Məhkəmə qərarları › İş №2-1(114)-2323/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2323/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2323/2021 03.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddia ərizəsinin araşdırılması zamanı “AZEMİS” Elektron Məhkəmə Sistemi və yekun məhkəmə qərarlarının məlumat bazası sistemindən əldə edilərək iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-5147/2020 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2-1(112)-5147/2020 nömrəli məktubu ilə müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli 2-1(112)- 5147/2020 nömrəli qərarı 06 fevral 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Lakin iddiaçı rədd edilən iddia tələbi və ona əlavə edilmiş sənədlərdə heç bir dəyişiklik və ya hər hansı bir əlavə etmədən eyni tələb üzrə yenidən məhkəməyə müraciət etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli 2-1(112)-5147/2020 nömrəli qərarında istinad olunan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 29.10.2019-cu il tarixli, N\3885 nömrəli məktubu, Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının 16 may 2008-ci il tarixli, VM-1/1366 nömrəli və Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının 04 iyul 2017-ci il tarixli, AM-1/1747 nömrəli arayışları da hazırkı iddia tələbi üzrə də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, iddia tələbi də eyni olmaqla eyni cavabdehə qarşı yönəlmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə qeyd edir ki, qanuni qüvvə hüquqi sülhün bərqərar olmasına xidmət edir və müəyyən bir andan etibarən məhkəmə qərarlarının mübahisələndirilməsini artıq mümkünsüz edir. İPM-də qanuni qüvvənin iki növü var: 1) formal-hüquqi qanuni qüvvə; 2) maddi-hüquqi qanuni qüvvə. Maddi-hüquqi qanuni qüvvəyə minmə qərarın məzmun baxımından məcburiliyini nəzərdə tutur və İPM-in 78-ci maddəsində əksini tapmışdır. Belə ki, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmə, bir tərəfdən qərarın onun əsasında dayanan faktiki hallara və mübahisə predmetinə təsirini əhatə edir. Digər tərəfdən, o, qərarın hansı şəxslərə münasibətdə hansı məcburi qüvvəyə malik olması məsələsini tənzimləyir. Maddi-hüquqi qanuni qüvvəyə minmə qərarın mübahisələndirilə bilməsi mümkün olmadıqdan sonra hüquqi sülhün bərqərar olmasına xidmət edir. Göründüyü kimi İPM-in 78-ci maddəsində maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmə yalnız proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyi nəzərdə tutulsa da, faktiki olaraq, bu məcburilik məhkəməyə də şamil olunur. Çünki o, tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyət üzrə yeni qərar qəbul edə bilməz. Əksinə, o, artıq bir qərarın mövcud olması və buna görə də yeni bir qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Bu kimi hallarda yeni iddia yalnız o halda mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni mübahisə predmeti yaranmış olsun. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 15.5 və 15.6-cı bəndlərində göstərilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasına dair Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli 2-1(112)-5147/2020 nömrəli qərarı ilə rədd edilən iddia tələbi ilə eynilik təşkil etdiyindən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əsasən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçı nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. - 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar