Məhkəmə qərarları › İş №2-1(114)-2336/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2336/2025

28.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2336/2025 28.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarının ləğvi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1990-cı il tarixdə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X11 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/1-M-260877/2024 nömrəli qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanaraq yenidən hesablanmış pensiya məbləği 438 manat məbləğində müəyyən edilmişdir. Qərarda qeyd hissəsində göstərilmişdir: İddiaçı atası X3 vəfatı ilə əlaqədar xx.xx.2009-cu il tarixdən, anası X4 vəfatı ilə əlaqədar ümumi əsaslarla 01.5.2019-cu il tarixindən ABİ pensiyası təyin edilmişdir. Pensiyanın məbləği xx.xx.2024-cü il tarixə yenidən hesablanaraq 438.06 manata çatdırılmışdır. Anasının vəfatı ilə əlaqədar xx.xx.2019-cu il tarixdən hər iki valideyninin pensiya məbləğinin sığorta hissəsi qeyd edildiyindən 30.04.202 -ci il tarixədək artıqvermə müəyyən edilmişdir. İddiaçının cavabdeh orqana müraciətinə, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-280894/2024 nömrəli məktubla daxil olmuş müraciətə aidiyyəti üzrə baxaraq iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 14.1.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşma çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Məlumat üçün bildiririk ki, İddiaçı mərhum X5 vəfatı ilə əlaqədar xx.xx.2019-cu il tarixindən ümumi əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bildiririk ki, pensiya işi qovluğuna daxil olan sənədlərdə qeyd olunan məlumatlara əsasən mərhum Aidə Əliyevanın 01.01,2006-cı il tarixinədək 24 il 8 ay 26 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən 01,09.2016-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 3895,34 manat (2016-cı il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında İddiaçı təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021 -ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətinizdən 3 il əvvələ) 316,05 manat müəyyən edilmişdir. Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği 01.01,2022-ci il tarixindən 326,79 manata çatdırılmışdır. Qanuna 01.01,2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə uyğun olaraq 2022-ci il üzrə əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş maddi yardım (200 manat) 2023-cıı il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 343,45 manata, eyni zamanda Qanunun 29.1 -ci maddəsinə əsasən indeksləşdirilərək həmin tarixdən 393,94 manata, xx.xx.2024-cü il tarixindən 438,06 manata çatdırılmışdır. Qanunun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bildiririk ki, İddiaçı 01,05.2019-cu il tarixində pensiya təyin olunan zaman hər iki valideyninin pensiyasının sığorta hissəsi cəmlənərək təyin olunduğu üçün pensiyasının məbləği düzgün müəyyən edilməmişdir. Bu səbəbdən Fondun keçmiş 18 saylı regional ərazi filialının sərəncamına əsasən ailə başçısını itirməyə görə əmək pensiyası üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Bildiririk ki, İddiaçı pensiyasının məbləğində müəyyən edilmiş artıqödəmə 3 ildən az müddəti əhatə etdiyi üçün Qanunun 39.1 -ci maddəsinin tətbiq edilməsi mümkün hesab olunmur. Əlavə olaraq bildiririk ki, ərizənizdə qeyd etdiyiniz digər məsələlərin (pensiyadan tutulmanın məbləği, artıqödəmənin ümumi məbləği və tutulmanın hansı əsasla həyata keçirilməsi) icrası Mərkəzi Filialın səlahiyyətləri xaricində olduğundan cavablandırılması üçün Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına göndərilmişdir. İddiaçı qanuni nümayəndəsi X6 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixədək vəfat etmiş hər iki valideynin pensiyasının sığorta hissəsi ailə başçısını itirməyə görə İddiaçı aldığı əmək pensiyasının tərkibində nəzərə alınaraq qanunvericiliyə uyğun hüququnun yarandığı tarixdən yenidən hesablanması haqqında cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qəyyumu olduğu İddiaçı xx.xx.1990-cı il tarixdə doğulmuşdur, uşaqlıqdan (18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxar əlilliyi olan şəxs) əlildir. Hər iki valideyni vəfat etmişdir. Atasının vəfatı ( xx.xx.1994-cü il tarixdə vəfat edib) ilə bağlı a.b.i.-yə görə əmək pensiyası almışdır. Son olaraq anası X8 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən pensiyasına anasının pensiyasının sığorta hissəsi əlavə olunmuşdur.Daha sonra pensiyada azalma olmuş və eyni zamanda azaldılmış pensiya məbləğindən tutulmalar aparıİmağa başlanılmışdır,bu gündə pensiyadan tutulma davam edir. Bununla bağlı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş,verilmiş cavab olaraq İddiaçı xx.xx.2019-cu il tarixində pensiya təyin olunan zaman hər iki valideyninin pensiyasının sığorta hissəsi cəmlənərək təyin olunduğu üçün pensiyasının məbləği düzgün müəyyən edilməmişdir. Bu səbəbdən Fondun keçmiş 18 saylı regional ərazi filialının sərəncamına əsasən ailə başçısını itirməyə görə əmək pensiyası üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2021- ci il tarix inədək artıqödəmə müəyyən olunmuşdur. Bildiririk ki, İddiaçı pensiyasının məbləğində müəyyən edilmiş artıq ödəmə 3 ildən az müddəti əhatə etdiyi üçün Qanunun 39.1-ci maddəsinin tətbiq edilməsi mümkün hesab olunmadığı bildirilmişdir. İddiaçının qanuni nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X7 məhkəmə iclasına gəlmişlər. İddiaçının qanuni nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli, 3-17-1/1-M- 260877/2024 nömrəli qərar ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddiaya qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçının cavabdehə ünvanladığı ərizələri, cavabdehin imtinası, cavabdehin məktubu ilə məhkəməyə təqdim edilmiş pensiya işin və müavinət işinin materialları təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Belə ki, qərarların iddiaçıya çatdırılması müəyyən olunmadığından, qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmiş hesab olunur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də cavabdeh inzibati orqan tərəfindən artıq ödəmə ilə bağlı qərar qəbul edilən zaman iddiaçı inzibati icraata cəlb olunmamışdır.

1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

2. Digər tərəfdən, sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X11 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/1-M- 26087/2024 nömrəli qərarı ilə İddiaçı atası X3 vəfatı ilə əlaqədar xx.xx.2009-cu il tarixdən, anası X4 vəfatı ilə əlaqədar ümumi əsaslarla 01.5.2019-cu il tarixindən ABİ pensiyası təyin edilmişdir. Pensiyanın məbləği xx.xx.2024-cü il tarixə yenidən hesablanaraq 438.06 manata çatdırılmışdır. Anasının vəfatı ilə əlaqədar xx.xx.2019-cu il tarixdən hər iki valideyninin pensiya məbləğinin sığorta hissəsi qeyd edildiyindən xx.xx.2021 -ci il tarixədək artıqvermə müəyyən edilmişdir.

4. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli, 3-17-1/1-M-260877/2024 nömrəli qərar qanunsuz olmuş,iddiaçıdan əsassız olaraq tutulmalar aparılmışdır.

5. Göründüyü kimi, inzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması qanunvericilik aktlarında nəzərdə tutulmamışdır.

6. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması barədə müavinət alan şəxsin razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq qərar qəbul edilmişdir. Ona görə də, həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, 3-17-1/1-M-260877/2024 nömrəli qərar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar