Məhkəmə qərarları › İş №2-1(114)-2343/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2343/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2343/2025 04.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi qarşı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövltə Kadastrı kitabında xx.xx.2008-ci il tarixli 658 nömrə ilə qeydiyyata alınmış A 030034 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı qərarı və “Bahar” BYB-nin xx.xx.1989-cu il tarixli 43 saylı protokoluna əsasən X5 bağ ei tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair X3 adına xx.xx.2008-ci il tarixli A 030034 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

2. Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/2-V-36-1222/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Kadastrı kitabında xx.xx.2008-ci il tarixli 658 nömrə ilə qeydiyyata alınmış A ******* seriyalı Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməyi tövsiyə olunur.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-R-00xx-xx/2025 nömrəli məktubunda bildirilmişdir ki, AN-030034 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunduğu kimi aidiyyəti üzrə məhkəməyə müraciət etməyi qanunamüvafiq hesab olunur. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Kadastrı kitabında xx.xx.2008-ci il tarixli 658 nömrə ilə qeydiyyata alınmış A №030034 seriyalı Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsini rəhmətlik X3 vərəsəsi X2 etibarnamə ilə almışdır. Bu torpaq 15 ildir ki, onun istifadəsindədir. Bu barədə heç bir mübahisə yoxdur. Rəhmətliyin ailə üzvləri hamısı mirası qəbul etməkdən imtina barədə ərizə təqdim ediblər. Lakin kadastr hələ də X3 adında qaldığı üçün əmlakını rəsmiləşdirə bilmir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəşəkmə Komitəsinin Dövlət Kadastrı kitabında xx.xx.2008-ci il tarixli 658 nömrə ilə qeydiyyata alınmış A № 030034 seriyalı Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdeh məktub təqdim edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişdir.

6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi ilə əvəz edilmişdir. III. Prosessual məsələlər

7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək məhkəmə hazırlıq iclası ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

8. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.

9. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

10. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

11. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, sözügedən torpaq sahəsini mərhum X1 vərəsəsi X2 qeyri-rəsmi qaydada satın almışdır. Hazırda həmin torpaq sahəsinə dair X3 adına tərtib edilmiş AN-030034 saylı torpaq sahəsinin planı və ölçü sənədi mövcud olduğundan həmin torpaq sahəsinin onun adına qeydə alınmasından imtina edilir.

12. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi ilə eyni məzmunlu müraciəti 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olmamışdır. X1 vərəsəsi X4 X5 məxsus Gəncə şəhərində yerləşən torpaq sahəsinə əsasən verilmiş AN-030034 saylı torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi barədə 3-21-3-33/1-R-00xx-xx/2025 saylı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. AN-030034 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunduğu kimi aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Əlavə olaraq bildirilir ki, Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11 saylı qərarına və “Bahar” BYB-nin xx.xx.1989-cu il tarixli, 43 saylı protokoluna əsasən, 400 kv.m torpaq sahəsinə dair ləğv edilmiş DT və XK tərəfindən X3 adına A№ 030034 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi tərtib edilmişdir. “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsinə əsas olmuş sənədlər Kirovabad şəhər XDS İK tərəfindən verilmişdir. Hal-hazırda həmin qrumun hüquqi varisi İcra Hakimiyyətidir. Həmin sənədlər ləğv edilmədiyinə görə “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi barədə müraciətin icrası mümkün olmamışdır. Bu səbəbdən tərəflərindən ərizənin icrası mümkün olmamış və X1 vərəsəsi X6 xx.xx.2025-ci il tarixli, 3-21-3- 3/2-R-00xx-xx/2025 nömrəli cavab məktubu ünvanlanmışdır.

Əsaslandırma hissəsi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

14. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

15. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı qərarı və “Bahar” BYB-nin xx.xx.1989-cu il tarixli 43 saylı protokoluna əsasən X5 bağ ei tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair X3 adına xx.xx.2008-ci il tarixli A 030034 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

16. Hazırda iddiaçı X7 həmin torpaq sahəsinin ona məxsus olduğunu əsas gətirərək, xx.xx.2008-ci il tarixli A 030034 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv olunmasını tələb edir.

17. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

18. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

19. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

20. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

21. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi üçün, yəni mübahisəli torpaq sahəsinin ona məxsus olmasını iddia edə bilməsi üçün ilk növbədə hüquqmüəyyənedici sənədləri mövcud olmalıdır ki, həmin torpaq sahəsinin ona məxsus olması halı müəyyən edilə bilinsin.

22. Lakin iddiaçının sözügedən torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur.

23. Hüquqmüəyyənedici sənəd dedikdə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.

24. Həmin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Məhz həmin sənədlərə malik şəxslər daşınmaz əmlaka hüquq sahibi sayıla bilərlər.

25. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

26. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

27. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

28. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2008-ci il tarixli 658 nömrə ilə qeydiyyata alınmış A ******* seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədi Kirovabad şəhər XDS İKnin xx.xx.1988-ci il tarixli 11 saylı qərarı və “Bahar” BYB-nin xx.xx.1989-cu il tarixli 43 saylı protokoluna əsasən verilmişdir. Nə qədər ki, həmin qərarlar ləğv olunmamışdır və qüvvədədir, həmin qərarların əsasında tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi də mümkün deyildir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar