Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2328/2021 25.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı3 Firidun qızının və cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, “Doğum akt qeydinin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh 16.07.2021-ci il tarixli, 05/05-399/76 nömrəli məktubu ilə doğum akt qeydinin ləğv edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı (rayon(şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. İddiaçılar İddiaçı3 Firidun qızı, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tərtər rayon Qeydiyyat şöbəsinə (üçüncü şəxs Tərtər rayon Polis şöbəsi) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək doğum haqqında akt qeydləri kitabında 06.10.2002-ci il təvəllüdlü, 30.01.2003-cü il tarixli, 05 nömrəli akt qeydinin ləğv edilməsinə, doğum haqqında akt qeydləri kitabında 31.10.2003cü il təvəllüdlü, 27.11.2003-cü il tarixdə 47 nömrə ilə qeyd edilmiş doğum akt qeydinin İddiaçı3 Firidun qızına məxsus olmasının müəyyən edilməsinə, mövcud doğum haqqında şəhadətnamələrin ləğv edilməsinə, yeni doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin hazırlanması öhdəliyi cavabdeh və üçüncü şəxsin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə İddiaçı1 04.12.2002-ci il tarixdə rəsmi nikah bağlamışlar. Onların 06.10.2002-ci il tarixdə X7 adlı övladları anadan olmuşdur. X7 adı altında Tərtər rayon Bəyimsarov kənd İcra Nümayəndəliyində bu barədə doğum haqqında akt qeydləri kitabında 30.01.2003-cü il tarixli 05 nömrə ilə qeyd edilmiş, 30.01.2003-cü il tarixli, AZ-İ 311787 nömrəli doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Bundan sonra, onların İddiaçı3 Firidun qızı adlı qızları olmuş və doğum haqqında akt qeydləri kitabında 27.11.2003-cü il tarixdə 47 nömrə ilə qeyd edilmiş, 31.10.2003-cü il təvəllüdlə, 27.11.2003-cü il tarixli, AZ-İ 410506 nömrəli doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Bu iki sənəd eyni şəxsə İddiaçı3 Firidun qızına məxsusdur. İddiaçı3 Firidun qızının adına təvəllüdü 31.10.2003-cü il göstərilməklə AZE 10169433 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsi də tərtib edilmişdir. Tərtər rayon Polis şöbəsinin istintaq qrupunun baş müstəntiqi, polis mayoru X2 icraatında olan 07.03.2019-cu il tarixli HK-1/265 saylı material üzrə araşdırma aparılmış, 19.03.2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, doğum haqqında şəhadətnamələr və şəxsiyyət vəsiqəsi götürülmüş, 31.10.2003-cü il təvəllüdlü İddiaçı3 Firidun qızı 06.10.2002-ci il təvəllüdlü kimi qəbul olunmuş, 31.10.2003-cü il təvəllüdlü olmaqla İddiaçı3 Firidun qızı kimi 27.11.2003-cü il tarixdə verilmiş AZ-İ 410506 nömrəli doğum haqqında şəhadətnamə və 18.12.2013-cü il tarixdə İddiaçı3 Firidun qızının adına verilmiş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsi ləğv olmaları üçün Kəlbəcər rayon Polis Şöbəsinə göndərilmiş, 27.11.2003-cü ildə İddiaçı3 Firidun qızına verilmiş AZ-İ 410506 nömrəli doğum haqqında şəhadətnamə icra edilməsi üçün Cavabdehnə göndərilmişdir. İddiaçı3 Firidun qızının hal-hazırda doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi yoxdur. Bu isə onun fəaliyyətini və hüquqlarını pozur. Onun həmin sənədlərin yenidən tərtib edilməsi barədə müraciətləri icra olunmamış qalmışdır. Bundan sonra İddiaçı3 Firidun qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək yalnız onun iddiaçı qismində tanınmaqla, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tərtər rayon Qeydiyyat şöbəsinə qarşı 31.10.2003-cü il tarixdə doğulmağı ilə əlaqədar verilmiş 27.11.2003-cü il tarixli, 47 nömrəli akt qeydinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul olunmuşdur. İddiaçı3 Firidun qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, o, həqiqətən də 06.10.2002-ci il tarixdə anadan olub və həmin tarixdə anadan olması ilə bağlı doğum akt qeydində adı və soyadı Yeganə Kərimli kimi qeyd edilib. Lakin sonradan valideynləri ona təkrar olaraq 31.10.2003-cü il tarixdə doğulması ilə əlaqədar yeni şəhadətnamə almış, həmin şəhadətnamədə adı və soyadı İddiaçı3 kimi qeyd olunmuşdur. Bundan sonra, bütün sənədlərini həmin şəhadətnamə əsasında İddiaçı3 Firidun qızı adı ilə əldə etmişdir. Lakin Tərtər rayon Polis şöbəsinin 19.03.2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə onun 06.10.2002-ci il tarixdə doğulması faktı təsdiq edilmiş, buna görə də, onun 31.10.2003-cü il tarixdə doğulması ilə əlaqədar tərtib edilmiş şəxsiyyət vəsiqəsi ləğv olunmuşdur. Hazırda şəxsiyyət vəsiqəsi yoxdur və yeni şəxsiyyət vəsiqəsi əldə etməsi ilə bağlı onunla barəsində tərtib edilmiş iki doğum aktı qeydindən birinin – 27.11.2003-cü il tarixli 47 nömrəli qeydin ləğv olunmasını, 30.01.2003-cü il tarixli 05 nömrəli doğum aktı qeydi əsasında X7 ilə yeni doğum haqqında şəhadətnamə almasını və bu yolla digər sənədlərinin də bərpa edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddiaçının tələbinin təmin edilməsinin onların imkanları xaricində olduğunu bildirib məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, İddiaçı3 Firidun qızının barəsində iki müxtəlif doğum akt qeydi mövcuddur. Bunlardan biri 06.10.2002-ci il tarixdə doğulmuş X4 adına tərtib edilmiş 30.01.2003-cü il tarixli 05 nömrəli doğum akt qeydidir, ikincisi isə 31.10.2003-cü il tarixdə doğulmuş İddiaçı3 Firidun qızının adına tərtib olunmuş 27.11.2003-cü il tarixli 47 nömrəli doğum akt qeydidir. İddiaçının bütün sənədləşmələri sonuncu qeyd əsasında aparılmış, lakin Tərtər rayon Polis şöbəsində aparılan araşdırma zamanı İddiaçı3 Firidun qızının adına olan şəxsiyyət vəsiqəsi ləğv edilmişdir. İddiaçıya aid iki fərqli doğum akt qeydi olduğundan iddiaçı hazırkı vəziyyətdə şəxsiyyət vəsiqəsi əldə edə bilmir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçı3 Firidun qızının adına verilmiş AZ-İ 410506 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti; - X4 adına verilmiş AZ-İ 311787 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti; - Cavabdeh 16.07.2021-ci il tarixli, 05/05-399/76 nömrəli imtina məktubu; - Tərtər rayon Polis şöbəsinin istintaq qrupunun baş müstəntiqi, polis mayoru X2 19.03.2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının surəti; - 06.10.2002-ci il tarixdə doğulmuş X4 adına tərtib edilmiş 30.01.2003-cü il tarixli 05 nömrəli doğum akt qeydinin təsdiq edilmiş surəti; - 31.10.2003-cü il tarixdə doğulmuş İddiaçı3 Firidun qızının adına tərtib olunmuş 27.11.2003-cü il tarixli 47 nömrəli doğum akt qeydinin təsdiq edilmiş surəti. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı3 Firidun qızının adına iki müxtəlif doğum akt qeydi tərtib edilmişdir. 30.01.2003-cü il tarixli 05 nömrəli doğum akt qeydinə əsasən X7 06.10.2002-ci il tarixdə doğulmuşdur. 27.11.2003-cü il tarixli 47 nömrəli doğum akt qeydinə əsasən İddiaçı3 Firidun qızı 31.10.2003-cü il tarixdə doğulmuşdur. Hər iki doğum akt qeydi hazırkı iş üzrə iddiaçıya məxsusdur. İş materiallarında olan Tərtər rayon Polis şöbəsinin 19.03.2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, 31 oktyabr 2003-cü il təvəllüdlü İddiaçı3 06 oktyabr 2002-ci il təvəllüdlü kimi qəbul olunmuşdur. 31 oktyabr 2003cü il təvəllüdlü olmaqla İddiaçı3 kimi 27 noyabr 2003-cü il tarixdə verilmiş AZ-İ 410506 nömrəli doğum haqqında şəhadətnamə və 18 dekabr 2013-cü il tarixdə İddiaçı3 adına verilmiş AZE 10169433 nömrəli şəxsiyyət vəsiqəsi ləğv olunmaları üçün Kəlbəcər rayon polis şöbəsinə göndərilmişdir. 27 noyabr 2003-cü ildə İddiaçı3 verilmiş AZ-İ 410506 nömrəli doğum haqqında şəhadətnamə icra edilməsi üçün Cavabdehnə göndərilmişdir. Həmin qərarın məzmununda qeyd edilən Tərtər rayon Bəyimsarov kənd İƏD üzrə nümayəndəsi X8 və Tərtər rayon Bəyimsarov kənd İƏD üzrə nümayəndəsinin müavini X6 izahatlarında göstərilmişdir ki, İddiaçı2 onların nümayəndəliyinin ərazisində Kəlbəcər rayon məcburi köçkünü kimi müvəqqəti qeydiyyatda duraraq yaşayır. Ona təqdim edilən İddiaçı3 adına olan 311787 nömrəli doğum haqqında şəhadətnamə və İddiaçı3 adına olan 410506 nömrəli doğum haqqında şəhadətnamə bir adama məxsusdur. Həmin sənədlərlə tanış olandan sonra nümayəndəlikdə olan arxiv sənədlərini çıxartmışlar və bundan sonra bilmişlər ki, Tərtər rayon Bəyimsarov kənd xəstəxanasının həmin tarixdə həkimi işləmiş Şiraslan Nəsibov tərəfindən verilmiş 234 nömrəli tibbi sənədə əsasən keçmiş icra nümayəndəsi X5 tərəfindən 03 yanvar 2003-cü il tarixdə İddiaçı3 adına 311787 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Onların işə əmrinin verildiyi gündən təxminən 1 ay sonra isə onun vasitəsi ilə nümayəndə Surxay tərəfindən Tərtər MRX-dan verilmiş ******* nömrəli doğum haqqında tibbi şəhadətnaməyə əsasən İddiaçı3 adına 410506 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin sənədlərlə tanış olandan sonra bilmişlər ki, 27 noyabr 2003-cü il tarixdə İddiaçı3 adına verilən 410506 nömrəli doğum haqqında şəhadətnamə tərəflərindən saxta yazılmışdır. Onlar özləri də bilmədən İddiaçı3 adına 311787 nömrəli doğum şəhadətnamə ola-ola, həmin şəxsə İddiaçı3 kimi 410506 nömrəli doğum haqqında şəhadətnamə vermişlər. Onlar həmin şəxsə maraq müqabilində doğum haqqında şəhadətnamə verməmişlər. Məhkəmə iş üzrə əldə edilmiş sübutları tam, hərtərəfli və obyektiv təhlil edərək hesab edir ki, hazırkı iş üzrə iddia tələbi təmin edilməli, iddiaçının adına ikinci dəfə verilən 27.11.2003-cü il tarixli 47 nömrəli doğum akt qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın: - 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 25-ci bəndinə əsasən bərpa və ya təkrar tərtib edilmiş qeyd, həmçinin ilk qeydi aşkara çıxarmış qeydiyyat şöbələrinin və konsulluq idarələrinin təşəbbüsü ilə ləğv oluna bilər. - 26-cı bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar tələb edə bilər. - 27-ci bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır. - 28-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. - 29-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi barəsində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin toplanmış bütün materialları birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. - 30-cu bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin ləğvi məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir. - 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 11-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. - 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Məhkəmə yuxarıda göstərilmiş normalara istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində vətəndaşlıq vəziyyəti aktlarının qeydinin ləğv edilməsi ilə bağlı tənzimləmə mövcuddur və yuxarıda qeyd olunanlara əsasən iddia tələbi təmin edilməli, İddiaçı3 Firidun qızının 31.10.2003-cü il tarixdə doğulması ilə əlaqədar 27.11.2003-cü il tarixli 47 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh tərəfindən inzibati icraat aparılarkən İddiaçı3 Firidun qızının şəxsiyyət vəsiqəsinin Tərtər rayon Polis şöbəsinin 19.03.2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən ləğv edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı3 Firidun qızının 31.10.2003-cü il tarixdə doğulması ilə əlaqədar 27.11.2003cü il tarixli 47 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh tərəfindən inzibati icraat aparılarkən İddiaçı3 Firidun qızının şəxsiyyət vəsiqəsinin Tərtər rayon Polis şöbəsinin 19.03.2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən ləğv edilməsi nəzərə alınsın. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-2328/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2328/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver