Məhkəmə qərarları › İş №2-1(114)-2321/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2321/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2321/2024 28.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Əliyeva Leyla Kamil qızı, İddiaçı cavabdeh Bərdə Rayon Qeydiyyat Şöbəsinə (maraqlı şəxs Bərdə Rayonu İcra Hakimiyyəti) qarşı övladlığa götürmə haqqında şəhadətnamənin ləğvi tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq müəyyən etdim: İddiaçı cavabdeh Bərdə Rayon Qeydiyyat Şöbəsinə (maraqlı şəxs Bərdə Rayonu İcra Hakimiyyəti) qarşı X2 qanunsuz verilmiş xx.xx.2007-ci ildə Bərdə rayon X1 Dövlət Qeydiyyatı şöbəsində AZ-İ 006403 saylı övladlığa götürmə haqqında şəhadətnamənin ləğvi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati mübahisə mövcud olmadığından iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və buna görə iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İnzibati-Prosessual Məcəllə ilə tənzimlənir. Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bu normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. Normanın məzmununa əsasən, inzibati icraat qaydasında işlərə baxılması üçün ilk növbədə tələb inzibati hüquq münasibəti ilə bağlı olmalı, daha sonra bununla bağlı İPM-in 2.2-ci maddəsində sadalanan müvafiq iddia növü ilə inzibati məhkəmələrə müraciət edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.9-cu maddəsinə əsasən övladlığa götürmə haqqında ərizələrə xüsusi iddia icraat qaydasında baxılır. Həmin Məcəllənin 351-ci maddəsinə əsasən uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir. Hazırki tələb övladlığa götürmənin ləğvi ilə bağlı olduğundan və bu iddia növü İPMin yuxarıda da qeyd olunmuş iddia növlərinə daxil olmadığından həmçinin mövcud iddia mülki qaydada iddia icraatı qaydasında baxılan işlərdən irəli gələn mübahisə ilə bağlı olduğundan inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Hazırkı işdən isə göründüyü kimi iddiaçının niyyəti övladlığa götürmənin ləğv edilməsinə yönəlmişdir. Ona görə də, bu mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmadığı üçün onun inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İddiaçı hazırkı tələbini mülki məhkəmə icraatı qaydasında irəli sürə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.3 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli qərarının 15.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdehlər Bərdə Rayon Qeydiyyat şöbəsinə (maraqlı şəxs Bərdə Rayonu İcra Hakimiyyəti) qarşı “övladlığa götürmə haqqında şəhadətnamənin ləğvi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar