Məhkəmə qərarları › İş №2-1(114)-234/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-234/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-234/2022 03.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı cavabdehin 12.10.2021-ci il tarixli, NA00002824 nömrəli qərarının ləğv edilərək, tədris dilini bilmə səviyyəsinin yenidən qiymətləndilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Universiteti tərəfindən adına verilmiş 08.08.2019-cu il tarixli, TOTU 000684 nömrəli Bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu il tarixdə Gürcüstan Respublikası, X2 Universitetinin “İqtisadiyyat’ ixtisasını bitirmişdir. Bu barədə TOTU № 000684 saylı müvafiq diplomunu almış, sonra almış olduğu ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentiyinin müəyyən edilməsinə dair 20.08.2021-ci il tarixli ərizə ilə Azrərbaycan Respublikası Təhsil Nazirlyinə müraciət etmiş, 12.10.2021-ci il tarixli, NA00002824 nömrəli məktubla bildirilmişdir ki, araşdırma nəticəsində onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Əlavə olaraq bildirmişlər ki, təhsil müəsissəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. Cavab məktubunda həmçinin qeyd olunmuşdur ki, Nazirlər Kabinentinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Göstərilənlər və Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın İİİ. 1.2 maddəsini, Konvensiya komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların qiymətləndirilməsi meyarları və prosedurları üzrə tövsiyələr”in V hissəsini və izahedici memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq Gürcüstan Respublikası, X2 Universiteti tərəfindən adıma verilmiş 08.08.2019-cu il tarixli, TOTU № 000684 nömrəli Bakalavr diplomunun ölkə ərazisində tanınmasının mümkün hesab olunmadığı göstərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası əsassızdır və heç bir hüquqi əsası yoxdur. O, 4 il müddətində əyani təhsil almış, təhsil aldığı müddətdə bütün imtahanları vermiş, ingilis dilini və ixtisasını yaxşı bilir. Müsahibə zamanı bütün sualların hamsını cavablandırmış, hansısa sualı cavablandıra bilməmişsə o demək deyil ki, dili bilmir, lakin buna baxmayaraq Ekspert Qrupu bunu nəzərə almadan ona imtina vermişdir. Bundan əlavə o Bərdə rayonunda yaşadığına görə, həftənin 1-ci günü təhsil müəssisəsinə gedərək 5-ci gün geri qayıtmışdır. 1-ci kursda 5 ay 20 gün (170 gtün), 2-ci kursda 6 ay(150 gün), 3-cü kursda 5 ay 15 gün, 4-cü kursda isə 4 ay 10 gün (130 gün) olmasının səbəbi ondan ibarətdir ki, sonuncu kursda Təcrübəni Bərdə şəhərində keçmiş, bu isə nəzərə alınmamışdır. Məhkəmə baxışı iclasında İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, cavabdehin 12.10.2021-ci il tarixli, NA00002824 nömrəli qərarının ləğv edilərək, tədris dilini bilmə səviyyəsinin yenidən qiymətləndilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etirazında bildirmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində (İ il- 5 ay, İİ il- 4 ay 22 gün, İİİ il- 5 ay 8 gün, İV il- 4 ay 6 gün) tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması, habelə tədris dili üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbi ilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat 12.10.2021-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (2015/2016-cı tədris ili üzrə - 5 ay, 2016/2017cü tədris ili üzrə - 4 ay 22 gün, 2017/2018-ci tədris ili üzrə - 5 ay 8 gün, 2018/2019-cu tədris ili üzrə - 4 ay 6 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ. 1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3. təcrübələrdə iştirak etməsi; 3.2.7.4. laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6. imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7. buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1. məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. 3.2.9. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. Əlavə olaraq, kvalifikasiyaların tanınması prosedurunun tərkib hissəsi olan müsahibə zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyildir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsinə görə ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Eyni zamanda, Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini qənaətbəxş səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin 12.10.2021-ci il tarixli, NA00002824 nömrəli qərarı, X2 Universitetinin TOTU 000684 nömrəli Bakalavr diplomunun təsdiqlənmiş surəti, 31.10.2019-cü il tarixli Apostil, İddiaçı Sərhədçəkmə məlumatlarının sorğusu, İddiaçı tədris dili üzrə bilik səviyyəsinin 28.09.2021-ci il tarixində keçirilmiş videomüsahibə ilə əlaqədar inzibati icraat materiallarından çıxarış, cavabdehin 13.12.2021-ci il tarixli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia həm də əsaslıdır. Cavabdehin etirazının dəlili iki hissədən ibarətdir: 1)iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması, 2) tədris dili üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması. İddiaçı cavabdehin etirazının dəlilləri ilə bağlı bildirmişdir ki, Bərdə rayonunda yaşadığına görə, həftənin 1 ci günü təhsil müəssisəsinə gedərək 5-ci gün geri qayıtmışdır. 1-ci kursda 5 ay 20 gün (170 gtün), 2-ci kursda 6 ay(150 gün), 3-cü kursda 5 ay 15 gün, 4-cü kursda isə 4 ay 10 gün (130 gün) olmasının səbəbi ondan ibarətdir ki, sonuncu kursda Təcrübəni Bərdə şəhərində keçmiş, bu isə nəzərə alınmamışdır. İşin faktiki hallarından göründüyü kimi cavabdeh iddiaçının qeyd etdiyi bu halları tam şəkildə araşdırmamışdır. “İnzibati icraat haqqında“ Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Etirazın digər dəlili olan tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün yetərsiz olması ilə bağlı iddiaçı bildirmişdir ki, müsahibə zamanı sualların hamısını cavablandırmış, hansısa sualı cavablandıra bilməmişsə o demək deyil ki, dili bilmir, lakin buna baxmayaraq Ekspert Qrupu bunu nəzərə almadan ona imtina vermişdir. Göründüyü kimi, inzibati orqan tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış iddiaçının xeyrinə olan hallar nəzərə alınmamış, yalnız maddi hüquq normaları formal sadalanmaqla qərar qəbul olunmuşdur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı: 3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. “İnzibati icraat haqqında “Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respblikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərini həmin səlahiyyətlərin məqsədinə tam uyğun hərtərəfli şəkildə həyata keçirmədiyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 12.10.2021-ci il tarixli, NA00002824 nömrəli qərarı ləğv olunmalı və iddiaçının təhsil aldığı dövrdə həftə sonları Azərbaycan Respublikasında olması müddətləri nəzərə alınmaqla onun tədris dilini bilmə səviyyəsinin yenidən qiymətləndilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə görə, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında“ Azərbaycan Respublikasının Qanunu: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 12.10.2021-ci il tarixli, NA00002824 nömrəli qərarı ləğv edilsin, İddiaçı təhsil aldığı dövrdə həftə sonları Azərbaycan Respublikasında olması müddətləri nəzərə alınmaqla tədris dilini bilmə səviyyəsinin yenidən qiymətləndilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar