Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2323/2023 21.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə-iddiaçı) xx.xx.1954-cü il tarixdə Kəlbəcər rayonun Yuxarı Ayrım kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2skunlaşmışdır. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra mətndə - cavabdeh) ərizə ilə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-34/2-H-9xx/xx/2023 nömrəli məktubla bildirmişdir ki, Xidmətin Kəlbəcər rayon şöbəsinin uçot sənədlərində iddiaçının Azərbaycan ordu sıralarına səfərbər olması və İ Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etməsinə dair məlumat yoxdur. İddiaçı cavabdehə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-cı ildə Kəlbəcər rayonuna çəkilmiş elektirik xətti erməni işğalçıları tərəfindən kəsilən zaman Kəlbəcər rayonunun Bağlıpəyə, Tunel, dal ayrım, dal Qılınclı və Yellicə kəndlərinin ərazisində yerləşən rus hərbiçilərinin postlarına genartorlar vasitəsilə elektirik enerjisi verilən zaman həmin generatorları işə salmaq üçün rus postlarına gedirdilər. Onların əməkdaşları rus postlarına gedən zaman rus hərbçiləri əməkdaşlarını incitdikləri üçün işçilər həmin postlara getməkdən imtina edirdilər. Həmin vaxt iddiaçı rus hərbçilərinin olduğu Tunel postuna güdən zaman orada Qazax əsilli Batır, Türkmən əsilli Həmid və Sabir ilə tanış olaraq münasibət qurduqdan sonra rus əsgərlərinin olduğu postlara rahatlıqla gedib-gələ bilirdi. Generatorlara nəzarət etmək üçün rus əsgərlərinin olduğu Tunel postuna gedən zaman rus əsgərlərindən erməni işğalçılarına daşınan silah və sursatların aparıldığı yollar barədə məlumatlar əldə edərək dəfələrlə Kəlbəcər rayonunun birinci katibinə məlumat vermiş və bundan sonra həmin ərazilərdə əməliyyat keçirilərək erməni işğalçılarına aparılan silah və sursatın qarşısı alınmışdır. Bundan sonra rus əsgərləri həmin məlumatların iddiaçı tərəfindən çatdırıldığını örgəndikdən sonra onu öldürtmək məqsədilə ZİL-131 markalı hərbi avtomaşınla iddiaçını izlətdirərək, onun idarə etdiyi QAZ-69 markalı vük maşınını, həmin ZİL-131 markalı yük maşını ilə vurduraraq aşırtdırıb onu içərisində öldürmək istəyən zaman iddiaçının idarə etdiyi QA7-69 markalı yük maşını, rus hərbiçisinin idarə etdiyi ZİL-131 markalı yük avtomobilinin altında tamamilə əzilərək yolun kənarına düşmüş. rus hərbçisinin idarə etdiyi ZİL-131 markalı yük avtomobili isə Kəlbəcər rayon sakini İsmayıl adlı şəxsin məhləsinə düşmüşdür. Hadisədən sonra iddiaçını huşsuz vəziyyətdə Kəlbəcər rayon Mərkəzi Xəstəxanasına aparmışlar (qəza zamanı onun sol qolu biləkdən kəsilmiş (xəsarətlər almış), sağ çiyininin körpücüyü isə dağılmış, sol çənəsi qırılmışdır hal-hazırda da həmin xəsarətlərdən əziyyət çəkir). İdarə etdiyi avtomaşını vuran rus əsgərini isə camaat tutduqdan sonra onu döyməsinlər deyə atası əllərindən alaraq öz evində saxlamış, söhbəl zamanı rus əsgəri Dağıstan sakini olmaqla milliyyətcə Ləzgi olduğunu və rus zabitlərinin iddiaçını öldürtməsi üçün göndərdiyi etiraf etmişdir. Bundan som isə həmin rus əsgərini öz komandirlərinə təhvil vermişlər. Sağaldıqdan sonra xəstəxanadan çıxmış və bir müddətdən sonra bir neçə nəfərlə Kəlbəcər rayon icra başçısının yanına gedərək rayonunun müdafiəsi üçün tapşırıq verməsini istəmiş və icra başçısı onları Kəlbəcər rayon özünü müdafiə batalyonuna göndərmişdir. X1 Qənizadə idi. Camaatı tanıdığı üçün əvvəlcə onlara siyahı verərək həmin siyahıda olan çağırışçıları gətirilməsini istədi və bir həftə həmin çağırışçıları yığdıqdan sonra iddiaçını silahla təmin edərək ilk olaraq Çələkdar kəndinə göndərdilər Çələkdar kəndi ərazisində hərbiçilərin vəziyyətinin və təminatını, yaralıların vaxtında xəstəxanaya çatdırılmasını görmüş və öz şəxsi avtomobili ilə hərbçilərin təminatının daşınmasında bir başa iştirak etmişdir. Daha sonra Ağdaban kəndi istiqamətində hərbi sursat apardığı zaman düşmən tərəfindən atılan top mərmisi idarə etdiyi maşının ön hissəsindən aralı düşərək daşlar maşının kapotunu qırdı. Lakin həmin vaxt bədən xəsarəti almadığı üçün maşında olan hərbi sursatı hərbçilərə çatdırdı. Həmin avtomobili yaşadığı evin həyətində təmir etdirdi. Bundan sonra müharibə alovlandı və iddiaçını bir dəstə ilə Ağdaban istiqamətinə göndərdilər. Həmin vaxt ermənilər güclü dəstə ilə hücuma keçdikləri üçün camaat kəndi tərk edirdi və pərakəndəlik yarandığı üçün başlıbaşnalıq olduğundan hərə bir tərəfə dağıldı. Döyüş zamanı düşmən tərəfindən atılmış bir mərmi bir əsgərin başına düşərək onu parça-parça etdi. Kəlbəcər rayonunun işğalından sonra iddiaçıya təhkim edilmiş və döyüş zamanı onun sərəncamımda olan ГФ-2083 nömrəli silahı, bir daraq və otuz patronla birlikdə xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayon polis şöbəsinə təhvil verərək bu barədə rəsmi imzalı və möhürlü qəbz almışdır. İddiaçı Kəlbəcər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsi və xəsarət almasını əsas gətirərək ona müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi üçün dəfələrlə cənab prezidentə və aidiyyatı orqanla a müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi etirazında bildirmişdir ki, qanunvericilik aktının tələblərinə əsasən, cavabdeh tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. Lakin Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim olunmuş adlı siyahıda İddiaçı adı qeyd edilməmişdir. Bildirilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Lakin iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. İddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Beləliklə, hazırki mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası" müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq qərar qəbul edir. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İddiaçı öz tələbinin əsası kimi qəbz, akt təqdim etsə də, həmin hallar da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, yuxarıda istinad edilən Əsasnamənin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında, həm də döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilir. Hazırkı işdə bu, baş verməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2323/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2323/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver