Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-232/2024 25.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə şəhər Kəpəz Bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsinin (iddiaçının adına verilmiş A 037825 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatlara uyğun) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz bələdiyyəsi üzvlərinin ümumi yığıncağının 15 fevral 2008-ci il tarixli 02 saylı protokol qərarına əsasən iddiaçıya Kəpəz bələdiyyəsinin torpaq fondunun alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən Gəncə şəhəri, Sadıllı qəsəbəsiində yerləşən 0.04 hektar torpaq sahəsi satılmışdır. Daha sonra səlahiyyətli orqanlarla onun arasında “Torpaqların alqı-satqısına dair” Akt bağlanmış və onun adına torpaq sahəsinin koordinatlarını əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Həmin vaxtdan da fasiləsiz və maneəsiz olaraq sözügedən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Onunla birlikdə həmin ərazidə digər şəxslərə satılmış torpaq sahələrinin xeyli hissəsi öz sahiblərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu səbəbdən o da ona satılmış torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət resyestrində qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqanda torpaq sahəsinin onun adına qeydə alınmasından imtina edilmişdir. Səbəb kimi isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, torpaq sahələrinin yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilməsi göstərilmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2919/2023 saylı qərardadı ilə iş üzrə Gəncə şəhər Kəpəz Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 25 aprel 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş xx.xx.2008-ci il tarixli, Protokol 02 nömrəli Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsi üzvlərinin ümumi yığıncağının qərarından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Kəpəz bələdiyyəsinin torpaq fondunun alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən 0.04 ha torpaq sahəsi 1440 (bir min dör yüz qırx) manata satılmışdır. - işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 175 nömrəli Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müstəsna hal kimi fərdi yaşayış evinin tikintisi üçün Sadıllı yaşayış ərazisinin E-5 məhəlləsindəki boş ərazidə 400,0 kv.m olan 6 nömrəli torpaq sahəsi ayrılmışdır. - işə əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsi tərəfindən Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2008-ci il tarixli, 04/195 nömrəli və xx.xx.2008-ci il tarixli, 04/257 nömrəli məktubların surətlərindən görünür ki, iddiaçıya satılmış torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılması (yüklülüyü) haqqında çıxarışın verilməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. - işə əlavə edilmiş xx.xx.2008-ci il tarixli, 39 nömrəli Torpaqların alqı-satqısına dair Aktın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 0.04 ha torpaq sahəsinin satılması barədə xx.xx.2008-ci il tarixli Protokol 02 nömrəli qərar qəbul edilmişdir və bunun müqabilində İddiaçı tərəfindən “Bank Respublika” Gəncə Bankının **********3752 saylı hesabına əvvəlcədən 1440 manat haqq ödənilmişdir. (Qəbz 3, xx.xx.2008) - işə əlavə edilmiş xx.xx.2008-ci il tarixli, TŞ-8-263 nömrəli İddiaçı fərdi yaşayış evi tikintisi üçün ayrılmış 400,0 kv.m torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” verilməsinə dair Rəyin surətindən görünür ki, İddiaçı istifadəsində olan 400 kv.m torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanmasına DT və XK-nin Gəncə şəhər şöbəsi tərəfindən etiraz edilməmişdir. - işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-K-0016-8/2023 nömrəli məktubdan görünür ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD nömrəli Qanuna edilmiş dəyişikliyə əsasən, “Bələdiyyə torpaqlarının idarə rdilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə “Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər” sözləri əlavə edildiyindən müraciətin icrası mümkün olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 nömrəli qərarı ilə bələdiyyə ərazisindən İddiaçı 0.04 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq İddiaçı tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair təsdiq olunmuş yerquruluşu planı əldə edilmişdir. İddiaçı tərəf qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən ilkin torpaqqayırma sənədlərinə baxılmış və həmin sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq iclasının qərarı ilə iddiaçıya satılmış və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Yəni sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya satılmışdır. Cavabdehin imtinasının əsası kimi sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmadığı, yəni xx.xx.2008-ci il tarixdə 2 nömrəli qərarın qəbul edilməsi, xx.xx.2008-ci il tarixdə isə 39 saylı qərarın qəbul edilməsi və “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 sentyabr 2007-ci il tarixli, 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə dəyişikliyin edilməsi olmuşdur. Belə ki, yeni dəyişikliyə görə, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İşə əlavə edilmiş mütəxəssis rəyi ilə təsdiq olunur ki, iddiaçıya sözügedən qərarla satılmış və onun tərəfindən naturada təqdim olunan 0.04 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, həyətyanı məqsədlər üçün nəzərdə tutulan sahədir. Həmin torpaq sahəsi naturada təqdim olunan faktiki istifadə sahəsində yerləşir və digər şəxsə verilmiş və yaxud digər şəxsin xüsusi mülkiyyəti, qanuni istifadə və icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi qaydalarını pozmaqla) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçı tərəfin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı satılması qərara alınmış 0.04 һа torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-232/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-232/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver