Məhkəmə qərarları › İş №2-1(114)-234/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-234/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-234/2023 02.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X8, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsi, 38 saylı evin X5 adına qeydə alınaraq həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat Ofisi cavabdehə müraciət edərək, Gəncə şəhəri, Şota Rustaveli küçəsi, 38 saylı evin X5 adına qeydə alınaraq həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, lakin sonuncu heç bir araşdırma aparmadan xx.xx.2022-ci il tarixli **********29 saylı məktubla əsassız imtina vermiş və bildirmişdir ki, fərdi yaşayış evinə hüquqmüəyyənedici sənədlərdə hüquq sahiblərinin ata adları və soyadları qeyd edilməmişdir. Belə olan halda fərdi yaşayış evinin hüquq sahiblərinin təyin edilməsi mümkün olmamışdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət komitəsinin DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatına əsasən Gəncə şəhəri, Ş.Rustaveli küçəsində yerləşən 38 saylı fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ evlərin texniki" inventarizasiya və qiymətləndirilməsinə aid” pasport və həmin yaşayış evinin yerləşdiyi 884 kv.m torpaq sahəsinə dair xx.xx.1942-ci il tarixli “Torpaq qeydi” Əliyev Rəhim, Əliyev Mövsüm, Əliyev Heydər, Əliyeva Leyla, Əliyev Xəlil, Əliyev Cəcrayıl, Əliyev Əli və Əliyeva Manyanın adlarına tərtib edilmişdir. Göründüyü kimi arxiv sənədlərində hüquq sahiblərinin soyadları qeyd edilmişdir. Bundan əlavə, Gəncə şəhəri, Ş.Rustaveli küçəsində yerləşən 38 saylı fərdi yaşayış evinə məxsus 1958-ci il tarixli ev dəftərində X5 və digər ailə üzvlərinin ad, soyad və ata adları tam qeyd edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təqdim edilmiş sübutlar araşdırılmış, xx.xx.1980-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 38 saylı miras evin (torpaq sahəsi ilə birlikdə) ərizəçilər İddiaçı və X6 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilmişdir. Mülki işə maraqlı şəxs qismində cəlb edilmiş hazırki iş üzrə cavabdeh həmin qətnamədən şikayət verməmiş və sözü gedən qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Hazırda inzibati orqan öhdəliyi icra etmədiyindən iddiaçı həmin əmlaka dair çıxarış ala bilmir və bu hüququ qanunsuz, əsassız olaraq məhdudlaşır. Hesab edir ki, məhkəmə bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq Gəncə şəhəri, Şota Rustaveli küçəsi, 38 saylı evin X5 adına qeydə alınaraq həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyini həmin orqanın üzərinə qoymalıdır. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsi, 38 saylı evin (torpaq sahəsi ilə birlikdə) X5 adına qeydə alınaraq həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 16 noyabr 2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 02 fevral 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, aparılan araşdırma zamanı, fərdi yaşayış evinə dair təqdim edilmiş sənədlərdə və Ərazi İdarəsinin arxiv məlumatlarında fərdi yaşayış evinin hüquq sahibləri barədə məlumatların tam olmadığı müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərdə hüquq sahiblərinin ata adları və soyadları qeyd edilməmişdir. Belə olan halda fərdi yaşayış evinin hüquq sahiblərinin təyin edilməsi mümkün olmamışdır. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 298 nömrəli məktubu, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-3341/2021 nömrəli qətnaməsi, Gəncə şəhəri Ş.Rustaveli küçəsi 38 nömrəli evdə yaşayan vətəndaşların yazılışında ötrü ev dəftərinin surəti, Gəncə şəhəri, Ş.Rustaveli küçəsində yerləşən 38 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair xx.xx.1942-ci il tarixli “Torpaq qeydi” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 nömrəli, xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktubları və xx.xx.2022-ci il tarixli, **********29 nömrəli etirazı təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, Ş.Rustaveli küçəsində yerləşən 38 saylı fərdi yaşayış evi və həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi Əliyev Rəhim, Əliyev Mövsüm, Əliyev Heydər, Əliyeva Leyla, Əliyev Xəlil, Əliyev Cəbrayıl, Əliyev Əli və Əliyeva Manyanın istifadəsinə verilmişdir. X9 xx.xx.1980-ci ildə vəfat etmiş, o öldükdən sonra miras əmlakı İddiaçı, X10 və X6 faktiki olaraq qəbul etmişdir. Yusif Əliyev xx.xx.1997-ci ildə ölmüş, o, öldükdən sonra isə həmin evdə onun arvadı X6 yaşamaqda davam etmişdir. İddiaçı qeyd olunan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi mübahisələndirilən torpaq sahəsi və fərdi yaşayış evinə dair təqdim edilmiş sənədlərdə və Ərazi İdarəsinin arxiv məlumatlarında fərdi yaşayış evinin hüquq sahibləri barədə məlumatların tam olmamasını qeyd etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-3341/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və X2 maraqlı şəxs (hazırki iş üzrə cavabdeh) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq xx.xx.1980-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Ş.Rustaveli küçəsində yerləşən 38 saylı miras evin (torpaq sahəsi ilə birlikdə) ərizəçilər İddiaçı və X6 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmuşdur. Həmin iş üzrə cavabdeh maraqlı şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, lakin Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 38 saylı evin torpaq sahəsi ilə birlikdə mərhum X7 məxsusluğu mübahisələndirilməmiş, qətnamə isə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)- 3341/2021 nömrəli qətnaməsində Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 38 saylı evin torpaq sahəsi ilə birlikdə mərhum X7 məxsusluğu öz təsdiqini tapdığından məhkəmə hazırda həmin faktı sübuta ehtiyac duymur. Məhkəmə qeyd edir ki, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 38 saylı evin torpaq sahəsi ilə birlikdə mərhum X7 məxsusluğunun əvvəlki iş üzrə mübahisələndirilməməsi öz-özlüyündə cavabeh orqanın imtinasının formal xarakter daşıdığını təsdiq edir. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tiklilər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət huququ, istifadə hüququ ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi mövcud qanunvericilik hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarını konkret olaraq sadalamış və dairəsini müəyyənləşdirmişdir. Həmin halların genişləndirici təfsir ilə dairəsinin artırılması hüququn müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsi, 38 saylı evin (torpaq sahəsi ilə birlikdə) X5 adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsi, 38 saylı evin (torpaq sahəsi ilə birlikdə) X5 adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar