Məhkəmə qərarları › İş №2-1(114)-2320/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2320/2025

22.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2320/2025 22.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin katibliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş sənədlərdə “Vətən müharibəsi” dövründə N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tərtər rayonu) vəzifə borclarını yerinə yetirmiş və qeyd olunan Tərtər rayonunun Talış və Suqovuşan yaşayış məntəqəsində döyüş təminatlarına dair fəaliyyəti müvafiq əmrlərlə təsdiqlənməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli, 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsində iştirakınız müvafiq əmrlərlə təsdiqlənmədiyinə, habelə təltif olunmadığına və yaralanmadığa görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

2. İddiaçıya məxsus xx.xx.2017-ci il tarixli, ******* nömrəli əmək kitabçasında qeyd edilənlərə əsasən: - 25.09.2019-cu il tarixli, 275 nömrəli əmrlə İddiaçı maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının aşpazı vəsifəzinə təyin olunmuşdur. - xx.xx.2022-ci il tarixli, N nömrəli əmrlə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, (ştat ixtisarı ilə) əmək müqaviləsinə xitam verilmişdir. - 12.12.2022-ci il tarixli, 361 nömrəli əmrlə İddiaçı maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasında 2-ci dərəcəli aşpaz vəzifəsinə qəbul edilmişdir. - 10.05.2024-cü il tarixli, 139 nömrəli əmrlə İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, (tərəflərdən birinin təşəbbüsü) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

3. İddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün onun adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, o, 25 sentyabr 2019-cu ildən 07 dekabr 2022-ci ilədək N №-li hərbi hissədə maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının aşpazı vəzifəsində işləmiş, N №-li hərbi hissədə işləyərkən “Vətən müharibəsi” dövründə, 44 gün ərzində demək olar ki, N №-li hərbi hissənin maddi-texniki təminat təsərrüfat taqımında təsərrüfat işçisi kimi xidməti vəzifə borcunu yerinə yetirərək döyüş əməliyyatları zamanı maddi-texniki təminatının təşkili üzrə verilən bütün tapşırıqları yerinə yetirmiş, hərbi hissənin dislokasiya məntəqəsində işləmiş və ev üzü görməmişdir. Qeyd olunanlara əsasən iddiaçı N №-li hərbi hissənin maddi-texniki təminat təsərrüfat taqımının xidmətində olmuş və maddi-texniki təminat üzrə verilən bütün tapşırıqları yerinə yetirdiyi üçün hüquq münasibətləri varanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin həmin vaxt qüvvədə olan 10 və 11-ci abzaslarına əsasən, müharibə veteranı sayılır. Lakin o, faktiki olaraq “Müharibə veteranı” sayılsa da rəsmi olaraq vəsiqə almadığı üçün “Müharibə veteranları” üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də o, qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq rəsmi qaydada “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, onun AR MN-nə etdiyi son müraciətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran Adlarının və X2 üzrə Komissiyasının katibi polkovnik-leytenant Elburus Mehdixanovun imzası ilə ona göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-25-2/2-R-118xx-xx/2024 №-li məktubla imtina cavabı verilmişdir. İddiaçı cavabdeh orqanın məktubunu qanunsuz və əsassız hesab edir.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-25-4/2- 670/25 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 24 nömrəli arayışına əsasən, mülki İddiaçı həqiqətən İİ “Vətən müharibəsi” zamanı maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının aşpazı vəzifəsində işləmişdir. - xx.xx.2017-ci il tarixli, N nömrəli N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışa əsasən,İddiaçı xx.xx.2017-ci il tarixdən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının aşpaz vəzifəsinə (vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq) 3 (üç) ay sınaq müddətinə işə qəbul edilsin. - xx.xx.2022-ci il tarixli, N nömrəli N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışa əsasən, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, 0101 nömrəli əmrinə əsasən təşkilat-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar və Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində (işçilərin saylı və ya ştatları ixtisar edildikdə) əsasən əmək şəraitlərinin dəyişilməsi ilə əlaqədar olaraq xx.xx.2022-ci ildən aşağıda adları göstərilən mülki işçilərin əmək müqavilələrinə xitam verilmişdir:

1. İddiaçı, maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının aşpazı.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-25-14/2- 2124/2025 nömrəli məktuba əsasən, vətəndaş X4 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası” tərəfindən razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə sənədlər göndərilmişdir. Təqdim olunmuş sənədlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müsbət qərar qəbul edilərək vətəndaş X4 “Müharibə veteranı” adı verilmişdir və tərəflərindən “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq vətəndaşa təqdim edilmişdir. Məlumat üçün bildirilir ki, “Müharibə veteranı” adının verilməsinə əsas olmuş sənədlər təlimata əsasən Nazirlər Kabinetinin kargüzarlığında saxlanılır.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 4/2-2675 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi “M” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, vətəndaş İddiaçı barəsində N nömrəli hərbi hissə tərəfindən daxil olmuş siyahıya və əmrdən çıxarışlara komissiyanın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmundə cavab verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin katibliyi tərəfindən verilmiş 2023-cü il iyul tarixli, 4/3-6382 nömrəli məktuba əsasən, təqdim olunmuş sənədlərdə mülki İddiaçı “Vətən müharibəsi” dövründə N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tərtər rayonu) vəzifə borclarını yerinə yetirmiş və qeyd olunan Tərtər rayonunun Talış və Suqovuşan yaşayış məntəqələrində döyüş təminatlarına dair fəaliyyəti müvafiq əmrlərlə təsdiqlənməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə madditexniki təminat üzrə tapşırıqların yerinə yetirməsində iştirakı müvafiq əmrlərlə təsdiqlənməmiş, habelə təltif olunmamış və yaralanmamışdır. Bu əsasnamənin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən, komissiya ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. - N nömrəli hərbi hissə komandiri tərəfindən imzalanaraq möhürlənmiş “ “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” məsiqəsinin verilməsi üçün təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmiş mülki şəxs barədə” arayış-məlumata əsasən: 1) İşlədiyi hərbi hissə (müəssisə) – 703; 2) Rütbəsi – mülki; 3) Vəzifəsi – aşpaz; 4) İşlədiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə) xx.xx.2017-ci il tarixli, N nömrəli əmr; 5) Döyüş əməliyyatlarına cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə) xx.xx.2020-ci il tarixli, 0167 nömrəli əmr; 6) İştirak etdiyi ərazilər – Tərtər rayonu, Talış və Suqovuşan kəndləri; 7) Hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin) – Maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirak edib, şəxsi heyətin qidalanması üzrə fəaliyyətlərdə yaxından iştirak etmişdir. - Azərbaycan Respublikas Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3761 nömrəli arayışa əsasən, mülki İddiaçı həqiqətən xx.xx.2017-ci il tarixdən N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının aşpazı vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün tərkibində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatları zamanı madditexniki təminatın təşkili üzrə tapşırıqları yerinə yetirib, hərbi hissənin dislokasiya məntəqəsində aşpaz vəzifəsində işləyib.

8. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin veteran adlarının və X2 üzrə Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-25-2/2-R-118xx-xx/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçı barəsində təqdim olunmuş sənədlərdə 44 günlük Vətən Müharibəsi dövründə N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tərtər rayonu) vəzifə borclarını yerinə yetirdiyinə, qeyd olunan Tərtər rayonunun Talış və Suqovuşan yaşayış məntəqələrində döyüş təminatına dair fəaliyyəti əmrlərlə təsdiqlənmədiyindən, Əsasnamənin 10-cu və 11-ci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsinə görə iştirakı müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə, habelə təltif olunmadığına və yaralanmadığına görə, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddia təmin edilməməsi xahiş edilmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd olunanlara oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.

11. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

12. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

13. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

14. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir

15. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin Əsasnamənin qeyd hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi- psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Sadalanan normalardan göründüyü kimi, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkıbində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

17. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 4N nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

18. Məhkəmə yuxarıda qeyd edilən iş üzrə hallara nəzər yetirib qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə Komandirinin xx.xx.2022ci il tarixli, 3761 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsində” Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hərbi qulluqçuların siyahısına mülki işçi İddiaçı “aşpaz” kimi adı qeyd edilmişdir.

19. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 24 nömrəli arayış ilə mülki İddiaçı həqiqətən İİ “Vətən müharibəsi” zamanı maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının aşpazı vəzifəsində işlədiyi, yenə eyni nömrəli hərbi hissə komandiri tərəfindən imzalanaraq möhürlənmiş “ “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” müsabiqəsinin verilməsi üçün təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmiş mülki şəxs barədə” arayışməlumatda mülki İddiaçı barədə 5-ci bənddə “döyüş əməliyyatlarına cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə) xx.xx.2020-ci il tarixli, 0167 nömrəli əmr”, 6-cı bənddə “iştirak etdiyi ərazilər – Tərtər rayonu, Talış və Suqovuşan kəndləri” və 7-ci bənddə “hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin) – Maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirak edib, şəxsi heyətin qidalanması üzrə fəaliyyətlərdə yaxından iştirak etmişdir” məlumatlar qeyd edilmişdir.

20. Bu kontekstdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Arayış-məlumata əsasən iddiaçının Talış və Suqovuşan istiqamətində döyüş əməliyyatına cəlb edilməsi haqqında xx.xx.2020-ci tarixli 0167 nömrəli əmr qəbul edilmişdir.

21. Həmin Əsasnamənin qeyd hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

22. Əsasnamədə açıq şəkildə göstərilmişdir ki, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə, o cümlədən işğaldan azad edilmiş rayon və kəndlərdə hərbi hissələrin və ya orqanların tərkibində və ya həmin hərbi qurumlara ezam olunmaqla təminat sahəsində fəaliyyət göstərən şəxslər də bu statusa layiq görülə bilərlər. Bu zaman əsas şərtlərdən biri müvafiq sənədlərlə (əmrlər, arayışlar, ezamiyyət vəsiqələri və s.) döyüş bölgəsində ezam olunmanın və tapşırıqların icrasının təsdiqidir.

23. Eyni zamanda məhkəmə vurğulamağı vacib hesab edir ki, döyüş təminatı ilə bağlı tapşırıqların yalnız əməliyyat təminatı kimi qəbul edilməsi düzgün deyildir. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən maddi-texniki təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.

24. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi mötəbər sübutlarla (xx.xx.2020-ci tarixli 0167 nömrəli əmrlə) təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995- ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir.

25. Həmçinin, məhkəmə qeyd edir ki, qeyd olunan hərbi hissə tərəfindən verilmiş müvafiq əmr hal-hazırda hüquqi qüvvəsini saxlayır və həmin əmr barəsində hər hansı mübahisə predmeti olmamışdır.

26. Nəticə etibarilə, məhkəmə müəyyən edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarında göstərilən şərtlərə tam uyğun gəlir. O, döyüş əməliyyatları aparan hərbi hissəyə ezam edilmiş, həmin hissənin maddi-texniki təminatı üzrə döyüş tapşırıqlarını yerinə yetirmişdir. Bu faktlar təsdiq olunduğundan və müvafiq sənədlərlə sübut edildiyindən, o, “müharibə veteranı” adı almaq hüququ olan şəxslər sırasına daxildir.

27. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)-1605/2025 nömrəli qərarında da yer almışdır.

28. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün İddiaçı adının siyahıya daxil edilərək razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə üzərinə qoyulsun üzərinə qoyulmalıdır.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin.

“Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün İddiaçı adının siyahıya daxil edilərək razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə üzərinə qoyulsun üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar