Məhkəmə qərarları › İş №2-1(114)-233/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-233/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-233/2023 15.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1979 ci il tarixdə Kəlbəcər rayonu Alçalı kəndində anadan olmuşdur, atası X9, anası isə X4r. İddiaçı 1981-ci il tarixdə dayısı Nəsrədddin Əzimovun övladı olmaması səbəbindən ona övladlığa verilmiş, lakin heç vaxt onun yanında olmamışdır. Sonradan onların övladları olduğundan öz atasının və anasının yanında yaşamağa başlamışdır. 1993-cü il tarixdə Kəlbəcər rayonu işğal olunan zaman valideynləri ilə birlikdə Gəncə şəhəri Gülüstan qəsəbəsi Qocalar evində məcburi köçkün kimi məskunlaşmış, validenynləri ilə birlikdə məcburi köçkünlərə məxsus olan bütün imtiyazlardan istifadə etmişdir və hal-hazırda da istifadə edir. İddiaçı ailə qurduqdan sonra Bakı şəhərinə köçüb orada yaşayır. Qeyd olunanları nəzərə alaraq iddiaçı məcburi köçkün vəsiqəsini almaq üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Nəsrəddin onun dayısı, Nüşabə isə dayısının arvadıdır, sonuncular onu övladlığa götürəndə Bakı şəhərində yaşayıblar, məcburi köçkün deyillər. X8 ifadəsində bildirmişdir ki, İddiaçı öz valideynləri ilə birlikdə Kəlbəcər rayonunun Alçalı kəndində yaşamışdır, o, iddiaçı ilə 1986-1993-cü illərdə həmin rayonunun Qılınclı kəndində eyni sinifdə oxumuşdur, həmin vaxt 4-5 kəndin, o cümlədən Alçalı və Qılınclı kəndinin 1 məktəbi olmuşdur. 1993-cü ildə isə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşlər. X3 ifadəsində bildirmişdir ki, o, 1979-cu ildə Kəlbəcər rayonunun Qılınclı kəndində doğulmuşdur, İddiaçı öz valideynləri ilə birlikdə Kəlbəcər rayonunun Alçalı kəndində yaşamışdır, 7-ci sinifədək, yəni 1993-cü ildə məcburi köçkün düşənədək Qılınclı kənd orta məktəbində iddiaçı ilə eyni sinifdə oxumuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndənin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli 02/2448 nömrəli iddia ərizəsinə etirazda bildirilmişdir ki, Kəlbəcər rayon Qeydiyyat şöbəsinin 26 may 1981ci il tarixli şəhadətnaməsinə əsasən, İddiaçı X12 və X6 tərəfindən övladlığa götürülmüşdür. Sonradan, iddiaçının N.Ə.Əzimov və N.Ş.Əskərov tərəfindən övladlığa götürülməsi və müvafiq şəhadətnamə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 4 noyabr tarixli 2(011)-8384/2019 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. İddiaçının müvafiq şəxslər tərəfindən övladlığa götürülməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən ləğv edildiyindən, iddiaçı Kəlbəcər rayonu işğal olunan zaman, faktiki olaraq həmin şəxslərin övladlığına verilməklə himayəsində olmuşdur. Nəticədə, Kəlbəcər rayonunun işğalı zamanı İddiaçı faktiki olaraq X12 və X2 himayəsində olduğundan, həmin rayondan məcburi köçkün düşə bilməzdi. İddiaçı iddia ərizəsində dayısının övladı olmaması səbəbindən ona övladlığa verildiyini, lakin heç vaxt onun yanında olmadığını, sonradan onların övladları olduğundan öz atasının və anasının yanında yaşamağa başladığını qeyd etsə də, iddiaçıya təqdim olunmuş AZE seriyalı 00269332 nömrəli, AZE seriyalı 06003006 nömrəli, AZE seriyalı 14743172 nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinə əsasən iddiaçının 2022-ci il tarixədək soyadının "Əzimov", ata adının isə "Nəsrəddin" kimi qeyd olunduğu müəyyən olunur. İddiaçı övladlığına verildiyi şəxslərin heç vaxt himayəsində olmadığını, hər zaman ana və atasının yanında yaşadığını bildirsə də, iddiaçının "iddia etdiyi faktlara" uyğun olaraq 2022-ci il tarixədək həmin məlumatların dəyişdirilməsi təmin edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8384/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, xx xxxx 1979-cu il tarixdə Kəlbəcər rayonu, Alçalı kəndində doğulmuş X5 X12 və X6 tərəfindən övladlığa götürülməsinin ləğv edilməsi, 23 fevral 2017-ci il tarixdə Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş övladlığa götürmə haqqında akt qeydiyyatı kitabında 26 may 1981-ci il tarixli, 2 saylı qeydiyyatı aparılmış övladlığa götürmə haqqında şəhadətnamənin ləğv edilməsi, X5 doğulması haqqında qeydlərdə övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumatların bərpa edilməsi qət edilmişdir. -surəti işə əlavə edilmiş AZ-İV 416853 nömrəli xx.xx.2020-ci il tarixli “Doğum haqqında” şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonu, Alçalı kəndində anadan olmuş, ata qrafasında X9, ana qrafasında X7 qeyd olunmuşdur. -işə əlavə edilmiş Kəlbəcər RİHB-nin Qılınclı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 218 nömrəli arayışında bildirilir ki, İddiaçı məcburi köçkündür, Kəlbəcər RİHB-nin Qılınclı kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illərə dair 01 saylı təsərrüfatbaşına kitabın 083-cü səhifəsində 042 saylı Alçalı kəndində daimi qeydiyyatdadır, hal-hazırda məcburi köçkün kimi ünvan 1 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır, hər ay dövlətdən özü və 2 (iki) övladına görə ayda 60 (altmış) manat olmaqla 180 (bir yüz səksən) manat vahid aylıq müavinət alır, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı nəticəsində Alçalı kəndindən atası-X9, anası-X7, 2 qardaşı və 1 bacısı ilə birgə məcburi köçkün düşmüşdür (Əsas: Kəlbəcər RİHB-nin Qılınclı kənd İƏD üzrə nümayəndəliyinin Kəlbəcər rayon Dövlət Arxivinin 61 №-li fondunda saxlanılan 1993- 1995-ci illəri əhatə edən 01 saylı təsərrüfatbaşına kitabın 11 saylı şəxsi hesabındakı qeyd və Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 41 №-li arayışı). -işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Gəncə şəhəri, Samux, Göygöl, Daşkəsən rayonarı üzrə Sektrunun xx.xx.2022-ci il tarixli, 751 nömrəli arayışında bildirilir ki, Kəlbəcər rayonu Alçalı kəndində daimi qeydiyyatda olan İddiaçı (keçmiş X20) oğlu həqiqətən 1993-cü ilin aprelində Kəlbəcər rayonundan məcburi köçkün düşərək Gəncə şəhəri Gülüstan qəsəbəsində Qocalar evinin yataqxanasında müvəqqəti məskunlaşmışdır, məcburi köçkün düşdükdən sonra məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə etmişdir. -surəti işə əlavə edilmiş AA 263120 nömrəli və AA 263120 nömrəli məcburi köçkün vəsiqələrindən görünür ki, X9 və X1 rayonundan məcburi köçkün düşmüşdür. -işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 01/4122 nömrəli məktubundan görünür ki, İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonu, Alçalı kəndində anadan olmuşdur, bioloji atası X9, bioloji anası X4r. Kəlbəcər rayon Qeydiyyat şöbəsinin 26 may 1981-ci il tarixli şəhadətnaməsinə əsasən X12 və X6 tərəfindən övladlığa götürülmüşdür. Sonradan iddiaçının N.Ə.Əzimov və N.Ş.Əskərov tərəfindən övladlığa götürülməsi və müvafiq şəhadətnamə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 4 noyabr tarixli 2(011)-8384/2019 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. İddiaçı övladlığa götürülməsinin ləğv edildiyini nəzərə alaraq ona “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013cü il tarixdə qeydiyyatdan keçmiş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun:- -1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. -9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. -10-cu maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Qanunun 1-ci maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi həyata keçirir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın:- -1.1-ci bəndində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. -4.1.1-ci bəndində qeyd olunmuşdur ki, sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Cavabdehin imtinasının əsasını Kəlbəcər rayonu işğal olunan zaman iddiaçının faktiki olaraq məcburi köçkün olmayan şəxslərin övladlığına verilməklə onların himayəsində olması təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının bioloji valideynləri Kəlbəcər rayonundan məcburi köçkündür və iddiaçı da həmin rayonda doğulmuşdur. İddiaçı Kəlbəcər rayon Qeydiyyat şöbəsinin 26 may 1981-ci il tarixli şəhadətnaməsinə əsasən məcburi köçkün olmayan X12 və X6 tərəfindən övladlığa götürülsə də, Kəlbəcər RİHB-nin Qılınclı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 218 nömrəli arayışından görünür ki, o, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı nəticəsində Alçalı kəndindən atası-X9, anası-X7, 2 qardaşı və 1 bacısı ilə birgə məcburi köçkün düşmüşdür (Əsas: Kəlbəcər RİHB-nin Qılınclı kənd İƏD üzrə nümayəndəliyinin Kəlbəcər rayon Dövlət Arxivinin 61 №-li fondunda saxlanılan 1993-1995-ci illəri əhatə edən 01 saylı təsərrüfatbaşına kitabın 11 saylı şəxsi hesabındakı qeyd). Eyni zamanda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 4 noyabr tarixli 2(011)-8384/2019 nömrəli qətnaməsinin məzmunundan da göründüyü kimi, iddiaçının övladığa götürülməsinin ləğvinə əsas formal olaraq övladlığa götürülməsi, əslində faktiki olaraq bioloji valideynləri ilə yaşaması və onlarla birgə məcburi köçkün olaraq respublikanın digər rayonunda məskunlaşması olmuşdur. Qeyd olunanalar “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.1-ci bəndinə müvafiq olaraq iddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə əsas yaradır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar