Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2324/2022 16.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X7 oğlunun, cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Əbdüləzimov Xəqani Nağı oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə olan raket hücumu nəticəsində mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X6 küçəsi, 7-ci döngə, ev 8 ünvanındakı fərdi yaşayış evinin zərər çəkməsinə dair aktın tərtib edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, evə vurulmuş 20000 manat maddi zərərin və 9000 maddi yardımın ödənilməsinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2020-ci ilin oktyabrında Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə olan raket hücumu zamanı xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X6 küçəsi, 7-ci döngə ev 8 ünvanındakı fərdi yaşayış evinə də ciddi ziyan dəymişdir. Nəticədə ev yararsız hala düşmüş, o ailəsi ilə birlikdə bu günədək kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Dəfələrlə müraciət olunmasına baxmayaraq, Gəncə şəhər İcra Hakimiyyəti və digər orqanlar tərəfindən müraciətlərinə baxılmamış, ailəsi zərərçəkmiş kimi qeydə alınmamış və heç bir ödəniş edilməmişdir. Halbuki, cavabdeh Nazirlər Kabinetinin Bakıdan gələn komissiya üzvləri gəlib yerində evə baxış keçirmiş, təxmini 20 000 manat zərər dəydiyi və ödəniş olunacağını bildirilmişdir. Lakin sonradan icra hakimiyyəti müxtəlif bəhanələr gətirməklə ödəniş olunmasından yayınmış, ödənişin iddiaçının ünvana oxşar ünvana, yəni başqa şəxslərə edildiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq, faktların ciddi araşdırılmaqla fərdi yaşayış evinə dəymiş maddi zərərin ödənilməsi barəsində qanuna müvafiq tədbirlərin görülməsinə dair Gəncə şəhər İcra Hakimiyyətinə və digər orqanlara təkrar müraciətlər olunmuşdur, lakin müraciətləri təmin olunmamışdır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə olan raket hücumu nəticəsində mülkiyyətində olan fərdi yaşayış evinə dəymiş maddi zərərin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir İddiaçı və vəkili X4 iddianı müdafiə etmişlər. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentin müvafiq sərəncamı əsasında yaradılmış komissiyadan əlavə Nazirlər Kabinetinin müvafiq qərarı ilə işçi qrupu yaradılmış, həmin qrupda Maliyyə Nazirliyinin, Şəhər İcra Hakimiyyətinin, prokurorluğun və digər qrumların əməkdaşları təmsil olunmuş və həmin qrup Gəncə şəhərində vətəndaşlara dəymiş ziyanla bağlı akt tərtib edib aidiyyəti üzrə göndərilmiş və müvafiq ödənişlər edilmişdir. Şəhər İcra Hakimiyyətinin yalnız işçi qrupunun tərkibində dəymiş ziyanla bağlı akt tərtib etmək səlahiyyəti var, qrupun yenidən baxış keçirməsinin təşkil edilməsi Şəhər İcra Hakimiyyətinin səlahiyyətində deyil. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X6 küçəsi, 7-ci döngə,8 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. - surəti işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli texniki baxış aktından görünür ki, Gəncə şəhəri, X6 küçəsi, 7-ci döngə ev 8 ünvandakı fərdi yaşayış evinə baxış keçirilmiş və konkret olaraq sadalanmaqla təmirə ehtiyac olduğu qeyd edilmişdir. - Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının M-57/a-169/2 nömrəli, xx.xx.2022ci il tarixli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla mahiyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 6 noyabr 2020-ci il tarixli, 2292 nömrəli sərəncamının 1-ci bəndinə əsasən 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılmışdır. Komissiyanın tərkibinə isə Azərbaycan Respublikasının Baş naziri, onun müavini, Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentinin köməkçiləri, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəAzərbaycan Respublikasının Baş prokuroru daxil edilmişdir. Sözügedən komissiyaya 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, qiymətləndirmənin nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmış və 4-cü bəndində isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi həvalə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2020-ci il sentyabrın 27-dən başlayaraq “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının 2-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq maliyyələşməni təşkil etməsi, 3-cü bəndindəisəaidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etmələri qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” sərəncamının 2-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etmələri qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncamının 2-ci bəndində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsinin icrasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə lazımi tədbirlər görülməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, Gəncə şəhəri, Kəpəz rayonu, X6 küçəsi, 7-ci döngə, 8 nömrəli fərdi yaşayış evinə Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində ziyan dəymişdir və həmin daşınmaz əmlak iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X6 küçəsi, 7-ci döngə, 8 nömrəli fərdi yaşayış evinə dəymiş ziyanın müəyyənləşdirilməsi və ödənilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2324/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2324/2022
16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver