Məhkəmə qərarları › İş №2-1(114)-2320/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2320/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2320/2022 24.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası 1932-ci ilin fevral ayında X2 rayonunun Tülallar kəndində anadan olmuşdur. X1 1943-cü ildə vəfat etmişdir. 06. 05.1954-cü ildə atası atası və anası rəsmi nikah bağlamışdır. Evləri qəzalı vəziyyətdə olduğu üçün Gəncə şəhərinə köçür yay aylarında kənddə gedib dəyə qurub yaşamışlar, torpağı heç kimə satmamışlar. 1974-cü ilə qədər Tülallar və Çıraqlı kəndləri Daşkəsən rayonunun nəzdində olmuş və arxivləri Dəstəfur kəndində yanmışdır. Daşkəsən rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 39 nömrəli arxiv çıxarışına əsasən Daşkəsən rayon Çıraqlı kənd sovetinin 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfat başına kitabın 135 nömrəli şəxsi hesabından Tülallar kəndinə dair kitabından məlum olur ki, X4 adına təsərrüfat var və həmin təsərrüfatın sahibi X4 özüdür və təsərrüfatın şəxsi istifadəsində olan torpağın cəmi sahəsi 0.25 hektardır. Həmin torpaq sahəsi X6 evinin, X7 evinin və X5 evinin arasındadır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********52 nömrəli etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, müraciətə torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənədin əlavə edilmədiyi müəyyən edilmişdir. Vətəndaş öz torpaq sahəsini naturada təqdim edə bilməmişdir. Həmçinin, torpaq sahəsinin mərz nişanlarının olmadığı üçün faktiki yerinin təyin edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 39 nömrəli arxiv çıxarışında qeyd olunmuşdur ki, Daşkəsən rayon Çıraqlı kənd, kənd sovetinin 1950-1952-ci illəri əhatə edən 44 saylı təsərrüfatbaşına kitabının 135 nömrəli şəxsi hesabından Tülallar kəndinə dair kitabından məlum olur ki, X4 adına təsərrüfat var və həmin təsərrüfatın sahibi X4 özüdür. Təsərrüfatın şəxsi istifadəsində olan torpağın 0.25 hektardır. -surəti işə əlavə edilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ 315955 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X8 xx.xx.2008-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin oktyabr ayının 13 günündə 666 nömrəli ilə qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə İdarəsinin xx.xx.2022-ci il tarixli **********80 nömrəli məktubundan görünür ki, müraciətə torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənədin əlavə edilməməsi, həmçinin torpaq sahəsinin mərz nişanlarının olmadığı üçün faktiki yerinin təyin edilməməsi səbəbindən iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, cavabdeh orqanın imtinasının əsasını isə torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənədin əlavə edilməməsi, həmçinin torpaq sahəsinin mərz nişanlarının olmadığı üçün faktiki yerinin təyin edilməməsi təşkil etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının atası X4 adına 0.25 ha torpaq sahəsindən ibarət təsərrüfat olması qeyd olunsa da, torpaq sahəsinin ona verilməsi barədə hüquqmüəyyənedici sənəd yoxdur, mübahisələndirilən torpaq sahəsinin koordinatları bəlli deyil. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi qərar əsasında istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. Göründüyü kimi tələb olunan sənəd iddiaçı tərəfindən inzibati orqana təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar