Məhkəmə qərarları › İş №2-1(114)-234/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-234/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-234/2025 22.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin 19 mart 2021-cü il tarixli, **********145574 saylı, barəsində 442 985,42 manat əlavə vergi hesablanması və vergi qanunvericiliyinin pozulmasına görə 263 894,18 manat hesablanması və müəyyən edilmiş müddətdə vergi hesabatlarının təqdim edilməməsinə görə 240 manat maliyyə sanksiyası hesablanması haqqında Qərarının ləğv edilməsinə dair qərar qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********197692 saylı Qərarla "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsinə dair xx.xx.2021-ci il tarixli **********198072 №li səyyar vergi yoxlaması Aktı tərtib edilmiş və həmin akta uyğun olaraq 19 mart 2021-ci il tarixli "Vergi ödəyicisinin və sığorta edənin vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********145574 №-li Qərar qəbul edilmişdir. Qeyd edilən qərara əsasən Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində cəmiyyətə 442 985,42 manat əlavə vergi hesablanmış və vergi qanunvericiliyinin pozulmasına görə 263 894,18 manat hesablanmış və müəyyən edilmiş müddətdə vergi hesabatlarının təqdim edilməməsinə görə 240 manat maliyyə sanksiyası, tətbiq edilmişdir. İddiaçı qeyd edilmiş mübahisələndirilən qərarı əsasassız və qanunsuz hesab edir. **********198072 nömrəli "Səyyar vergi yoxlaması aktı"nda qeyd edilmiş əlavə hesablanmış vergi məbləğləri, həmçinin mütənasib olaraq hesablanmış maliyyə sanksiyalarının heç bir əsası yoxdur. Belə ki, Cəmiyyətin təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlaması zamanı yanacağın silgisi və vulkan külünün hasilatı barədə məlumatlar aydınlaşdırılması (dəqiqləşdirilməsi) ilə bağlı xüsusi bilik və təcrübə tələb olunduğundan Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasan səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanı tərəfindən qəbul edilmiş 01 aprel 2020-ci il tarixli **********198693 saylı qərarına əsasən, "xxxx" MMC ilə müqavilə bağlanmış və MMC ekspert (mütəxəssis) qismində yoxlamaya dəvət olunmuşdur. Yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən faktiki yoxlanılan müəssisə, dövr və məhsullar üzrə heç bir ekspertiza keçirilməsi barədə qərar qəbul etməmiş, yoxlama təyin olunduğu halda isə yoxlanılan şəxsi bu qərarla tanış etməmiş və onun Vergi Məcəlləsi ilə müəyyən olunan hüquqlarını ciddi şəkildə pozmuşdur. İddiaçı qeyd edir ki, cəmiyyətin fəaliyyəti ilə əlaqədar yoxlama aparılan zaman yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən yoxlanılan şəxsə bu barədə məlumat verməməklə Cəmiyyətin Vergi Məcəlləsi ilə nəzərdə tutulan hüquqları ciddi şəkildə pozulmuşdur. Belə ki, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanı tərəfindən yoxlanılan Cəmiyyətə münasibətdə vergitutma bazasının müəyyənləşdirilməsi səbəbilə mütəxəssis və ya ekspertin cəlb olunması ilə bağlı məlumat verilməmiş, mütəxəssis tərəfindən icraat zamanı Cəmiyyətin fikir və maraqları nəzərə alınmamış, qanunvericiliyin tələbi kobud şəkildə pozulmuşdur. Vergi orqanının müvafiq qərarı ilə təyin edilmiş və əldə edilmiş mütəxəssis rəyinin hazırlanması zamanı Cəmiyyətin hüquqları kobud şəkildə pozulmuş, mütəxəssis tərəfindən birtərəfli qaydada icraat aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi yoxlama nəticəsinə dair xx.xx.2021-ci il tarixli **********198072 №-li səyyar vergi yoxlaması Aktı tərtib edilmişdir. Vergi orqanı tərəfindən ekspert (mütəxəssis) qismində yoxlamaya dəvət olunmuş "xxxx" MMC-nin mütəxəssis rəyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 10 mart 2021-ci il tarixli **********091300 saylı məktubu ilə cəmiyyətə təqdim edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi vergi orqanı akt tartib etdikdən sonra mütəxəssis rəyini cəmiyyətə təqdim edir. Halbuki yuxarıda qeyd etdiyimiz vergi qanunvericiliyinin tələbinə əsasən həmin rəyin daha öncədən cəmiyyətə təqdim edilməli idi. Bundan başqa Cəmiyyətin istifadəsində olan və Ağstafa rayonunda yerləşən "Acıdərə" vulkan külü yatağının təsdiq edilmiş və qüvvədə olan "Dağmədən işlərinin inkişaf" planına uyğun olaraq illik istehsal gücü 20.000 (iyirmi min) ton olduğu halda mütəxəssis tərəfindən hansısa üsulla hasil edilmiş vulkan külünün həcmi illik 22 158.5 kub.m., yəni 33 237.75 ton olduğu qeyd edilmişdir. Yatağın istehsal gücündən 66%-dən da çox hasilatın hansı məntiq ilə hesablandığı bizim üçün bu gündə sirr olaraq qalır. Digər tərəfdən qeyd etmək istərdik ki, dağ-mədən işləri zamanı, faydalı qazıntıları hasilatı işləri görən müəssisə tərəfindən faydalı qazıntı, Cəmiyyətin simasında vulkan külü hasil edən müəssisə dağdan vulkan külünü hasil edilib anbarlarda saxlanılmır. Sözügedən məhsul üzrə sifariş əsasında vulkan külü hasil edilir və birbaşa alıcıya göndərilir. Bundan başqa qeyd etmək zəruridir ki, vulkan külü məhsulu spesifik məhsuldur və bu məhsulun tədarükçüləri sayca çox az olmaqla yanaşı hər biri kifayət qədər ciddi müəssisələrdir və onlar tərəfindən tədarük edilən məhsullar qanunvericiliyin tələblərinə çox ciddi şəkildə riayət edilməklə sənədləşdirilir. Hamıya aydındır ki, vulkan külü məhsulu kütləvi istehlak məhsulu deyil və qeyd edilən məhsulun pərakəndə qaydada təqdim edilməsi və digər formada satışı hər hansı bir vergidən yayınma predmeti ola bilməz. Bütün bunları nəzərə alaraq, mütəxəssisin rəyi və səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanı tərəfindən təkcə vulkan külünün "qeyri-müəyyən" hasilatı və ondan formalaşan "anbar qalığı"nın mövcud olmaması nəticəsində absurd şəkildə 2017-ci il üzrə 339 632.10 manat, 2018-ci il üzrə 52 833.09 manat və 2019-cu il üzrə 145 028.03 manat, toplam yoxlanılan dövr üzrə 537 493.22 manat "büdcədən yayındırılmış" ƏDV-siz dövriyyə müəyyən edilmiş və mütənasib olaraq ƏDV məbləği və VM-nin 58-ci maddəsinə əsasən maliyyə sanksiyası hesablanmışdır. Eyni zamanda, mütəxəssis rəyinə əsasən hasil edilmiş, lakin təqdim edilməmiş və hətta mövcud olmamış yoxlanılan dövr ərzində illər üzrə vulkan külünün satışı Cəmiyyətin mənfəət vergisi məqsədləri üçün gəlirlərinə daxil edilmiş və mənfəət vergisi hesablanmışdır. Lakin maraqlı məsələ ondan ibarətdir ki, "əskik gələn" vulkan külü yalnız 2017 və 2018-ci illər üçün Cəmiyyətin mənfəət vergisi məqsədləri üçün gəlirlərinə daxil edilmiş, amma 2019-cu il üzrə isə səyyar vergi yoxlaması aktında bu barədə qeyd aparılmamış və gəlirlərə aid edilməmişdir. Yəni, hər il üzrə fərqli yanaşmanın nə ilə bağlı olması da məchul olaraq qalır. Bundan başqa, vulkan külünün hasilatı üzrə müvafiq ölçmələr aparan zaman faktiki olaraq hasilatın aparıldığı yataqda ölçmələrin aparılması tarixinə yatağın istismar tarixindən 9 (doqquz) il ötməsinə baxmayaraq mütəxəssis rəyində toplam hasilat 8 (səkkiz) ilə bölünməklə illik hasilat tapılmışdır. Bununla da, növbəti təhrif edilmiş məlumatlar formalaşmışdır. Digər bir sual isə ondan ibarətdir ki, mütəxəssis tərəfindən verilmiş xətalı rəyə, təhrif edilmiş rəqəmlərə səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının yoxlayıcıları tərəfindən baxılmamışdır. Çünki, istər az, istərsə də çox, yəni "Bəhrəmtəpə-Bakı" istiqamətində yürüş məsafəsinin 5.10 km olaraq, "HOLCİM- QARADAĞ" istiqamətinin isə 98 km olaraq qeyd edilməsi və bu rəqəmlərin dürüstlüyünü təyin etmək üçün xüsusi bilik və bacarıq tələb edilmir. Əlavə olaraq ən vacib məsələ mütəxəssis rəyində daşımalar üzrə yürüş məsafəsi və yanacaq sərfiyyatı bir tərəf üçün hesablanmışdır. Belə olan halda, yaranan sual və tapılmayan cavab ondan ibarətdir ki, məsələn, Bakı-Qazax istiqamətində yük daşıyan nəqliyyat vasitəsi geri hansı üsulla yanacaq sərf etmədən qayıtmışdır. Əgər hər hansı nəqliyyat vasitəsi bir məntəqədən digər məntəqəyə yük daşıyırsa, o, çıxdığı məntəqəyə geri qayıtmalıdır. Bəzi hallarda həmin nəqliyyat vasitəsi getdiyi məntəqədən yük ilə, bəzi hallarda digər məntəqəyə getmək və oradan yük götürməklə, bəzi hallarda isə tamamilə boş şəkildə ilk məntəqəyə geri qayıdır. Qeyd edilmiş bu məsələ daşıma fəaliyyətinin xüsusiyyətidir. Eyni qaydada, son qeyd edilmiş məsələdən xəbərdar olmaq və nəzərə almaq xüsusi bilik və bacarıq tələb etmir və istər mütəxəssis olaraq bir rəyi formalaşdıran, istərsə də həmin rəy üzrə vergi hesablayan yoxlayıcının nəzərə almaması absurddur. Bu formada absurd və yalnış mütəxəssis rəyinə və həmçinin yoxlayıcıların yalnış yanaşması nəticəsində yoxlama aparılan dövrün sonuna 1.054.038,26 manat (ƏDV-siz) məbləğində yanacaq qalığı müəyyən edilmiş və mütənasib olaraq 189 726.89 manat "büdcəyə çatası" ƏDV məbləği və 94 863.44 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı yoxlayıcılar tərəfindən bilavasitə cəmiyyətdə yoxlama ilə əhatə olunan dövrlər üzrə vergilərin hesablanmasının və büdcəyə ödənilməsinin düzgünlüyü ilkin sənədlərlə diqqətlə yoxlanılmışdır. Bununla vergi orqanı yuxarıda qeyd edilənləri əsas gətirərək "xxxx" MMC-yə 442 985,42 manat əlavə vergi hesablamış və vergi qanunvericiliyinin pozulmasına görə 263 894,18 manat və müəyyən edilmiş müddətdə vergi hesabatlarının təqdim edilməməsinə görə 240 manat maliyyə sanksiyası tətbiq etmişdir. Bundan başqa vergi orqanı tərəfindən tərtib edilmiş 19 mart 2021-ci il tarixli, "Vergi ödəyicisinin və sığorta edənin vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********145574 №-li Qərarı rəsmi qaydada "xxxx" MMC-yə təqdim edilməmişdir. Belə ki, vergi ödəyicisinin onlayn kargüzarlıq bölməsində və digər formada yuxarıda qeyd edilən qərar bizə təqdim edilməmişdir. 26 sentyabr 2023-cü il tarixdə vergi orqanına təkidli müraciətimizdən sonra xx.xx.2023-cü il tarixdə 19 mart 2021-ci il tarixli Qərar bizə rəsmi qaydada təqdim edilmişdir. Beləliklə, cavabdehlə aralarında olan mübahisənin məhkəmdənkənar qaydada həll etmək bir nəticə vermədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş vəsatətdə göstərilmişdir ki, Uçot-baza məlumatlarına əsasən "xxxx" MMC 30 oktyabr 1997-ci il tarixdən əsas fəaliyyət növünün yük avtomobil nəqliyyatlarının fəaliyyəti olmaqla uçota alınmış və 02 iyul 2001-ci il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. RE Məlumat üçün bildiririk ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 27 fevral 2020-ci il tarixli **********197692 saylı qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, 25 yanvar 2021-ci il tarixli **********198072 saylı aktı tərtib olunmuş və 19 mart 2021-ci il tarixli **********145574 saylı məsuliyyət qərarı qəbul edilmişdir (yoxlanılan dövr: yanvar 2017 - dekabr 2019). 4 saylı Ərazi Vergilər İdarəsinin 19 mart 2021-ci il tarixli, **********145574 saylı "Vergi ödəyicisi və ya sığortaedənin vergi qanunvericiliyinin və ya İcbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarı 19 mart 2021-ci il tarixli **********823600 saylı bildirişlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron qutusuna göndərilmiş, elektron qutuda isə müvafiq olaraq 20 mart 2021-ci il tarixdə saat 21:04-də oxunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "19 mart 2021-ci il tarixli **********145574 saylı "Vergi ödəyicisi və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarı 20 mart 2021-ci il tarixdə rəsmi qaydada almış və bu səbəbdən şikayət vermə müddətini ötürmüşdür. "Chinar Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili 20 fevral 2024-cü il tarixdə məhkəməyə müraciət edərək 14 saylı Ərazi Vergilər İdarəsinin "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 19 mart 2021-ci il tarixli **********145574 saylı Qərarı iddiaçıya 05 oktyabr 2023-cü il tarixədək təqdim edilmədiyindən şikayət vermək üçün nəzərdə tutulmuş müddəti ötürmədiklərini bildirmişdir. Bununla bağlı bildirirəm ki, İddiaçı tərəfindən 11 yanvar 2021-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 27 fevral 2020-ci il tarixli **********197692 saylı Qərarın və 25 yanvar 2021-ci il tarixli **********198072 saylı "Səyyar vergi yoxlaması Aktın" qeyri-qanuni olduğu barədə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinə etiraz ünvanlamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, cavabdeh orqan tərəfindən qərar iddiaçı tərəfə rəsmi qaydada təqdim edilməmiş, elektron kabinetə yerləşdirilməmişdir. Bu səbəbdən də iddia verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Həmçinin bildirmişdir ki, hazırda Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və hazırda iddiaçı tərəfindən mübahisələndirilmişdir.Əlavə olaraq qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli qərar ləğv olunduğu təqdirdə hazırda iddiaçı tərəfində mübahisələndirilən qərar öz qüvvəsini saxlayacaqdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir, hüquqi ünvanı Ağstafa rayonu, Dağ Kəsəmən ünvanıdır, dövlət qeydiyyatına alındığı tarix xx.xx.2006-ci ildir. Qanuni təmsilçisi X2r. - İddiaçı tərəfindən məhkəmə araşdırmasına və ekspertiza tədqiqatına mübahisə ilə bağlı aidiyyəti sənədlər (elektron qiamələr, müqavilələr, təqdim edilmiş iş və xidmətlərin siyahısı, şəxsi hesab vərəqəsindən çıxarış və s.) təqdim edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş vəsatətdə qeyd edilən iddiaçının şikayət vermə müddətinin ötürülməsi ilə bağlı məhkəmə qeyd edir ki, sözügedən qərar Cəmiyyətin rəsmi qaydada müraciəti əsasında xx.xx.2023cü il tarixdə təqdim edilmişdir. “Elektron imza və elektron sənəd haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1.1.5- ci maddəsinə əsasən imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza gücləndirilmiş elektron imzadır. Həmin Qanunun 1.1.10-cu maddəsinə əsasən elektron imzanın həqiqiliyi dedikdə elektron imzam yoxlama məlumatları vasitəsilə yoxlanılan elektron imzanın sahibinə məxsus olmasının, imzanın əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünün, dəyişdirilmədiyinin və təhrif edilmədiyinin təsdiqi nəzərdə tutulur. Qeyd olunan Qanunun 1.1.9-cu maddəsinə əsasən elektron imza yoxlama məlumatları isə elektron imzanın həqiqiliyini yoxlamaq üçün istifadə edilən kod və ya kriptoqrafik açardan ibarət olan və elektron imza yaratma məlumatlarına uyğun təkrarolunmaz verilənlərdir. Maddənin tələbindən də göründüyü kimi elektron imzanın həqiqiliyi həm QR kod kodla, həm də kriptoqrafik açarla müəyyən edilir. Hazırki, iş üzrə isə cavabdeh tərəfindən "Vergi ödəyicisinin və sığorta edənin vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********145574 №-li Qərarda nə imzalanmış sənədlərdə onun həqiqətən də “ASAN” imza ilə imzalandığını təsdiq edən QR kod, nə də kriptoqrafik açar mövcüd deyildir. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən qərarın 20 mart 2021-ci il tarixdə, saat 21:04-də oxuduğunu iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən "İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü iləəlavə sübutlar toplamağa borcludur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ağstafa rayonunda yerləşən “Acıdərə” vulkan külü yatağının təsdiq edilmiş və qüvvədə olan “Dağ-mədən işlərinin inkişaf” planına uyğun olaraq illik istehsal gücü 20.000 (iyirmi min) ton olduğu halda mütəxəssis tərəfindən vulkan külünün həcmi illik 22 158.5 kub.m., yəni 33 237.75 ton olduğu qeyd edilmişdir. Digər tərəfdən dağ-mədən işləri zamanı, faydalı qazıntıları hasilatı işləri görən müəssisə tərəfindən faydalı qazıntı, Cəmiyyətin simasında vulkan külü hasil edən müəssisə dağdan vulkan külünü hasil edilib anbarlarda saxlanılmır. Sözügedən məhsul üzrə sifariş əsasında vulkan külü hasil edilir və birbaşa alıcıya göndərilir. Bundan başqa qeyd etmək zəruridir ki, vulkan külü məhsulu spesifik məhsuldur və bu məhsulun tədarükçüləri sayca çox az olmaqla yanaşı hər biri kifayət qədər ciddimüəssisələrdir və onlar tərəfindən tədarük edilən məhsullar qanunvericiliyin tələblərinə çox ciddişəkildə riayət edilməklə sənədləşdirilir. Hamıya aydındır ki, vulkan külü məhsulu kütləvi istehlak məhsulu deyil və qeyd edilən məhsulun pərakəndə qaydada təqdim edilməsi və digər formada satışı hər hansı bir vergidən yayınma predmeti ola bilməz. Bütün bunları nəzərə alaraq, mütəxəssisin rəyi və səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanı tərəfindən təkcə vulkan külünün “qeyrimüəyyən” hasilatı və ondan formalaşan “anbar qalığı”nın mövcud olmaması nəticəsində 2017-ci il üzrə 339 632.10 manat, 2018-ci il üzrə 52 833.09 manat və 2019-cu il üzrə 145 028.03 manat, toplam yoxlanılan dövr üzrə 537 493.22 manat “büdcədən yayındırılmış” ƏDV-siz dövriyyə müəyyən edilmiş və mütənasib olaraq ƏDV məbləği və VM-nin 58-ci maddəsinə əsasən maliyyə sanksiyası hesablanmışdır. Eyni zamanda, mütəxəssis rəyinə əsasən hasiledilmiş, lakin təqdim edilməmiş və hətta mövcud olmamış yoxlanılan dövr ərzində illər üzrə vulkan külünün satışı Cəmiyyətin mənfəət vergisi məqsədləri üçün gəlirlərinə daxil edilmiş və mənfəət vergisi hesablanmışdır. Lakin “əskik gələn” vulkan külü yalnız 2017 və 2018-ci illər üçün Cəmiyyətin mənfəət vergisi məqsədləri üçün gəlirlərinə daxil edilmiş, amma 2019-cu il üzrə isə səyyar vergi yoxlaması aktında bu barədə qeyd aparılmamış və gəlirlərə aid edilməmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, hər il üzrə fərqli yanaşma mövcud olmuşdur. Həmçinin, vulkan külünün hasilatı üzrə müvafiq ölçmələr aparan zaman faktiki olaraq hasilatın aparıldığı yataqda ölçmələrin aparılması tarixinə yatağın istismar tarixindən 9 (doqquz) il ötməsinə baxmayaraq mütəxəssis rəyində toplam hasilat 8 (səkkiz) ilə bölünməklə illik hasilat tapılmışdır. Bununla da, növbəti təhrif edilmiş məlumatlar formalaşmışdır. Bunda başqa məhkəmə qeyd edir ki, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanı tərəfindən təyin edilmiş mütəxəssis qarşısında qoyulmuş suallardan biri dövr ərzində Cəmiyyətin təsərrüfat fəaliyyətində sərf etdiyi yanacağın silgi normaların cavablandırılması zamanı mütəxəssis tərəfindən hazırlanmış cədvəldə yük daşımalar üzrə məntəqələr arasında yürüş məsafəsi düzgün qeyd edilməmişdir. Buna baxmayaraq vergi orqanı həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin məhkəmə qeyd edir ki, mütəxəssis rəyində daşımalar üzrə yürüş məsafəsi və yanacaq sərfiyyatı bir tərəf üçün hesablanmışdır. Belə ki, əgər hər hansı nəqliyyat vasitəsi bir məntəqədən digər məntəqəyə yük daşıyırsa, o, çıxdığı məntəqəyə geri qayıtmalıdır. Bəzi hallarda həmin nəqliyyat vasitəsi getdiyi məntəqədən yük ilə, bəzi hallarda digər məntəqəyə getmək və oradan yük götürməklə, bəzi hallarda isə tamamilə boş şəkildə ilk məntəqəyə geri qayıdır. Qeyd edilmiş bu məsələ daşıma fəaliyyətinin xüsusiyyətidir. Lakin qeyd edilən hal nə mütəxəssi tərfindən nə də cavabdeh tərəfindən nəzərə alınmamışdır. Cavabdeh isə mütəxəssis rəyinə əsaslanaraq 1.054.038,26 manat (ƏDV-siz) məbləğində yanacaq qalığımüəyyən edilmiş və mütənasib olaraq 189 726.89 manat “büdcəyə çatası” ƏDV məbləği və 94 863.44 manat maliyyə sanksiyası hesablanmışdır. Bununla vergi orqanı yuxarıda qeyd edilənləri əsas gətirərək İddiaçı MMC-yə 442 985,42 manat əlavə vergi hesablamış və vergi qanunvericiliyinin pozulmasına görə 263 894,18 manat və müəyyən edilmiş müddətdə vergi hesabatlarının təqdim edilməməsinə görə 240 manat maliyyə sanksiyası tətbiq etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi : 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. .... 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.5. İnventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır: -38.5.1. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə; -38.5.2. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; -38.5.3. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə; -38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda. 38.6. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. ... Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. VM-də nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Həmin Məcəllənin 71.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 70.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 70.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb.ola bilən; 70.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə müvafiq olaraq vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 71.4-cü maddəsinə görə, mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən dəvət edilmiş mütəxəssis vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər və həmin tarixli **********198693 nömrəli qərarı əsasında rəy verib, vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin, mütəxəssis rəyin verilməsində Cəmiyyətin Vergi Məcəlləsi ilə qorunan hüquqları pozulmuşdur. Belə ki, vergi orqanı tərəfindən yoxlamanın aparılması ilə bağlı cəmiyyətə hər hansı bir məlumat verilməmiş, mütəxəssisin cəlb olunması ilə bağlı cəmiyyətin maraqları nəzərə alınmamışdır. Bununla da "xxxx" MMC-nin AR Vergi Məcəlləsinin 44-cü maddəsi ilə qorunan hüquqları pozulmuşdur. AR Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir və ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. Vergi Məcəlləsinin 44.7-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək, ekspertin rəyi ilə tanış olmaq hüquqları vardır. Məhkəmə araşdırması zamanı isə məlum olmuşdur ki, mütəxəssisin dəvət olunmasından və xx.xx.2020-ci il tarixli, **********02333000 nömrəli mütəxəssis rəyindən Cəmiyyətin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********091300 saylı məktubundan sonra məlumatı olmuşdur. Məhkəmə qeyd edir ki, cavadeh orqan, məhkəmə araşdırması zamanı iddia ərizəsində göstərilən dəlillərin doğru olmadığını sübuta yetirə bilməmiş və buna dair hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən 19 mart 2021-cü il tarixli, **********145574 saylı, barəsində 442 985,42 manat əlavə vergi hesablanması və vergi qanunvericiliyinin pozulmasına görə 263 894,18 manat hesablanması və müəyyən edilmiş müddətdə vergi hesabatlarının təqdim edilməməsinə görə 240 manat maliyyə sanksiyası hesablanması haqqında qərarı qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş 19 mart 2021-cü il tarixli, **********145574 "Vergi ödəyicisinin və sığorta edənin vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar