2023 02.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və həmin qərar əsasında tutulmuş məbləğin geri qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş pensiyadan hər ay geri tutulan 36 manat pul vəsaitinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildə 57 yaşı olduğundan və 3 uşağı olduğu üçün ona sosial pensiya təyin edilmişdir. 2021-ci ilin dekabr ayında pensiya ödənişi dayandırılmışdır. İddiaçı pensiyasının hansı səbəbdən dayandırılmasını aydınlaşdırmaq məqsədilə DSMF-nin Daşkasən filialına müraciət etmiş, orada ona bildirilmişdir ki, adına aktiv VÖEN olduğuna görə pensiyası dayandırılmışdır. İddiaçı adına hər hansı VÖEN olmadığını bildirdikdə onu 12 saylı Ərazi Vergilər idarəsinə göndərmişlər. İddiaçı Vergilər İdarəsinə getdikdə adına aktiv VÖEN olduğu bildirilmişdir, ancaq onun sözügedən VÖENdən heç bir xəbəri olmamış və həmin VÖEN-in onun adına necə və kimin tərəfindən, hansı qaydada açılmasından hər hansı bir məlumatı olmamışdır. İddiaçı həmin VÖEN-i bağlatdırmış və bağlanılması barədə arayışı DSMF-nin Daşkasən filialına təqdim etdikdən sonra, xx.xx.2022-ci il tarixdə yenidən onun pensiyası verilməyə başlanılmışdır. Pensiyası bərpa edilsə də, hər ay 36 manat əksik verilir. İddiaçı pensiyasından 36 manat əksik verilməsini aydınlaşdırmaq üçün yenidən DSMF-nin Daşkasən filialına müraciət etmiş, oradan ona bildirdilər ki, 2018-2021-ci illərdə adına aktiv VÖEN olduğu üçün həmin illər üzrə ona verilən pensiya hazırki pensiyasından tutularaq geri ödəniləcəkdir. Belə olan halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmiş, onun pensiyasından hər ay tutulan 36 manat dayandırılmasını xahiş etmiş, çünki o adına hər hansı VÖEN açdırmamışdır və ya adına açılan VÖEN-dən hər hansı məlumatı olmamışdır, məlumatı olduqda isə bağlatdırmışdır.. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının müvafiq ərizəsinə əsasən iddia “xx.xx.2022-ci il tarixli, 16088 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında aparılmış tutmaların geri qaytarılması” barədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən artıq ödənilmiş yaşa görə sosial müavinətin məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli, 16088 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən artıq ödənilmiş 4574,45 manat məbləğ bölünərək hər ay 20 faiz olmaqla onun aylıq yaşa görə sosial müavinətindən tutularaq fondun hesabına bərpa olunmaqdadır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə müavinət təyin edilmiş və xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********424200 nömrəli məktubundan görünür ki, İddiaçı adına xx.xx.2018-xx.xx.2021-ci il tarixədək aktiv VÖEN olmuşdur. -surəti əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 16088 nömrəli qərarından görünür ki, İddiaçı aktiv VÖEN-i aşkarlandığı üçün xx.xx.2018-xx.xx.2021-ci il tarixədək ödənilmiş 4574,45 manat məbləğin ona təyin edilmiş yaşa görə müavinətdən tutulması qərara alınmışdır. -surəti əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə yaşa görə müavinət təyin olunmuşdur. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 16088 nömrəli qərarına əsasən İddiaçı aktiv VÖEN-i aşkarlandığı üçün xx.xx.2018-xx.xx.2021-ci il tarixədək ödənilmiş 4574,45 manat məbləğin ona təyin edilmiş yaşa görə müavinətdən tutulması qərara alınmış, həmin qərar uyğun olaraq iddiaçıya təyin olunmuş yaşa görə müavinətdən hər ay müəyyən məbləğdə (36 manat) tutulmalar həyata keçirilmişdir. İddiaçı hazırki tələblə həmin qərarı mübahisələndirməklə həmin qərar əsasında aparılmış tutmaların geri qaytarılmasını tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir və həmin Qanun bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -6.1-ci maddəsinə əsasən, Bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. -7.0.2-ci maddəsinə əsasən, yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət - ömürlük; 10.1-ci maddəsinə əsasən, müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. 10.3-1-ci maddəsinə əsasən, müavinətlərin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 10.4. maddəsinə əsasən, Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır. 11.1. maddəsinə əsasən, Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; 12.1. maddəsinə əsasən, Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. maddəsinə əsasən, müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya sosial müavinətin təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli qurumun qanunvericiliklə onun üçün müəyyən edilmiş statusuna (yaşa görə müavinət, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar) görə dövlət tərəfindən onun sosial təminatı məqsədilə həyata keçirilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə artıq ödənilmiş müavinət məbləğinin qaytarılması müəyyən olunsa da, həmin normanın mənasına görə artıq ödəmənin ödənilməsindən imtina olunduqda, tutulma ilə bağlı mübahisəyə məhkəmə qaydasında baxılmalı, tələb təmin oldunduğu təqdirdə yalnız bundan sonra tutma ona ödənilən sosial müavinətə yönəldilməlidir. Hazırki işin hallarından göründüyü kimi cavabdeh orqan isə qanunvericiliyin qeyd olunan tələblərinə əməl etmədən müvafiq qərar qəbul etmiş və həmin qərar əsasında iddiaçıya ödənilən aylıq sosial müavinətə müvafiq tutma yönəltmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 16088 nömrəli qərarı ləğv edilməli və həmin qərar əsasında iddiaçıya ödənilən sosial müavinətdən tutulmuş məbləğlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 16088 nömrəli qərarı ləğv edilsin və və həmin qərar əsasında İddiaçı ödənilən sosial müavinətdən tutulmuş məbləğlər ona geri qaytarılsın. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar