Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2325/2023 01.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş "Əmək Pensiyaları haqqında" Qanunun 37.3.2-1. maddəsinə uyğun xx.xx.2022-ci il tarixdən aldığı 1353,39 manat pensiya məbləğinin üzərinə fərdi hesabında həmin dövrdə olan 41542,31 pensiya kapitalı:173=240,13 manat əlavə etmək və ya xx.xx.2023-cü il tarixli müracətinə əsasən aldığı 1707,57 manat pensiya məbləğinin üzərinə fərdi hesabında xx.xx.2023-cü il tarixədək yığılan 67644,94 pensiya kapitalı :165=409,97 manat əlavə etməklə pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1965-ci il tarixdə doğulmuş,xx.xx.2014-cü il tarixdən hərbi qulluqçu kimi yasa görə əmək pensiyasına çıxmışdır. Eyni zamanda mülki sahədə əmək fəaliyyətini davam etdirir, bu gün də işləyir. xx.xx.2022-ci il tarixədək pensiyanın aylıq məbləği 1353,39 manat təşkil edirdi. Fərdi hesabında yığılmış pensiya kapitalından yararlanmaq məqsədi ilə may 2022-ci tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. O zaman fərdi hesabında 41542,31 pensiya kapitalı var idi. Hesab edirdi ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələri tətbiq edilməklə aldığı 1353,39 manat pensiya məbləğinin üzərinə 41542,31:173=240,13 manat əlavə ediləcəkdir. Lakin cavabdeh pensiyasında artım olmağa imkan verməmiş, əsas kimi "Əmək pensiyaları haqqında" Qanunun 29.2.-ci maddəsini göstərmişdir. Yəni pensiya məbləğini şərti olaraq pensiyanın sığorta və qulluq stajına görə əlavələrə bölüb, daxildə pensiyanın sığorta hissəsini şərti olaraq 240,13 manat artırır, qulluq stajına görə əlavələri isə bir o qədər 240,13 manat azaldır. Nəticədə pensiyanın ümumi məbləği bir qəpik də olsa nə artır, nə də ki azalır. 1 yanvar 2023-cü il tarixindən Qanunun 29.2.-ci maddəsi ləğv edildiyindən iddiaçı xeyrinə yararlanmaq məqsədi ilə yenidən cavabdehə müraciət etmişdir ki, fərdi hesabında olan kapitalına əsasən pensiyası yenidən hesablansın. Cavabdeh isə bildirmişdir ki, guya iddiaçı may 2022-ci il tarixdə müracət edərkən xx.xx.2022-ci il tarixə qədər olan pensiya kapitalından istifadə etmişdir. İddiaçı hesab edir ki, imtina tam olaraq əsassız və qanunsuzdur. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqadan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiya yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 41542,31 manat pensiya sığorta kapitalı qeydə alınıb. "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 173 aya bölünərək əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 507,85 manat müəyyən edilib. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərardan görünür ki, İddiaçı əmək pensiyası yenidən hesablanmaqla pensiya məbləği 1353.39 manat müəyyən edilmişdir. -DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-N-47201/2023 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçıya Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 10 oktyabr 2014-cü il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyasının sığorta hissəsi-267,72 manat və qulluq stajına görə əmək pensiyasına əlavəsi-1085,67 manat tərkibdən ibarət olmaqla 1353,39 manat məbləğində əmək pensiyası ödənilmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş "Əmək Pensiyaları haqqında" Qanunun 37.3.2-1. maddəsinə uyğun xx.xx.2022-ci il tarixdən aldığı 1353,39 manat pensiya məbləğinin üzərinə fərdi hesabında həmin dövrdə olan 41542,31 pensiya kapitalı:173=240,13 manat əlavə etmək və ya xx.xx.2023-cü il tarixli müracətinə əsasən aldığı 1707,57 manat pensiya məbləğinin üzərinə fərdi hesabında xx.xx.2023-cü il tarixədək yığılan 67644,94 pensiya kapitalı :165=409,97 manat əlavə etməklə pensiyasının yenidən hesablanmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun:- -37.3.1 ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. -29.2-ci maddəsinə əsasən "bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. -45-ci maddəsinə əsasən "gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır". "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır". Məlum olduğu kimi, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, "Əmək pensiyaları haqqında" Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 41542,31 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 41542,31 manat pensiya sığorta kapitalı "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 173 (41542,31:173 (65 il-56 il 7 ay=101 ay+(144 ay-72 ay)=240,13 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (267,72 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 507,85 (267,72+240,13) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (1085,67 manat) həmin artımlar qədər (240,13 manat) azaldılıb. Nəticədə, hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 507,85 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 845,54 (1085,67- 240,13) manat təşkil edir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2325/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2325/2023
01.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver